Surə 10 Yunus, ayə 75 – 92

  1. ثُمَّ بَعَثْنَا مِنْ بَعْدِهِمْ مُوسَىٰ وَهَارُونَ إِلَىٰ فِرْعَوْنَ وَمَلَئِهِ بِآيَاتِنَا فَاسْتَكْبَرُوا وَكَانُوا قَوْمًا مُجْرِمِينَ

    Sonra onların arxasınca Musanı və Harunu Fironun və onun əyanlarının yanına açıq-aydın dəlillərimizlə elçi göndərdik, lakin onlar təkəbbürlük göstərdilər. Onlar günahkar bir tayfa idilər.

    10:75
  2. فَلَمَّا جَاءَهُمُ الْحَقُّ مِنْ عِنْدِنَا قَالُوا إِنَّ هَٰذَا لَسِحْرٌ مُبِينٌ

    Onlara Bizim tərəfimizdən haqq gəldikdə: «Şübhəsiz ki, bu, açıq-aydın bir sehrdir!» – dedilər.

    10:76
  3. قَالَ مُوسَىٰ أَتَقُولُونَ لِلْحَقِّ لَمَّا جَاءَكُمْ ۖ أَسِحْرٌ هَٰذَا وَلَا يُفْلِحُ السَّاحِرُونَ

    Musa dedi: «Əcəba, sizə haqq gəldikdə: «Bu sehrdirmi?» – deyirsiniz? Halbuki sehrbazlar uğur qazanmazlar».

    10:77
  4. قَالُوا أَجِئْتَنَا لِتَلْفِتَنَا عَمَّا وَجَدْنَا عَلَيْهِ آبَاءَنَا وَتَكُونَ لَكُمَا الْكِبْرِيَاءُ فِي الْأَرْضِ وَمَا نَحْنُ لَكُمَا بِمُؤْمِنِينَ

    Onlar dedilər: «Gəlmisiniz ki, bizi atalarımızın tutduğu yoldan döndərəsiniz və yer üzündə böyüklük etmək ikinizə qalsın? Biz sizə iman gətirən deyilik».

    10:78
  5. وَقَالَ فِرْعَوْنُ ائْتُونِي بِكُلِّ سَاحِرٍ عَلِيمٍ

    Firon dedi: «Bütün bilikli sehrbazları yanıma gətirin!»

    10:79
  6. فَلَمَّا جَاءَ السَّحَرَةُ قَالَ لَهُمْ مُوسَىٰ أَلْقُوا مَا أَنْتُمْ مُلْقُونَ

    Sehrbazlar gəldikdə Musa onlara dedi: «Nə atacaqsınızsa, atın!»

    10:80
  7. فَلَمَّا أَلْقَوْا قَالَ مُوسَىٰ مَا جِئْتُمْ بِهِ السِّحْرُ ۖ إِنَّ اللَّهَ سَيُبْطِلُهُ ۖ إِنَّ اللَّهَ لَا يُصْلِحُ عَمَلَ الْمُفْسِدِينَ

    Onlar (əllərindəki ipləri və dəyənəkləri) atdıqda Musa dedi: «Sizin gördüyünüz iş sehrdir. Həqiqətən, Allah onu boşa çıxaracaq. Çünki Allah fitnə-fəsad törədənlərin işini düzəltməz».

    10:81
  8. وَيُحِقُّ اللَّهُ الْحَقَّ بِكَلِمَاتِهِ وَلَوْ كَرِهَ الْمُجْرِمُونَ

    Günahkarlar istəməsələr də Allah Öz kəlmələri ilə haqqı bərqərar edəcək.

    10:82
  9. فَمَا آمَنَ لِمُوسَىٰ إِلَّا ذُرِّيَّةٌ مِنْ قَوْمِهِ عَلَىٰ خَوْفٍ مِنْ فِرْعَوْنَ وَمَلَئِهِمْ أَنْ يَفْتِنَهُمْ ۚ وَإِنَّ فِرْعَوْنَ لَعَالٍ فِي الْأَرْضِ وَإِنَّهُ لَمِنَ الْمُسْرِفِينَ

    Firon və onun əyanları tərəfindən özlərinə işgəncə veriləcəyindən qorxaraq Musaya öz qövmündən yalnız azsaylı bir nəsil iman gətirdi. Həqiqətən də, Firon yer üzündə qəddar hakim və həddi aşanlardan idi.

    10:83
  10. وَقَالَ مُوسَىٰ يَا قَوْمِ إِنْ كُنْتُمْ آمَنْتُمْ بِاللَّهِ فَعَلَيْهِ تَوَكَّلُوا إِنْ كُنْتُمْ مُسْلِمِينَ

    Musa dedi: «Ey qövmüm! Əgər Allaha iman gətirmişsinizsə və müsəlman olmuşsunuzsa, Ona təvəkkül edin!»

