Surə 11 Hud, ayə 36 – 49

  1. وَأُوحِيَ إِلَىٰ نُوحٍ أَنَّهُ لَنْ يُؤْمِنَ مِنْ قَوْمِكَ إِلَّا مَنْ قَدْ آمَنَ فَلَا تَبْتَئِسْ بِمَا كَانُوا يَفْعَلُونَ

    Nuha belə vəhy olundu: «Qövmündən, daha əvvəl iman gətirənlər istisna olmaqla artıq heç kəs iman gətirməyəcək. Elə isə onların etdikləri əməllərə görə kədərlənmə.

    11:36
  2. وَاصْنَعِ الْفُلْكَ بِأَعْيُنِنَا وَوَحْيِنَا وَلَا تُخَاطِبْنِي فِي الَّذِينَ ظَلَمُوا ۚ إِنَّهُمْ مُغْرَقُونَ

    Gözlərimizin önündə və vəhyimiz üzrə gəmini düzəlt. Zalım olanlardan ötrü Mənə müraciət etmə. Şübhəsiz ki, onlar (suda) batırılacaqlar».

    11:37
  3. وَيَصْنَعُ الْفُلْكَ وَكُلَّمَا مَرَّ عَلَيْهِ مَلَأٌ مِنْ قَوْمِهِ سَخِرُوا مِنْهُ ۚ قَالَ إِنْ تَسْخَرُوا مِنَّا فَإِنَّا نَسْخَرُ مِنْكُمْ كَمَا تَسْخَرُونَ

    (Nuh) gəmini düzəldir, qövmünün zadəganları isə hər dəfə yanından keçdikcə onu ələ salırdılar. O isə deyirdi: «Əgər siz bizi ələ salırsınızsa, biz də sizi, siz bizi ələ saldığınız kimi ələ salacağıq.

    11:38
  4. فَسَوْفَ تَعْلَمُونَ مَنْ يَأْتِيهِ عَذَابٌ يُخْزِيهِ وَيَحِلُّ عَلَيْهِ عَذَابٌ مُقِيمٌ

    Siz rüsvayedici əzabın kimə gələcəyini və daimi əzabın kimə üz verəcəyini mütləq biləcəksiniz».

    11:39
  5. حَتَّىٰ إِذَا جَاءَ أَمْرُنَا وَفَارَ التَّنُّورُ قُلْنَا احْمِلْ فِيهَا مِنْ كُلٍّ زَوْجَيْنِ اثْنَيْنِ وَأَهْلَكَ إِلَّا مَنْ سَبَقَ عَلَيْهِ الْقَوْلُ وَمَنْ آمَنَ ۚ وَمَا آمَنَ مَعَهُ إِلَّا قَلِيلٌ

    Nəhayət, əmrimiz gəldiyi və təndir qaynayıb daşdığı zaman Biz (Nuha) dedik: «(Heyvanların) hər növündən bir cüt, barələrində söz keçmiş kəslər istisna olmaqla, öz ailəni və bir də iman gətirənləri gəmiyə mindir». (Lakin), onunla birlikdə az adam iman gətirmişdi.

    11:40
  6. وَقَالَ ارْكَبُوا فِيهَا بِسْمِ اللَّهِ مَجْرَاهَا وَمُرْسَاهَا ۚ إِنَّ رَبِّي لَغَفُورٌ رَحِيمٌ

    (Nuh) dedi: «Gəmiyə minin! Onun üzüb getməsi də, dayanması da Allahın adı ilədir. Şübhəsiz ki, Rəbbim Bağışlayandır, Rəhmlidir».

    11:41
  7. وَهِيَ تَجْرِي بِهِمْ فِي مَوْجٍ كَالْجِبَالِ وَنَادَىٰ نُوحٌ ابْنَهُ وَكَانَ فِي مَعْزِلٍ يَا بُنَيَّ ارْكَبْ مَعَنَا وَلَا تَكُنْ مَعَ الْكَافِرِينَ

    (Gəmi) onları dağlar kimi dalğalar içərisində apardığı zaman Nuh kənarda duran oğlunu səsləyib dedi: «Oğlum! Bizimlə birlikdə (gəmiyə) min, kafirlərdən olma!»

    11:42
  8. قَالَ سَآوِي إِلَىٰ جَبَلٍ يَعْصِمُنِي مِنَ الْمَاءِ ۚ قَالَ لَا عَاصِمَ الْيَوْمَ مِنْ أَمْرِ اللَّهِ إِلَّا مَنْ رَحِمَ ۚ وَحَالَ بَيْنَهُمَا الْمَوْجُ فَكَانَ مِنَ الْمُغْرَقِينَ

    O dedi: «Məni sudan qoruyacaq bir dağa sığınacağam!» (Nuh) dedi: «Bu gün, Allahın rəhm etdiklərindən başqa heç kəs Onun əmrindən qoruna bilməz!» (Sonda) dalğa onları bir-birindən ayırdı və o, suda boğulanlardan oldu.

