Surə 18 Əl-Kəhf (Kəhf), ayə 18 – 22

  1. وَتَحْسَبُهُمْ أَيْقَاظًا وَهُمْ رُقُودٌ ۚ وَنُقَلِّبُهُمْ ذَاتَ الْيَمِينِ وَذَاتَ الشِّمَالِ ۖ وَكَلْبُهُمْ بَاسِطٌ ذِرَاعَيْهِ بِالْوَصِيدِ ۚ لَوِ اطَّلَعْتَ عَلَيْهِمْ لَوَلَّيْتَ مِنْهُمْ فِرَارًا وَلَمُلِئْتَ مِنْهُمْ رُعْبًا

    Onlar yatmış ikən sən onları oyaq hesab edərdin. Biz onları sağa-sola çevirirdik. Onların iti isə girəcəkdə qabaq pəncələrini uzadıb (yatmışdı). Əgər sən onları görsəydin, dönüb onlardan qaçardın və dəhşət səni bürüyərdi.

    18:18
  2. وَكَذَٰلِكَ بَعَثْنَاهُمْ لِيَتَسَاءَلُوا بَيْنَهُمْ ۚ قَالَ قَائِلٌ مِنْهُمْ كَمْ لَبِثْتُمْ ۖ قَالُوا لَبِثْنَا يَوْمًا أَوْ بَعْضَ يَوْمٍ ۚ قَالُوا رَبُّكُمْ أَعْلَمُ بِمَا لَبِثْتُمْ فَابْعَثُوا أَحَدَكُمْ بِوَرِقِكُمْ هَٰذِهِ إِلَى الْمَدِينَةِ فَلْيَنْظُرْ أَيُّهَا أَزْكَىٰ طَعَامًا فَلْيَأْتِكُمْ بِرِزْقٍ مِنْهُ وَلْيَتَلَطَّفْ وَلَا يُشْعِرَنَّ بِكُمْ أَحَدًا

    Beləcə onları oyatdıq ki, (nə baş verdiyini) bir-birindən soruşub öyrənsinlər. Onlardan biri: «(Burada) nə qədər qaldınız?» – dedi. (Bəziləri:) «Bir gün, yaxud günün bir hissəsi qədər qaldıq» – dedilər. (Digərləri də) dedilər: «Qaldığınız müddəti Rəbbiniz daha yaxşı bilir. Birinizi bu gümüş pulunuzla şəhərə göndərin. Qoy baxsın ən təmiz yemək hansıdırsa, ondan sizə azuqə gətirsin. Amma ehtiyatlı olsun və sizin barənizdə heç kəsi duyuq salmasın!

    18:19
  3. إِنَّهُمْ إِنْ يَظْهَرُوا عَلَيْكُمْ يَرْجُمُوكُمْ أَوْ يُعِيدُوكُمْ فِي مِلَّتِهِمْ وَلَنْ تُفْلِحُوا إِذًا أَبَدًا

    Çünki onlar sizi tapsalar ya sizi daşqalaq edər, ya da öz dinlərinə döndərərlər. (Onda) siz heç vaxt nicat tapa bilməzsiniz!»

    18:20
  4. وَكَذَٰلِكَ أَعْثَرْنَا عَلَيْهِمْ لِيَعْلَمُوا أَنَّ وَعْدَ اللَّهِ حَقٌّ وَأَنَّ السَّاعَةَ لَا رَيْبَ فِيهَا إِذْ يَتَنَازَعُونَ بَيْنَهُمْ أَمْرَهُمْ ۖ فَقَالُوا ابْنُوا عَلَيْهِمْ بُنْيَانًا ۖ رَبُّهُمْ أَعْلَمُ بِهِمْ ۚ قَالَ الَّذِينَ غَلَبُوا عَلَىٰ أَمْرِهِمْ لَنَتَّخِذَنَّ عَلَيْهِمْ مَسْجِدًا

    Beləcə, (insanları) onların halından xəbərdar etdik ki, Allahın vədinin həqiqət olduğunu və (Qiyamət) saatının gələcəyinə şübhə olmadığını bilsinlər. O zaman (möminlər və kafirlər) öz aralarında onların işi barəsində mübahisə edirdilər. (Bəziləri): «Onların üstündə bir bina tikin. Rəbbi onların halını daha yaxşı bilir!» – dedilər. (Mübahisədə) üstün gələnlər isə: «Onların (məzarı) üstündə mütləq bir məscid tikəcəyik!» – dedilər.

    18:21
  5. سَيَقُولُونَ ثَلَاثَةٌ رَابِعُهُمْ كَلْبُهُمْ وَيَقُولُونَ خَمْسَةٌ سَادِسُهُمْ كَلْبُهُمْ رَجْمًا بِالْغَيْبِ ۖ وَيَقُولُونَ سَبْعَةٌ وَثَامِنُهُمْ كَلْبُهُمْ ۚ قُلْ رَبِّي أَعْلَمُ بِعِدَّتِهِمْ مَا يَعْلَمُهُمْ إِلَّا قَلِيلٌ ۗ فَلَا تُمَارِ فِيهِمْ إِلَّا مِرَاءً ظَاهِرًا وَلَا تَسْتَفْتِ فِيهِمْ مِنْهُمْ أَحَدًا

    (Bəziləri:) «(Onlar) üçdür, dördüncüsü köpəkləridir!» – deyəcəklər. (Digərləri isə) «(Onlar) beşdir, altıncısı köpəkləridir!» – deyəcəklər. (Bununla da) qeyb haqqında təxmini fikir yürüdəcəklər. (Bəziləri də:) «Onlar yeddidir, səkkizincisi köpəkləridir!» – deyəcəklər. De: «Onların sayını Rəbbim daha yaxşı bilir. (İnsanlardan) bunu bilən çox azdır!» Mağara əhli barədə açıq mübahisə et [ayələrə əsaslan] və (kitab əhlinin) heç birindən onlar barədə bir şey soruşma!

    18:22

Tərcümə: Əlixan Musayev