Surə 23 Əl-Muminum (Muminun), ayə 93 – 118

  1. قُلْ رَبِّ إِمَّا تُرِيَنِّي مَا يُوعَدُونَ

    De: «Ey Rəbbim! Əgər onlara vəd olunanı mənə göstərəcəksənsə,

    23:93
  2. رَبِّ فَلَا تَجْعَلْنِي فِي الْقَوْمِ الظَّالِمِينَ

    məni zalım adamların içində qoyma, ey Rəbbim!»

    23:94
  3. وَإِنَّا عَلَىٰ أَنْ نُرِيَكَ مَا نَعِدُهُمْ لَقَادِرُونَ

    Sözsüz ki, Biz onlara vəd etdiyimizi sənə göstərməyə qadirik.

    23:95
  4. ادْفَعْ بِالَّتِي هِيَ أَحْسَنُ السَّيِّئَةَ ۚ نَحْنُ أَعْلَمُ بِمَا يَصِفُونَ

    Sən pisliyi yaxşılıqla dəf et. Biz onların aid etdikləri sifətləri daha yaxşı bilirik.

    23:96
  5. وَقُلْ رَبِّ أَعُوذُ بِكَ مِنْ هَمَزَاتِ الشَّيَاطِينِ

    De: «Ey Rəbbim! Şeytanların vəsvəsələrindən Sənə sığınıram!

    23:97
  6. وَأَعُوذُ بِكَ رَبِّ أَنْ يَحْضُرُونِ

    Onların mənə yaxınlaşmalarından Sənə sığınıram, ey Rəbbim!»

    23:98
  7. حَتَّىٰ إِذَا جَاءَ أَحَدَهُمُ الْمَوْتُ قَالَ رَبِّ ارْجِعُونِ

    Nəhayət, onlardan birinə ölüm gəldiyi zaman deyər: «Ey Rəbbim! Məni geri qaytar.

    23:99
  8. لَعَلِّي أَعْمَلُ صَالِحًا فِيمَا تَرَكْتُ ۚ كَلَّا ۚ إِنَّهَا كَلِمَةٌ هُوَ قَائِلُهَا ۖ وَمِنْ وَرَائِهِمْ بَرْزَخٌ إِلَىٰ يَوْمِ يُبْعَثُونَ

    Bəlkə, tərk etdiyim yaxşı əməlləri (indi) edəm». Xeyr! Onun bu dedikləri ancaq (boş) bir sözdür. Onların arxasında diriləcəkləri günə qədər bərzəx (həyatı) vardır.

    23:100
  9. فَإِذَا نُفِخَ فِي الصُّورِ فَلَا أَنْسَابَ بَيْنَهُمْ يَوْمَئِذٍ وَلَا يَتَسَاءَلُونَ

    Sur üfürüləcəyi gün onların aralarında qohumluq əlaqəsi olmayacaq və onlar bir-birindən hal-əhval tutmayacaqlar.

    23:101
  10. فَمَنْ ثَقُلَتْ مَوَازِينُهُ فَأُولَٰئِكَ هُمُ الْمُفْلِحُونَ

    (O gün) məhz tərəziləri ağır gələnlər nicat tapacaqlar.

    23:102
  11. وَمَنْ خَفَّتْ مَوَازِينُهُ فَأُولَٰئِكَ الَّذِينَ خَسِرُوا أَنْفُسَهُمْ فِي جَهَنَّمَ خَالِدُونَ

    Tərəziləri yüngül gələnlər isə özlərini ziyana uğradanlardır. (Onlar) Cəhənnəmdə əbədi qalacaqlar.

    23:103
  12. تَلْفَحُ وُجُوهَهُمُ النَّارُ وَهُمْ فِيهَا كَالِحُونَ

    Od onların üzünü yandıracaq və onlar orada qıc olmuş vəziyyətdə qalacaqlar.

    23:104
  13. أَلَمْ تَكُنْ آيَاتِي تُتْلَىٰ عَلَيْكُمْ فَكُنْتُمْ بِهَا تُكَذِّبُونَ

    Məgər Mənim ayələrim sizə oxunmurdumu, siz də onları yalan hesab etmirdinizmi?

    23:105
  14. قَالُوا رَبَّنَا غَلَبَتْ عَلَيْنَا شِقْوَتُنَا وَكُنَّا قَوْمًا ضَالِّينَ

    Onlar deyəcəklər: «Ey Rəbbimiz! Bədbəxtliyimiz bizə üstün gəldi və biz doğru yoldan azan bir camaat olduq.

