Mushaf, səhifə 290

  1. وَإِنْ كَادُوا لَيَسْتَفِزُّونَكَ مِنَ الْأَرْضِ لِيُخْرِجُوكَ مِنْهَا ۖ وَإِذًا لَا يَلْبَثُونَ خِلَافَكَ إِلَّا قَلِيلًا

    (Müşriklər) az qala səni bu torpaqdan sıxışdırıb çıxaracaqdılar. Lakin səni qovduqdan sonra özləri də (orada) ancaq az bir müddət qala bilərdilər.

    17:76
  2. سُنَّةَ مَنْ قَدْ أَرْسَلْنَا قَبْلَكَ مِنْ رُسُلِنَا ۖ وَلَا تَجِدُ لِسُنَّتِنَا تَحْوِيلًا

    Səndən əvvəl göndərdiyimiz elçilərə qarşı da belə davranmışlar. Sən Bizim qayda-qanunlarımızda heç bir dəyişiklik tapa bilməzsən.

    17:77
  3. أَقِمِ الصَّلَاةَ لِدُلُوكِ الشَّمْسِ إِلَىٰ غَسَقِ اللَّيْلِ وَقُرْآنَ الْفَجْرِ ۖ إِنَّ قُرْآنَ الْفَجْرِ كَانَ مَشْهُودًا

    Gün batmağa meyl edəndən gecənin qaranlığınadək (bəlli vaxtlarda) namaz qıl və sübh çağı Quran oxu [fəcr namazını da qıl]! Çünki sübh çağı oxunan Quranın şahidləri olur.

    17:78
  4. وَمِنَ اللَّيْلِ فَتَهَجَّدْ بِهِ نَافِلَةً لَكَ عَسَىٰ أَنْ يَبْعَثَكَ رَبُّكَ مَقَامًا مَحْمُودًا

    Gecənin bir vaxtı oyanıb sənə əlavə (buyrulmuş) (təhəccüd) namazında Quran oxu. Ola bilsin ki, (buna görə) Rəbbin səni tərifəlayiq bir məqama yüksəltsin.

    17:79
  5. وَقُلْ رَبِّ أَدْخِلْنِي مُدْخَلَ صِدْقٍ وَأَخْرِجْنِي مُخْرَجَ صِدْقٍ وَاجْعَلْ لِي مِنْ لَدُنْكَ سُلْطَانًا نَصِيرًا

    De: «Ey Rəbbim! Məni daxil olacağım yerə yaxşılıqla daxil et; məni çıxacağım yerdən də yaxşılıqla çıxart. Öz tərəfindən mənə yardım edən bir dəlil ver».

    17:80
  6. وَقُلْ جَاءَ الْحَقُّ وَزَهَقَ الْبَاطِلُ ۚ إِنَّ الْبَاطِلَ كَانَ زَهُوقًا

    De: «Haqq gəldi, batil puç olub getdi. Həqiqətən də, batil puçluğa məhkumdur!»

    17:81
  7. وَنُنَزِّلُ مِنَ الْقُرْآنِ مَا هُوَ شِفَاءٌ وَرَحْمَةٌ لِلْمُؤْمِنِينَ ۙ وَلَا يَزِيدُ الظَّالِمِينَ إِلَّا خَسَارًا

    Biz Quranda möminlər üçün şəfa və mərhəmət (olan ayələr) nazil edirik. (Bu ayələr) zalımların ancaq ziyanını artırır.

    17:82
  8. وَإِذَا أَنْعَمْنَا عَلَى الْإِنْسَانِ أَعْرَضَ وَنَأَىٰ بِجَانِبِهِ ۖ وَإِذَا مَسَّهُ الشَّرُّ كَانَ يَئُوسًا

    İnsana nemət verdiyimiz zaman (anlamayaraq) üz çevirib uzaq durar. Ona bir zərər toxunduqda isə məyus olar.

    17:83
  9. قُلْ كُلٌّ يَعْمَلُ عَلَىٰ شَاكِلَتِهِ فَرَبُّكُمْ أَعْلَمُ بِمَنْ هُوَ أَهْدَىٰ سَبِيلًا

    De: «Hər kəs öz xasiyyətinə görə iş görər. Rəbbiniz isə kimin doğru yolda olduğunu daha yaxşı bilir».

    17:84
  10. وَيَسْأَلُونَكَ عَنِ الرُّوحِ ۖ قُلِ الرُّوحُ مِنْ أَمْرِ رَبِّي وَمَا أُوتِيتُمْ مِنَ الْعِلْمِ إِلَّا قَلِيلًا

    Səndən ruh haqqında soruşurlar. De: «Ruh Rəbbimin əmrindəndir. Sizə yalnız az bir bilik verilmişdir».

    17:85
  11. وَلَئِنْ شِئْنَا لَنَذْهَبَنَّ بِالَّذِي أَوْحَيْنَا إِلَيْكَ ثُمَّ لَا تَجِدُ لَكَ بِهِ عَلَيْنَا وَكِيلًا

    Əgər istəsəydik, sənə vəhy etdiyimizi (qəlbindən) silib aparardıq. Sonra bundan dolayı Bizə qarşı özünə himayəçi tapa bilməzdin.

    17:86

Tərcümə: Əlixan Musayev