Surə 16 Ən-Nəhl (Nəhl), ayə 26 – 34

  1. قَدْ مَكَرَ الَّذِينَ مِنْ قَبْلِهِمْ فَأَتَى اللَّهُ بُنْيَانَهُمْ مِنَ الْقَوَاعِدِ فَخَرَّ عَلَيْهِمُ السَّقْفُ مِنْ فَوْقِهِمْ وَأَتَاهُمُ الْعَذَابُ مِنْ حَيْثُ لَا يَشْعُرُونَ

    Onlardan öncəkilər də hiylə qurmuşdular. Sonra Allah onların tikililərini özülündən dağıtdı, tavanları başlarına uçdu və əzab onlara gözləmədikləri yerdən gəldi.

    16:26
  2. ثُمَّ يَوْمَ الْقِيَامَةِ يُخْزِيهِمْ وَيَقُولُ أَيْنَ شُرَكَائِيَ الَّذِينَ كُنْتُمْ تُشَاقُّونَ فِيهِمْ ۚ قَالَ الَّذِينَ أُوتُوا الْعِلْمَ إِنَّ الْخِزْيَ الْيَوْمَ وَالسُّوءَ عَلَى الْكَافِرِينَ

    Sonra Qiyamət günü (Allah) onları rüsvay edəcək və deyəcək: «Haqqında mübahisə etdiyiniz şəriklərim haradadır?» Elm verilmiş kimsələr deyəcəklər: «Şübhəsiz ki, bu gün kafirlərə rüsvayçılıq və əzab üz verəcək!»

    16:27
  3. الَّذِينَ تَتَوَفَّاهُمُ الْمَلَائِكَةُ ظَالِمِي أَنْفُسِهِمْ ۖ فَأَلْقَوُا السَّلَمَ مَا كُنَّا نَعْمَلُ مِنْ سُوءٍ ۚ بَلَىٰ إِنَّ اللَّهَ عَلِيمٌ بِمَا كُنْتُمْ تَعْمَلُونَ

    Mələklər özlərinə zülm edən kimsələrin canlarını aldıqları zaman onlar boyun əyib: «Biz heç bir pislik etmirdik!» – (deyəcəklər). (Onlara belə deyiləcək): «Xeyr! Şübhəsiz ki, Allah sizin nələr etdiyinizi bilir.

    16:28
  4. فَادْخُلُوا أَبْوَابَ جَهَنَّمَ خَالِدِينَ فِيهَا ۖ فَلَبِئْسَ مَثْوَى الْمُتَكَبِّرِينَ

    Elə isə içində əbədi qalacağınız Cəhənnəmin qapılarına girin! Təkəbbürlülərin qalacağı yer necə də pisdir!»

    16:29
  5. وَقِيلَ لِلَّذِينَ اتَّقَوْا مَاذَا أَنْزَلَ رَبُّكُمْ ۚ قَالُوا خَيْرًا ۗ لِلَّذِينَ أَحْسَنُوا فِي هَٰذِهِ الدُّنْيَا حَسَنَةٌ ۚ وَلَدَارُ الْآخِرَةِ خَيْرٌ ۚ وَلَنِعْمَ دَارُ الْمُتَّقِينَ

    Müttəqilərə: «Allah nə nazil etmişdir?» – deyildikdə, onlar: «Xeyir (nazil etmişdir)!» – deyərlər. Bu dünyada xeyirli işlər görənlər üçün gözəl mükafat hazırlanmışdır. Axirət yurdu isə daha xeyirlidir. Müttəqilərin yurdu necə də gözəldir.

    16:30
  6. جَنَّاتُ عَدْنٍ يَدْخُلُونَهَا تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ ۖ لَهُمْ فِيهَا مَا يَشَاءُونَ ۚ كَذَٰلِكَ يَجْزِي اللَّهُ الْمُتَّقِينَ

    Onlar altından çaylar axan Ədn cənnətlərinə girəcəklər. Orada onların ürəklərinin istədiyi hər şey vardır. Allah müttəqiləri belə mükafatlandırır.

    16:31
  7. الَّذِينَ تَتَوَفَّاهُمُ الْمَلَائِكَةُ طَيِّبِينَ ۙ يَقُولُونَ سَلَامٌ عَلَيْكُمُ ادْخُلُوا الْجَنَّةَ بِمَا كُنْتُمْ تَعْمَلُونَ

    O kəslər ki, tər-təmiz olduqları halda, mələklər onların canını alıb deyirlər: «Sizə salam olsun! Əməllərinizə görə Cənnətə girin!»

    16:32
  8. هَلْ يَنْظُرُونَ إِلَّا أَنْ تَأْتِيَهُمُ الْمَلَائِكَةُ أَوْ يَأْتِيَ أَمْرُ رَبِّكَ ۚ كَذَٰلِكَ فَعَلَ الَّذِينَ مِنْ قَبْلِهِمْ ۚ وَمَا ظَلَمَهُمُ اللَّهُ وَلَٰكِنْ كَانُوا أَنْفُسَهُمْ يَظْلِمُونَ

    Yoxsa (kafirlər) mələklərin onların yanına gəlməsindən və yaxud Rəbbinin əmrinin [Qiyamət gününün] gəlməsindən başqa bir şeymi gözləyirlər? Onlardan əvvəlkilər də belə etmişdilər. Allah onlara zülm etmədi, lakin onlar özləri özlərinə zülm edirdilər.

    16:33
  9. فَأَصَابَهُمْ سَيِّئَاتُ مَا عَمِلُوا وَحَاقَ بِهِمْ مَا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ

    Onlara törətdikləri əməllərin pis cəzası nəsib oldu və istehza etdikləri (əzab) onları ağuşuna aldı.

    16:34

Tərcümə: Əlixan Musayev