Surə 67 Əl-Mulk (Mulk), ayə 15 – 30
-
هُوَ الَّذِي جَعَلَ لَكُمُ الْأَرْضَ ذَلُولًا فَامْشُوا فِي مَنَاكِبِهَا وَكُلُوا مِنْ رِزْقِهِ ۖ وَإِلَيْهِ النُّشُورُ
Yeri sizin ixtiyarınıza verən Odur. Onun hər tərəfində gəzin və (Allahın) ruzisindən yeyin. Qayıdış da Onadır.
67:15 -
أَأَمِنْتُمْ مَنْ فِي السَّمَاءِ أَنْ يَخْسِفَ بِكُمُ الْأَرْضَ فَإِذَا هِيَ تَمُورُ
Göydə olan (Allahın) sizi yerə batırmayacağına əminsinizmi? O zaman yer hərəkətə gəlib titrəyəcək.
67:16 -
أَمْ أَمِنْتُمْ مَنْ فِي السَّمَاءِ أَنْ يُرْسِلَ عَلَيْكُمْ حَاصِبًا ۖ فَسَتَعْلَمُونَ كَيْفَ نَذِيرِ
Ya da ki, göydə olan (Allahın) üstünüzə daşlar yağdırmayacağına əminsinizmi? Siz, Mənim xəbərdarlığımın necə nəticələr verdiyini biləcəksiniz.
67:17 -
وَلَقَدْ كَذَّبَ الَّذِينَ مِنْ قَبْلِهِمْ فَكَيْفَ كَانَ نَكِيرِ
(Müşriklərdən) əvvəlkilər də bunu yalançı hesab etmişdilər. (Görəydin) Mənim (onları) həlak etməyim necə oldu!
67:18 -
أَوَلَمْ يَرَوْا إِلَى الطَّيْرِ فَوْقَهُمْ صَافَّاتٍ وَيَقْبِضْنَ ۚ مَا يُمْسِكُهُنَّ إِلَّا الرَّحْمَٰنُ ۚ إِنَّهُ بِكُلِّ شَيْءٍ بَصِيرٌ
Məgər onlar (başları) üzərində dəstə-dəstə pərvazlanıb (uçan), (hərdən də qanadlarını) yığan quşları görmürlərmi? Onları (havada) ancaq Mərhəmətli (Allah) saxlayır. Şübhəsiz ki, O, hər şeyi görür.
67:19 -
أَمَّنْ هَٰذَا الَّذِي هُوَ جُنْدٌ لَكُمْ يَنْصُرُكُمْ مِنْ دُونِ الرَّحْمَٰنِ ۚ إِنِ الْكَافِرُونَ إِلَّا فِي غُرُورٍ
Ya da Mərhəmətli (Allahdan) başqa sizə kömək edə biləcək qoşununuz varmı? Kafirlər ancaq aldanmaqdadırlar!
67:20 -
أَمَّنْ هَٰذَا الَّذِي يَرْزُقُكُمْ إِنْ أَمْسَكَ رِزْقَهُ ۚ بَلْ لَجُّوا فِي عُتُوٍّ وَنُفُورٍ
Ya da O Öz ruzisini kəssə, sizə kim ruzi verə bilər? Xeyr, onlar təkəbbür göstərməkdə və (haqdan) qaçmaqda davam edirlər.
67:21 -
أَفَمَنْ يَمْشِي مُكِبًّا عَلَىٰ وَجْهِهِ أَهْدَىٰ أَمَّنْ يَمْشِي سَوِيًّا عَلَىٰ صِرَاطٍ مُسْتَقِيمٍ
Elə isə üzü üstə sürünərək gedən daha doğru yoldadır, yoxsa düz yolda özü şax gedən?
67:22 -
قُلْ هُوَ الَّذِي أَنْشَأَكُمْ وَجَعَلَ لَكُمُ السَّمْعَ وَالْأَبْصَارَ وَالْأَفْئِدَةَ ۖ قَلِيلًا مَا تَشْكُرُونَ
De: «Sizi yaradan, sizə qulaq, göz və ürək verən Odur. Necə də az şükür edirsiniz!»
67:23 -
قُلْ هُوَ الَّذِي ذَرَأَكُمْ فِي الْأَرْضِ وَإِلَيْهِ تُحْشَرُونَ
De: «Sizi yer üzünə yayan da Odur. Siz Onun hüzuruna toplanacaqsınız!»
67:24 -
وَيَقُولُونَ مَتَىٰ هَٰذَا الْوَعْدُ إِنْ كُنْتُمْ صَادِقِينَ
Onlar deyirlər: «Əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaq?»
67:25 -
قُلْ إِنَّمَا الْعِلْمُ عِنْدَ اللَّهِ وَإِنَّمَا أَنَا نَذِيرٌ مُبِينٌ
De: «(Buna aid) bilgi yalnız Allah yanındadır. Mən isə ancaq xəbərdar və bəyan edənəm!»
67:26 -
فَلَمَّا رَأَوْهُ زُلْفَةً سِيئَتْ وُجُوهُ الَّذِينَ كَفَرُوا وَقِيلَ هَٰذَا الَّذِي كُنْتُمْ بِهِ تَدَّعُونَ
Kafirlər əzabın yaxın olduğunu gördükdə üzləri eybəcər görkəm alacaq və (onlara): «Sizin durmadan istədiyiniz (əzab) bax budur!» – deyiləcək.
67:27 -
قُلْ أَرَأَيْتُمْ إِنْ أَهْلَكَنِيَ اللَّهُ وَمَنْ مَعِيَ أَوْ رَحِمَنَا فَمَنْ يُجِيرُ الْكَافِرِينَ مِنْ عَذَابٍ أَلِيمٍ
De: «Deyin görüm, əgər Allah məni və mənimlə birlikdə olanları məhv edərsə və ya bizə mərhəmət göstərərsə, (bəs) (siz) kafirləri ağrılı-acılı əzabdan kim qurtara bilər?»
67:28 -
قُلْ هُوَ الرَّحْمَٰنُ آمَنَّا بِهِ وَعَلَيْهِ تَوَكَّلْنَا ۖ فَسَتَعْلَمُونَ مَنْ هُوَ فِي ضَلَالٍ مُبِينٍ
De: «O, (Mərhəmətli) Allahdır! Biz Ona iman gətirib, Ona təvəkkül etmişik. Kimin tam azğınlıq içində olduğunu (tezliklə) biləcəksiniz.
67:29 -
قُلْ أَرَأَيْتُمْ إِنْ أَصْبَحَ مَاؤُكُمْ غَوْرًا فَمَنْ يَأْتِيكُمْ بِمَاءٍ مَعِينٍ
De: «Deyin görüm, əgər suyunuz (yerin dibinə) çöksə, (Allahdan başqa) kim sizə axar su gətirə bilər?»
67:30
Tərcümə: Əlixan Musayev