    11:43
  9. وَقِيلَ يَا أَرْضُ ابْلَعِي مَاءَكِ وَيَا سَمَاءُ أَقْلِعِي وَغِيضَ الْمَاءُ وَقُضِيَ الْأَمْرُ وَاسْتَوَتْ عَلَى الْجُودِيِّ ۖ وَقِيلَ بُعْدًا لِلْقَوْمِ الظَّالِمِينَ

    (Sonra) deyildi: «Ey yer, suyunu ud! Ey göy, (yağışını) saxla!» Su çəkildi, iş bitdi və gəmi Cudi (dağı) üzərində qərar tutdu. (Sonra) deyildi: «Məhv olsun zalım adamlar!»

    11:44
  10. وَنَادَىٰ نُوحٌ رَبَّهُ فَقَالَ رَبِّ إِنَّ ابْنِي مِنْ أَهْلِي وَإِنَّ وَعْدَكَ الْحَقُّ وَأَنْتَ أَحْكَمُ الْحَاكِمِينَ

    Nuh Rəbbini çağırıb dedi: «Ey Rəbbim! Axı oğlum da mənim ailəmdəndir. Sənin vədin, şübhəsiz ki, haqdır. Sən hakimlərin Hakimisən!»

    11:45
  11. قَالَ يَا نُوحُ إِنَّهُ لَيْسَ مِنْ أَهْلِكَ ۖ إِنَّهُ عَمَلٌ غَيْرُ صَالِحٍ ۖ فَلَا تَسْأَلْنِ مَا لَيْسَ لَكَ بِهِ عِلْمٌ ۖ إِنِّي أَعِظُكَ أَنْ تَكُونَ مِنَ الْجَاهِلِينَ

    O dedi: «Ey Nuh! O, sənin ailəndən deyildir. Doğrusu, bu, [kafirlər üçün mədəd diləməyin] pis bir işdir. Elə isə bilmədiyin bir şeyi Məndən istəmə. Həqiqətən də, Mən sənə cahillərdən olmamağı tövsiyə edirəm».

    11:46
  12. قَالَ رَبِّ إِنِّي أَعُوذُ بِكَ أَنْ أَسْأَلَكَ مَا لَيْسَ لِي بِهِ عِلْمٌ ۖ وَإِلَّا تَغْفِرْ لِي وَتَرْحَمْنِي أَكُنْ مِنَ الْخَاسِرِينَ

    O dedi: «Ey Rəbbim! Bilmədiyim bir şeyi Səndən istəməkdən Sənə sığınıram. Əgər məni bağışlamasan, mənə rəhm etməsən, ziyana uğrayanlardan olaram».

    11:47
  13. قِيلَ يَا نُوحُ اهْبِطْ بِسَلَامٍ مِنَّا وَبَرَكَاتٍ عَلَيْكَ وَعَلَىٰ أُمَمٍ مِمَّنْ مَعَكَ ۚ وَأُمَمٌ سَنُمَتِّعُهُمْ ثُمَّ يَمَسُّهُمْ مِنَّا عَذَابٌ أَلِيمٌ

    (Sonra) deyildi: «Ey Nuh! Sənə və səninlə birlikdə olan ümmətlərə Bizim (bəxş etdiyimiz) əmin-amanlıq və bərəkətlərlə (gəmidən) en! Özlərinə bir (müddət) güzəran verəcəyimiz, sonra da Öz tərəfimizdən ağrılı-acılı bir əzaba düçar edəcəyimiz ümmətlər də olacaqdır».

    11:48
  14. تِلْكَ مِنْ أَنْبَاءِ الْغَيْبِ نُوحِيهَا إِلَيْكَ ۖ مَا كُنْتَ تَعْلَمُهَا أَنْتَ وَلَا قَوْمُكَ مِنْ قَبْلِ هَٰذَا ۖ فَاصْبِرْ ۖ إِنَّ الْعَاقِبَةَ لِلْمُتَّقِينَ

    Bunlar, sənə vəhy yolu ilə bildirdiyimiz qeyb xəbərlərindəndir. Bundan əvvəl onları nə sən, nə də sənin qövmün bilirdi. Səbir et! Şübhəsiz ki, (gözəl) aqibət müttəqilərindir.

    11:49

Tərcümə: Əlixan Musayev