Surə 18 Əl-Kəhf (Kəhf), ayə 71 – 82

  1. فَانْطَلَقَا حَتَّىٰ إِذَا رَكِبَا فِي السَّفِينَةِ خَرَقَهَا ۖ قَالَ أَخَرَقْتَهَا لِتُغْرِقَ أَهْلَهَا لَقَدْ جِئْتَ شَيْئًا إِمْرًا

    Sonra hər ikisi yola düzəlib getdilər. Nəhayət (gəlib) gəmiyə mindikləri zaman (Xızır) onu deşdi. (Musa) dedi: «Sən gəmidə olanları suya qərq etmək üçünmü onu deşdin? Doğrusu, (günahı) böyük olan bir iş gördün».

    18:71
  2. قَالَ أَلَمْ أَقُلْ إِنَّكَ لَنْ تَسْتَطِيعَ مَعِيَ صَبْرًا

    (Xızır) dedi: «Mən demədimmi ki, sən mənim yanımda səbir edə bilməzsən?»

    18:72
  3. قَالَ لَا تُؤَاخِذْنِي بِمَا نَسِيتُ وَلَا تُرْهِقْنِي مِنْ أَمْرِي عُسْرًا

    (Musa) dedi: «Unutduğum bir şeydən ötrü məni qınama və öz işimdə məni çətinliyə salma!»

    18:73
  4. فَانْطَلَقَا حَتَّىٰ إِذَا لَقِيَا غُلَامًا فَقَتَلَهُ قَالَ أَقَتَلْتَ نَفْسًا زَكِيَّةً بِغَيْرِ نَفْسٍ لَقَدْ جِئْتَ شَيْئًا نُكْرًا

    Yenə yola düzəldilər. Nəhayət, bir oğlan uşağı ilə rastlaşdıqda (Xızır) onu öldürdü. (Musa) dedi: «Heç kəsi öldürməyən günahsız bir canamı qəsd etdin? Doğrusu, çox pis bir iş tutdun».

    18:74
  5. قَالَ أَلَمْ أَقُلْ لَكَ إِنَّكَ لَنْ تَسْتَطِيعَ مَعِيَ صَبْرًا

    (Xızır) dedi: «Sənə demədimmi ki, mənim yanımda səbir edə bilməzsən?»

    18:75
  6. قَالَ إِنْ سَأَلْتُكَ عَنْ شَيْءٍ بَعْدَهَا فَلَا تُصَاحِبْنِي ۖ قَدْ بَلَغْتَ مِنْ لَدُنِّي عُذْرًا

    (Musa) dedi: «Əgər bundan sonra səndən bir şey barəsində soruşsam, daha mənə yoldaş olma. Sən artıq mənim diləyəcəyim (sonuncu) üzrxahlığa çatdın».

    18:76
  7. فَانْطَلَقَا حَتَّىٰ إِذَا أَتَيَا أَهْلَ قَرْيَةٍ اسْتَطْعَمَا أَهْلَهَا فَأَبَوْا أَنْ يُضَيِّفُوهُمَا فَوَجَدَا فِيهَا جِدَارًا يُرِيدُ أَنْ يَنْقَضَّ فَأَقَامَهُ ۖ قَالَ لَوْ شِئْتَ لَاتَّخَذْتَ عَلَيْهِ أَجْرًا

    Yenə yola düzəldilər. Nəhayət, bir kənd əhlinin yanına gəlib camaatdan yeməyə bir şey istədilər. Camaat onları (yeməyə) qonaq etmək istəmədi. Onlar orada dağılmaq istəyən bir divar gördülər. (Xızır) onu düzəltdi. (Musa) dedi: «Əgər istəsəydin, bunun müqabilində zəhmət haqqı alardın».

    18:77
  8. قَالَ هَٰذَا فِرَاقُ بَيْنِي وَبَيْنِكَ ۚ سَأُنَبِّئُكَ بِتَأْوِيلِ مَا لَمْ تَسْتَطِعْ عَلَيْهِ صَبْرًا

    (Xızır) dedi: «Bu, mənimlə sənin aranda ayrılıqdır. Səbir edə bilmədiyin şeylərin yozumunu sənə xəbər verəcəyəm.

    18:78
  9. أَمَّا السَّفِينَةُ فَكَانَتْ لِمَسَاكِينَ يَعْمَلُونَ فِي الْبَحْرِ فَأَرَدْتُ أَنْ أَعِيبَهَا وَكَانَ وَرَاءَهُمْ مَلِكٌ يَأْخُذُ كُلَّ سَفِينَةٍ غَصْبًا

    Gəmiyə gəlincə, o, dənizdə çalışan kasıb adamlara məxsus idi. Mənim onu korlamağımın səbəbi, onların önündə hər bir (yararlı) gəmini zorla ələ keçirən hökmdarın olması idi.

    18:79
  10. وَأَمَّا الْغُلَامُ فَكَانَ أَبَوَاهُ مُؤْمِنَيْنِ فَخَشِينَا أَنْ يُرْهِقَهُمَا طُغْيَانًا وَكُفْرًا

    Oğlan uşağına gəldikdə, onun ata-anası mömin idilər. Biz (uşağın böyüyəndə) onları azğınlığa və küfrə sürükləməsindən qorxduq.

    18:80
  11. فَأَرَدْنَا أَنْ يُبْدِلَهُمَا رَبُّهُمَا خَيْرًا مِنْهُ زَكَاةً وَأَقْرَبَ رُحْمًا

    Biz istədik ki, onların Rəbbi onun əvəzində onlara ondan daha təmiz və daha mərhəmətli olan (başqa bir övlad) versin.

    18:81
  12. وَأَمَّا الْجِدَارُ فَكَانَ لِغُلَامَيْنِ يَتِيمَيْنِ فِي الْمَدِينَةِ وَكَانَ تَحْتَهُ كَنْزٌ لَهُمَا وَكَانَ أَبُوهُمَا صَالِحًا فَأَرَادَ رَبُّكَ أَنْ يَبْلُغَا أَشُدَّهُمَا وَيَسْتَخْرِجَا كَنْزَهُمَا رَحْمَةً مِنْ رَبِّكَ ۚ وَمَا فَعَلْتُهُ عَنْ أَمْرِي ۚ ذَٰلِكَ تَأْوِيلُ مَا لَمْ تَسْطِعْ عَلَيْهِ صَبْرًا

    Divara gəldikdə isə, o, şəhərdəki iki yetim oğlanın idi. Altında onlara məxsus bir xəzinə vardı. Onların atası əməlisaleh adam olmuşdur. Rəbbin onların həddi-buluğa çatmalarını və Rəbbindən bir mərhəmət olaraq öz xəzinələrini (tapıb) çıxartmalarını istədi. Mən bunları öz ixtiyarımla etmirdim. Sənin səbir edə bilmədiyin şeylərin yozumu budur!»

    18:82

Tərcümə: Əlixan Musayev