    23:106
  15. رَبَّنَا أَخْرِجْنَا مِنْهَا فَإِنْ عُدْنَا فَإِنَّا ظَالِمُونَ

    Ey Rəbbimiz! Bizi oradan çıxart! Əgər bir də (günah işlərə) qayıtsaq, həqiqətən də, zalım olarıq».

    23:107
  16. قَالَ اخْسَئُوا فِيهَا وَلَا تُكَلِّمُونِ

    (Allah) buyuracaq: «Orada alçalmış vəziyyətdə qalın və Mənə heç nə deməyin!

    23:108
  17. إِنَّهُ كَانَ فَرِيقٌ مِنْ عِبَادِي يَقُولُونَ رَبَّنَا آمَنَّا فَاغْفِرْ لَنَا وَارْحَمْنَا وَأَنْتَ خَيْرُ الرَّاحِمِينَ

    Həqiqətən, qullarımdan bir zümrə var idi ki, onlar: «Ey Rəbbimiz! Biz iman gətirdik. Bizi bağışla, bizə rəhm et! Sən rəhm edənlərin ən yaxşısısan!» – deyirdilər.

    23:109
  18. فَاتَّخَذْتُمُوهُمْ سِخْرِيًّا حَتَّىٰ أَنْسَوْكُمْ ذِكْرِي وَكُنْتُمْ مِنْهُمْ تَضْحَكُونَ

    Siz isə onları məsxərəyə qoyurdunuz. Sonda bu (məsxərə) Məni yada salmağı belə sizə unutdurdu. Siz onlara gülürdünüz.

    23:110
  19. إِنِّي جَزَيْتُهُمُ الْيَوْمَ بِمَا صَبَرُوا أَنَّهُمْ هُمُ الْفَائِزُونَ

    Bu gün Mən səbir etdiklərinə görə onları mükafatlandırdım. Şübhəsiz ki, uğur qazananlar da onlardır!»

    23:111
  20. قَالَ كَمْ لَبِثْتُمْ فِي الْأَرْضِ عَدَدَ سِنِينَ

    Allah kafirlərdən: «Yer üzündə neçə il qaldınız?» – deyə soruşacaq.

    23:112
  21. قَالُوا لَبِثْنَا يَوْمًا أَوْ بَعْضَ يَوْمٍ فَاسْأَلِ الْعَادِّينَ

    Onlar: «Bir gün yaxud bir gündən də az qaldıq. Sən (günləri) sayanlardan soruş» – deyəcəklər.

    23:113
  22. قَالَ إِنْ لَبِثْتُمْ إِلَّا قَلِيلًا ۖ لَوْ أَنَّكُمْ كُنْتُمْ تَعْلَمُونَ

    (Allah) deyəcək: «Siz (orada) çox az qaldınız. Kaş (bunu) biləydiniz!

    23:114
  23. أَفَحَسِبْتُمْ أَنَّمَا خَلَقْنَاكُمْ عَبَثًا وَأَنَّكُمْ إِلَيْنَا لَا تُرْجَعُونَ

    Yoxsa elə hesab edirdiniz ki, sizi əbəs yerə yaratmışıq və siz (heç vaxt) Bizə qaytarılmayacaqsınız?»

    23:115
  24. فَتَعَالَى اللَّهُ الْمَلِكُ الْحَقُّ ۖ لَا إِلَٰهَ إِلَّا هُوَ رَبُّ الْعَرْشِ الْكَرِيمِ

    Haqq Hökmdar olan Allah (hər şeydən) ucadır! Ondan başqa (ibadətə layiq olan) heç bir məbud yoxdur. O, şanlı Ərşin Rəbbidir.

    23:116
  25. وَمَنْ يَدْعُ مَعَ اللَّهِ إِلَٰهًا آخَرَ لَا بُرْهَانَ لَهُ بِهِ فَإِنَّمَا حِسَابُهُ عِنْدَ رَبِّهِ ۚ إِنَّهُ لَا يُفْلِحُ الْكَافِرُونَ

    Kim Allahla yanaşı, haqqında özünün heç bir dəlili olmadığı başqa bir məbuda ibadət edərsə, onun cəzasını Rəbbi Özü verəcəkdir. Şübhəsiz ki, kafirlər nicat tapmazlar!

    23:117
  26. وَقُلْ رَبِّ اغْفِرْ وَارْحَمْ وَأَنْتَ خَيْرُ الرَّاحِمِينَ

    De: «Ey Rəbbim, bağışla və rəhm et! Sən rəhm edənlərin ən yaxşısısan!»

    23:118

Tərcümə: Əlixan Musayev