Surə 14 İbrahim, ayə 7 – 12

  1. وَإِذْ تَأَذَّنَ رَبُّكُمْ لَئِنْ شَكَرْتُمْ لَأَزِيدَنَّكُمْ ۖ وَلَئِنْ كَفَرْتُمْ إِنَّ عَذَابِي لَشَدِيدٌ

    O zaman Rəbbiniz (belə) bildirmişdi: «Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir».

    14:7
  2. وَقَالَ مُوسَىٰ إِنْ تَكْفُرُوا أَنْتُمْ وَمَنْ فِي الْأَرْضِ جَمِيعًا فَإِنَّ اللَّهَ لَغَنِيٌّ حَمِيدٌ

    Musa dedi: «Əgər siz və yer üzündə olanların hamısı kafir olsanız, (Allaha heç bir zərər yetirə bilməzsiniz). Çünki Allah, həqiqətən də, Zəngindir, Tərifəlayiqdir».

    14:8
  3. أَلَمْ يَأْتِكُمْ نَبَأُ الَّذِينَ مِنْ قَبْلِكُمْ قَوْمِ نُوحٍ وَعَادٍ وَثَمُودَ ۛ وَالَّذِينَ مِنْ بَعْدِهِمْ ۛ لَا يَعْلَمُهُمْ إِلَّا اللَّهُ ۚ جَاءَتْهُمْ رُسُلُهُمْ بِالْبَيِّنَاتِ فَرَدُّوا أَيْدِيَهُمْ فِي أَفْوَاهِهِمْ وَقَالُوا إِنَّا كَفَرْنَا بِمَا أُرْسِلْتُمْ بِهِ وَإِنَّا لَفِي شَكٍّ مِمَّا تَدْعُونَنَا إِلَيْهِ مُرِيبٍ

    Sizdən əvvəlkilərin – Nuh qövmünün, Ad və Səmud (tayfalarının), onlardan sonrakıların xəbərləri sizə gəlib çatmadımı? Onlar haqqında Allahdan başqa heç kəs bilmir. Elçiləri onlara açıq-aydın dəlillər gətirdilər. Onlar isə əllərini ağızlarının üstünə qoyub dedilər: «Biz sizinlə göndərilənlərə inanmırıq və bizləri dəvət etdiyiniz (tövhid) barəsində şübhə doğuran şəkk içindəyik!»

    14:9
  4. قَالَتْ رُسُلُهُمْ أَفِي اللَّهِ شَكٌّ فَاطِرِ السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ يَدْعُوكُمْ لِيَغْفِرَ لَكُمْ مِنْ ذُنُوبِكُمْ وَيُؤَخِّرَكُمْ إِلَىٰ أَجَلٍ مُسَمًّى ۚ قَالُوا إِنْ أَنْتُمْ إِلَّا بَشَرٌ مِثْلُنَا تُرِيدُونَ أَنْ تَصُدُّونَا عَمَّا كَانَ يَعْبُدُ آبَاؤُنَا فَأْتُونَا بِسُلْطَانٍ مُبِينٍ

    Elçiləri (onlara) dedilər: «Göyləri və yeri yaradan Allaha şəkk etməkmi olar? O, günahlarınızı bağışlamaq və sizə müəyyən vaxta qədər möhlət vermək üçün sizi (iman gətirməyə) çağırır». Onlar dedilər: «Siz də bizim kimi ancaq bir insansınız. Bizi atalarımızın ibadət etdiklərindən döndərmək istəyirsiniz. Elə isə bizə açıq-aydın bir dəlil gətirin».

    14:10
  5. قَالَتْ لَهُمْ رُسُلُهُمْ إِنْ نَحْنُ إِلَّا بَشَرٌ مِثْلُكُمْ وَلَٰكِنَّ اللَّهَ يَمُنُّ عَلَىٰ مَنْ يَشَاءُ مِنْ عِبَادِهِ ۖ وَمَا كَانَ لَنَا أَنْ نَأْتِيَكُمْ بِسُلْطَانٍ إِلَّا بِإِذْنِ اللَّهِ ۚ وَعَلَى اللَّهِ فَلْيَتَوَكَّلِ الْمُؤْمِنُونَ

    Elçiləri (onlara) dedilər: «Biz də sizin kimi bir insanıq. Lakin Allah Öz qullarından istədiyinə lütfkarlıq edir. Allahın izni olmadan biz sizə heç bir dəlil gətirə bilmərik. Qoy möminlər ancaq Allaha təvəkkül etsinlər.

    14:11
  6. وَمَا لَنَا أَلَّا نَتَوَكَّلَ عَلَى اللَّهِ وَقَدْ هَدَانَا سُبُلَنَا ۚ وَلَنَصْبِرَنَّ عَلَىٰ مَا آذَيْتُمُونَا ۚ وَعَلَى اللَّهِ فَلْيَتَوَكَّلِ الْمُتَوَكِّلُونَ

    (Allah) bizə yollarımızı göstərdiyi halda, biz nə üçün Allaha təvəkkül etməyək? Sizin bizə verdiyiniz əziyyətlərə dözəcəyik. Qoy təvəkkül edənlər ancaq Allaha təvəkkül etsinlər».

    14:12

Tərcümə: Əlixan Musayev