Surə 64 Ət-Təğabun (Təğabun), ayə 1 – 18

  1. يُسَبِّحُ لِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ ۖ لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ ۖ وَهُوَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ

    Göylərdə və yerdə olanların hamısı Allahın şəninə təriflər deyir. Hökm Onundur, həmd Ona məxsusdur. O, hər şeyə qadirdir.

    64:1
  2. هُوَ الَّذِي خَلَقَكُمْ فَمِنْكُمْ كَافِرٌ وَمِنْكُمْ مُؤْمِنٌ ۚ وَاللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ

    Sizi yaradan Odur. Kiminiz kafir, kiminiz də mömindir. Allah nə etdiklərinizi görür.

    64:2
  3. خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ بِالْحَقِّ وَصَوَّرَكُمْ فَأَحْسَنَ صُوَرَكُمْ ۖ وَإِلَيْهِ الْمَصِيرُ

    O, göyləri və yeri ədalətlə yaratdı, sizə surət verib onları gözəl şəklə saldı. Dönüş də Onadır.

    64:3
  4. يَعْلَمُ مَا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ وَيَعْلَمُ مَا تُسِرُّونَ وَمَا تُعْلِنُونَ ۚ وَاللَّهُ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ

    O, göylərdə və yerdə olanları bilir. Sizin gizlində və aşkarda nə etdiyinizi də bilir. Allah kökslərdə olanlardan agahdır.

    64:4
  5. أَلَمْ يَأْتِكُمْ نَبَأُ الَّذِينَ كَفَرُوا مِنْ قَبْلُ فَذَاقُوا وَبَالَ أَمْرِهِمْ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ

    Daha öncə kafir olmuş və öz əməllərinin cəzasını dadmış kimsələrin xəbəri sizə gəlib çatmadımı? Onlar üçün acılı-ağrılı bir əzab hazırlanmışdır.

    64:5
  6. ذَٰلِكَ بِأَنَّهُ كَانَتْ تَأْتِيهِمْ رُسُلُهُمْ بِالْبَيِّنَاتِ فَقَالُوا أَبَشَرٌ يَهْدُونَنَا فَكَفَرُوا وَتَوَلَّوْا ۚ وَاسْتَغْنَى اللَّهُ ۚ وَاللَّهُ غَنِيٌّ حَمِيدٌ

    Bu ona görədir ki, elçiləri onlara aydın dəlillər gətirirdi, onlar isə: «Məgər bizə bir insanmı doğru yol göstərəcək?» – deyirdilər. Onlar küfr edir və üz döndərirdilər. Allahın (onlara) ehtiyacı yoxdur. Allah Zəngindir, Tərifəlayiqdir.

    64:6
  7. زَعَمَ الَّذِينَ كَفَرُوا أَنْ لَنْ يُبْعَثُوا ۚ قُلْ بَلَىٰ وَرَبِّي لَتُبْعَثُنَّ ثُمَّ لَتُنَبَّؤُنَّ بِمَا عَمِلْتُمْ ۚ وَذَٰلِكَ عَلَى اللَّهِ يَسِيرٌ

    Kafir olanlar heç vaxt dirildilməyəcəklərini iddia edirlər. De: «Xeyr, Rəbbimə and olsun ki, siz mütləq dirildiləcəksiniz. Sonra isə etdiyiniz əməllər sizə xəbər veriləcək. Bu, Allah üçün çox asandır!»

    64:7
  8. فَآمِنُوا بِاللَّهِ وَرَسُولِهِ وَالنُّورِ الَّذِي أَنْزَلْنَا ۚ وَاللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ

    Elə isə Allaha, Onun rəsuluna və nazil etdiyimiz Nura [Qurana] iman gətirin! Allah nə etdiklərinizdən xəbərdardır.

    64:8
  9. يَوْمَ يَجْمَعُكُمْ لِيَوْمِ الْجَمْعِ ۖ ذَٰلِكَ يَوْمُ التَّغَابُنِ ۗ وَمَنْ يُؤْمِنْ بِاللَّهِ وَيَعْمَلْ صَالِحًا يُكَفِّرْ عَنْهُ سَيِّئَاتِهِ وَيُدْخِلْهُ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا ۚ ذَٰلِكَ الْفَوْزُ الْعَظِيمُ

    O gün (Allah) sizi Toplanma gününə cəm edəcək. Həmin gün qarşılıqlı aldanma günüdür. Hər kəs Allaha iman gətirib yaxşı işlər görsə, (Allah) onun günahlarını bağışlayar və onu altından çaylar axan cənnətlərə daxil edər. Onlar orada əbədi qalacaqlar. Bu, böyük müvəffəqiyyətdir.

