Mushaf, səhifə 222

  1. وَمَا مِنْ دَابَّةٍ فِي الْأَرْضِ إِلَّا عَلَى اللَّهِ رِزْقُهَا وَيَعْلَمُ مُسْتَقَرَّهَا وَمُسْتَوْدَعَهَا ۚ كُلٌّ فِي كِتَابٍ مُبِينٍ

    Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. (Allah) onların qərar tutduqları yeri də, qorunub saxlanıldıqları yeri də bilir. (Bunların) hamısı açıq-aydın Yazıdadır [Lövhi-məhfuzdadır].

    11:6
  2. وَهُوَ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ فِي سِتَّةِ أَيَّامٍ وَكَانَ عَرْشُهُ عَلَى الْمَاءِ لِيَبْلُوَكُمْ أَيُّكُمْ أَحْسَنُ عَمَلًا ۗ وَلَئِنْ قُلْتَ إِنَّكُمْ مَبْعُوثُونَ مِنْ بَعْدِ الْمَوْتِ لَيَقُولَنَّ الَّذِينَ كَفَرُوا إِنْ هَٰذَا إِلَّا سِحْرٌ مُبِينٌ

    Hansınızın daha yaxşı əməl sahibi olduğunu sınamaq üçün, Ərşi su üzərində ikən, göyləri və yeri altı gündə yaradan Odur. Əgər sən: «Siz öləndən sonra diriləcəksiniz!» – desən, kafir olanlar: «Bu, açıq-aydın bir sehrdir!» – deyərlər.

    11:7
  3. وَلَئِنْ أَخَّرْنَا عَنْهُمُ الْعَذَابَ إِلَىٰ أُمَّةٍ مَعْدُودَةٍ لَيَقُولُنَّ مَا يَحْبِسُهُ ۗ أَلَا يَوْمَ يَأْتِيهِمْ لَيْسَ مَصْرُوفًا عَنْهُمْ وَحَاقَ بِهِمْ مَا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ

    Əgər onlara gələcək əzabı müəyyən vaxtadək gecikdirsək: «Onu saxlayan nədir?» – deyəcəklər. Xəbəriniz olsun ki, (əzab) onlara gəldiyi gün onu heç nə onlardan dəf edə bilməyəcək və istehza etdikləri (o əzab) onları bürüyəcəkdir.

    11:8
  4. وَلَئِنْ أَذَقْنَا الْإِنْسَانَ مِنَّا رَحْمَةً ثُمَّ نَزَعْنَاهَا مِنْهُ إِنَّهُ لَيَئُوسٌ كَفُورٌ

    Əgər insana Özümüzdən bir mərhəmət daddırsaq, sonra da ondan onu geri alsaq, o, naümid və nankor olar.

    11:9
  5. وَلَئِنْ أَذَقْنَاهُ نَعْمَاءَ بَعْدَ ضَرَّاءَ مَسَّتْهُ لَيَقُولَنَّ ذَهَبَ السَّيِّئَاتُ عَنِّي ۚ إِنَّهُ لَفَرِحٌ فَخُورٌ

    Əgər başına gələn müsibətdən sonra, ona firavanlıq daddırsaq: «Bəlalar məndən sovuşdu!» – deyər və sevinib lovğalıq edər.

    11:10
  6. إِلَّا الَّذِينَ صَبَرُوا وَعَمِلُوا الصَّالِحَاتِ أُولَٰئِكَ لَهُمْ مَغْفِرَةٌ وَأَجْرٌ كَبِيرٌ

    Səbir edib yaxşı işlər görənlər istisnadır. Məhz onlar üçün bağışlanma və böyük bir mükafat vardır.

    11:11
  7. فَلَعَلَّكَ تَارِكٌ بَعْضَ مَا يُوحَىٰ إِلَيْكَ وَضَائِقٌ بِهِ صَدْرُكَ أَنْ يَقُولُوا لَوْلَا أُنْزِلَ عَلَيْهِ كَنْزٌ أَوْ جَاءَ مَعَهُ مَلَكٌ ۚ إِنَّمَا أَنْتَ نَذِيرٌ ۚ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ وَكِيلٌ

    Onların: «Nə üçün ona bir xəzinə endirilməyib, yaxud onunla bir mələk gəlməyib?» – deməkləri üzündən, bəlkə də, sənə gələn vəhyin bir hissəsini tərk edəcəksən və buna görə köksün daralacaq. Sən ancaq qorxudansan. Allah isə hər şeyi Qoruyandır.

    11:12

Tərcümə: Əlixan Musayev