    10:84
  11. فَقَالُوا عَلَى اللَّهِ تَوَكَّلْنَا رَبَّنَا لَا تَجْعَلْنَا فِتْنَةً لِلْقَوْمِ الظَّالِمِينَ

    Onlar dedilər: «Biz ancaq Allaha təvəkkül edirik. Ey Rəbbimiz! Bizi zalım qövmün əlində sınağa çəkmə!

    10:85
  12. وَنَجِّنَا بِرَحْمَتِكَ مِنَ الْقَوْمِ الْكَافِرِينَ

    Və bizi Öz mərhəmətinlə kafir qövmün əlindən qurtar!»

    10:86
  13. وَأَوْحَيْنَا إِلَىٰ مُوسَىٰ وَأَخِيهِ أَنْ تَبَوَّآ لِقَوْمِكُمَا بِمِصْرَ بُيُوتًا وَاجْعَلُوا بُيُوتَكُمْ قِبْلَةً وَأَقِيمُوا الصَّلَاةَ ۗ وَبَشِّرِ الْمُؤْمِنِينَ

    Biz Musaya və onun qardaşına: «Camaatınız üçün Misirdə evlər hazırlayın, evlərinizi namazgah edin və namaz qılın. Möminləri müjdələ!» – (deyə) vəhy etdik.

    10:87
  14. وَقَالَ مُوسَىٰ رَبَّنَا إِنَّكَ آتَيْتَ فِرْعَوْنَ وَمَلَأَهُ زِينَةً وَأَمْوَالًا فِي الْحَيَاةِ الدُّنْيَا رَبَّنَا لِيُضِلُّوا عَنْ سَبِيلِكَ ۖ رَبَّنَا اطْمِسْ عَلَىٰ أَمْوَالِهِمْ وَاشْدُدْ عَلَىٰ قُلُوبِهِمْ فَلَا يُؤْمِنُوا حَتَّىٰ يَرَوُا الْعَذَابَ الْأَلِيمَ

    Musa dedi: «Ey Rəbbimiz! Sən Firona və onun əyanlarına dünya həyatında zinət və mal-dövlət bəxş etdin. Ey Rəbbimiz! Onlar (insanları) Sənin yolundan sapdırırlar. Ey Rəbbimiz! Onların mal-dövlətini məhv et, qəlblərini də sərtləşdir ki, ağrılı-acılı əzabı görməyincə iman gətirməsinlər».

    10:88
  15. قَالَ قَدْ أُجِيبَتْ دَعْوَتُكُمَا فَاسْتَقِيمَا وَلَا تَتَّبِعَانِّ سَبِيلَ الَّذِينَ لَا يَعْلَمُونَ

    (Allah) dedi: «Hər ikinizin duası qəbul olundu. (Dəvətinizdə) möhkəm olun və nadanların yoluna uymayın!»

    10:89
  16. وَجَاوَزْنَا بِبَنِي إِسْرَائِيلَ الْبَحْرَ فَأَتْبَعَهُمْ فِرْعَوْنُ وَجُنُودُهُ بَغْيًا وَعَدْوًا ۖ حَتَّىٰ إِذَا أَدْرَكَهُ الْغَرَقُ قَالَ آمَنْتُ أَنَّهُ لَا إِلَٰهَ إِلَّا الَّذِي آمَنَتْ بِهِ بَنُو إِسْرَائِيلَ وَأَنَا مِنَ الْمُسْلِمِينَ

    Biz İsrail oğullarını dənizdən keçirtdik. Firon və onun qoşunu zülm və düşmənçilik məqsədilə onları təqib etdilər. Nəhayət (Firon) (dənizdə) batdığı vaxt dedi: «İsrail oğullarının iman gətirdiklərindən başqa məbud olmadığına inandım. Mən də müsəlmanlardanam!»

    10:90
  17. آلْآنَ وَقَدْ عَصَيْتَ قَبْلُ وَكُنْتَ مِنَ الْمُفْسِدِينَ

    (Firona deyildi:) «İndimi? Sən ki əvvəllər asilik etmiş və fəsad törədənlərdən olmuşdun.

    10:91
  18. فَالْيَوْمَ نُنَجِّيكَ بِبَدَنِكَ لِتَكُونَ لِمَنْ خَلْفَكَ آيَةً ۚ وَإِنَّ كَثِيرًا مِنَ النَّاسِ عَنْ آيَاتِنَا لَغَافِلُونَ

    Bu gün sənin bədənini xilas edəcəyik [sahilə çıxaracağıq] ki, səndən sonra gələnlərə ibrət olasan». Həqiqətən də, insanların çoxu ayələrimizdən xəbərsizdir.

    10:92

Tərcümə: Əlixan Musayev