Surə 17 Əl-İsra (İsra), ayə 41 – 52
-
وَلَقَدْ صَرَّفْنَا فِي هَٰذَا الْقُرْآنِ لِيَذَّكَّرُوا وَمَا يَزِيدُهُمْ إِلَّا نُفُورًا
Biz bu Quranda (dinin ehkamlarını) izah etdik ki, onlar düşünüb ibrət alsınlar. Lakin (bu,) onların yalnız nifrətini artırır.
17:41 -
قُلْ لَوْ كَانَ مَعَهُ آلِهَةٌ كَمَا يَقُولُونَ إِذًا لَابْتَغَوْا إِلَىٰ ذِي الْعَرْشِ سَبِيلًا
De: «Əgər (müşriklərin) söylədikləri kimi Allahla yanaşı başqa məbudlar olsaydı, onlar Ərş Sahibinin yanına (çatmaq üçün) yol axtarardılar».
17:42 -
سُبْحَانَهُ وَتَعَالَىٰ عَمَّا يَقُولُونَ عُلُوًّا كَبِيرًا
Allah (müşriklərin) söylədiklərindən çox uzaq və çox ucadır.
17:43 -
تُسَبِّحُ لَهُ السَّمَاوَاتُ السَّبْعُ وَالْأَرْضُ وَمَنْ فِيهِنَّ ۚ وَإِنْ مِنْ شَيْءٍ إِلَّا يُسَبِّحُ بِحَمْدِهِ وَلَٰكِنْ لَا تَفْقَهُونَ تَسْبِيحَهُمْ ۗ إِنَّهُ كَانَ حَلِيمًا غَفُورًا
Yeddi göy, yer və onlarda olanlar Ona təriflər deyir. Elə bir şey yoxdur ki, həmd ilə Ona tərif deməsin, lakin siz onların tərifini anlamazsınız. Həqiqətən, O, Həlimdir, Bağışlayandır.
17:44 -
وَإِذَا قَرَأْتَ الْقُرْآنَ جَعَلْنَا بَيْنَكَ وَبَيْنَ الَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ حِجَابًا مَسْتُورًا
Sən Quran oxuduğun zaman səninlə Axirətə inanmayanların arasına gözəgörünməz pərdə çəkərik.
17:45 -
وَجَعَلْنَا عَلَىٰ قُلُوبِهِمْ أَكِنَّةً أَنْ يَفْقَهُوهُ وَفِي آذَانِهِمْ وَقْرًا ۚ وَإِذَا ذَكَرْتَ رَبَّكَ فِي الْقُرْآنِ وَحْدَهُ وَلَّوْا عَلَىٰ أَدْبَارِهِمْ نُفُورًا
Quranı anlamasınlar deyə, Biz onların qəlblərinə örtüklər çəkdik, qulaqlarına da tıxac vurduq. Sən Quranda Rəbbinin Tək (Allah) olduğunu yada saldığın zaman onlar (bu dəvətə) nifrət edərək arxalarını çevirib gedərlər.
17:46 -
نَحْنُ أَعْلَمُ بِمَا يَسْتَمِعُونَ بِهِ إِذْ يَسْتَمِعُونَ إِلَيْكَ وَإِذْ هُمْ نَجْوَىٰ إِذْ يَقُولُ الظَّالِمُونَ إِنْ تَتَّبِعُونَ إِلَّا رَجُلًا مَسْحُورًا
Onlar səni dinlədikləri zaman nəyə qulaq asdıqlarını və öz aralarında xəlvətcə söhbət edərkən o zalımların: «Siz ancaq sehrlənmiş bir adama uyursunuz» – dediklərini Biz çox yaxşı bilirik.
17:47 -
انْظُرْ كَيْفَ ضَرَبُوا لَكَ الْأَمْثَالَ فَضَلُّوا فَلَا يَسْتَطِيعُونَ سَبِيلًا
Gör sənin üçün necə (pis) məsəllər çəkdilər. Onlar azdılar və (artıq) (doğru) yolu tapa bilməyəcəklər.
17:48 -
وَقَالُوا أَإِذَا كُنَّا عِظَامًا وَرُفَاتًا أَإِنَّا لَمَبْعُوثُونَ خَلْقًا جَدِيدًا
Onlar deyirlər: «Biz sür-sümük və toz halına düşdüyümüz zaman yeni bir məxluq kimi dirildiləcəyikmi?»
17:49 -
قُلْ كُونُوا حِجَارَةً أَوْ حَدِيدًا
De: «İstər daş olun, istər dəmir,
17:50 -
أَوْ خَلْقًا مِمَّا يَكْبُرُ فِي صُدُورِكُمْ ۚ فَسَيَقُولُونَ مَنْ يُعِيدُنَا ۖ قُلِ الَّذِي فَطَرَكُمْ أَوَّلَ مَرَّةٍ ۚ فَسَيُنْغِضُونَ إِلَيْكَ رُءُوسَهُمْ وَيَقُولُونَ مَتَىٰ هُوَ ۖ قُلْ عَسَىٰ أَنْ يَكُونَ قَرِيبًا
və ya sizə nəhəng görünən bir məxluq olun, (yenə də Allah sizi diriltməyə qadirdir)». Onlar deyəcəklər: «Bizi (həyata) kim qaytaracaq?» De: «İlk dəfə sizi yaradan!» Onlar (istehza ilə) başlarını yırğalayıb: «Bəs bu nə vaxt olacaq?» – deyəcəklər. De: «Bəlkə də, yaxın zamanda oldu!»
17:51 -
يَوْمَ يَدْعُوكُمْ فَتَسْتَجِيبُونَ بِحَمْدِهِ وَتَظُنُّونَ إِنْ لَبِثْتُمْ إِلَّا قَلِيلًا
O gün Allah sizi çağıracaq. Siz də Ona həmd edərək çağırışına cavab verəcək və (dünyada) çox az qaldığınızı güman edəcəksiniz.
17:52
Tərcümə: Əlixan Musayev