    64:9
  10. وَالَّذِينَ كَفَرُوا وَكَذَّبُوا بِآيَاتِنَا أُولَٰئِكَ أَصْحَابُ النَّارِ خَالِدِينَ فِيهَا ۖ وَبِئْسَ الْمَصِيرُ

    Kafir olub ayələrimizi yalan sayanlara gəldikdə isə, onlar Cəhənnəm sakinləridir. Onlar orada əbədi qalacaqlar. Ora necə də pis dönüş yeridir!

    64:10
  11. مَا أَصَابَ مِنْ مُصِيبَةٍ إِلَّا بِإِذْنِ اللَّهِ ۗ وَمَنْ يُؤْمِنْ بِاللَّهِ يَهْدِ قَلْبَهُ ۚ وَاللَّهُ بِكُلِّ شَيْءٍ عَلِيمٌ

    Allahın izni olmadan (heç kəsə) bir müsibət üz verməz. Hər kəs Allaha iman gətirsə, Allah onun qəlbini haqqa yönəldər. Allah hər şeyi bilir.

    64:11
  12. وَأَطِيعُوا اللَّهَ وَأَطِيعُوا الرَّسُولَ ۚ فَإِنْ تَوَلَّيْتُمْ فَإِنَّمَا عَلَىٰ رَسُولِنَا الْبَلَاغُ الْمُبِينُ

    Allaha və Onun Rəsuluna itaət edin! Əgər üz çevirsəniz, (bilin ki,) Elçimizin öhdəsinə düşən yalnız açıq bir təbliğdir.

    64:12
  13. اللَّهُ لَا إِلَٰهَ إِلَّا هُوَ ۚ وَعَلَى اللَّهِ فَلْيَتَوَكَّلِ الْمُؤْمِنُونَ

    Allah! Ondan başqa (ibadətə layiq olan) məbud yoxdur. Qoy möminlər yalnız Allaha təvəkkül etsinlər.

    64:13
  14. يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنَّ مِنْ أَزْوَاجِكُمْ وَأَوْلَادِكُمْ عَدُوًّا لَكُمْ فَاحْذَرُوهُمْ ۚ وَإِنْ تَعْفُوا وَتَصْفَحُوا وَتَغْفِرُوا فَإِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ

    Ey iman gətirənlər! Şübhəsiz ki, zövcələrinizdən və övladınızdan sizə düşmən olanlar da vardır. Onlardan özünüzü qoruyun! Lakin onları əfv etsəniz, (günahlarından) keçsəniz və bağışlasanız, (bilin ki,) Allah bağışlayandır, rəhmlidir.

    64:14
  15. إِنَّمَا أَمْوَالُكُمْ وَأَوْلَادُكُمْ فِتْنَةٌ ۚ وَاللَّهُ عِنْدَهُ أَجْرٌ عَظِيمٌ

    Həqiqətən, var-dövlətiniz və övladlarınız ancaq bir sınaqdır. Böyük mükafat isə Allah yanındadır.

    64:15
  16. فَاتَّقُوا اللَّهَ مَا اسْتَطَعْتُمْ وَاسْمَعُوا وَأَطِيعُوا وَأَنْفِقُوا خَيْرًا لِأَنْفُسِكُمْ ۗ وَمَنْ يُوقَ شُحَّ نَفْسِهِ فَأُولَٰئِكَ هُمُ الْمُفْلِحُونَ

    Allahdan bacardığınız qədər qorxun. (Peyğəmbərə) qulaq asıb itaət edin və (malınızdan) öz xeyriniz üçün xərcləyin. Nəfsinin tamahından qorunanlar – məhz onlar nicat tapanlardır.

    64:16
  17. إِنْ تُقْرِضُوا اللَّهَ قَرْضًا حَسَنًا يُضَاعِفْهُ لَكُمْ وَيَغْفِرْ لَكُمْ ۚ وَاللَّهُ شَكُورٌ حَلِيمٌ

    Əgər Allaha gözəl bir borc versəniz [malınızı Onun yolunda xərcləsəniz], O bunu sizin üçün qat-qat artırar və sizi bağışlayar. Allah şükürün əvəzini verəndir, həlimdir.

    64:17
  18. عَالِمُ الْغَيْبِ وَالشَّهَادَةِ الْعَزِيزُ الْحَكِيمُ

    (Allah) qeybi və aşkarı biləndir, Qüdrətlidir, Hikmət sahibidir.

    64:18

Tərcümə: Əlixan Musayev