Surə 4 Ən-Nisa (Nisa), ayə 105 – 112

  1. إِنَّا أَنْزَلْنَا إِلَيْكَ الْكِتَابَ بِالْحَقِّ لِتَحْكُمَ بَيْنَ النَّاسِ بِمَا أَرَاكَ اللَّهُ ۚ وَلَا تَكُنْ لِلْخَائِنِينَ خَصِيمًا

    Doğrusu, Allahın sənə göstərdiyi kimi insanlar arasında hökm verəsən deyə, Biz sənə Kitabı haqq olaraq nazil etdik. Odur ki, xainlərin tərəfini tutma.

    4:105
  2. وَاسْتَغْفِرِ اللَّهَ ۖ إِنَّ اللَّهَ كَانَ غَفُورًا رَحِيمًا

    Allahdan bağışlanma dilə! Şübhəsiz ki, Allah bağışlayandır, rəhmlidir.

    4:106
  3. وَلَا تُجَادِلْ عَنِ الَّذِينَ يَخْتَانُونَ أَنْفُسَهُمْ ۚ إِنَّ اللَّهَ لَا يُحِبُّ مَنْ كَانَ خَوَّانًا أَثِيمًا

    Özlərinə xəyanət edənləri müdafiə etmə. Şübhəsiz ki, Allah xain günahkarı sevməz.

    4:107
  4. يَسْتَخْفُونَ مِنَ النَّاسِ وَلَا يَسْتَخْفُونَ مِنَ اللَّهِ وَهُوَ مَعَهُمْ إِذْ يُبَيِّتُونَ مَا لَا يَرْضَىٰ مِنَ الْقَوْلِ ۚ وَكَانَ اللَّهُ بِمَا يَعْمَلُونَ مُحِيطًا

    Onlar (Allahın) razı qalmadığı sözləri gecələr xəlvətdə söyləyərkən, (onu) insanlardan gizlədir, öz yanlarında olan Allahdan isə gizlətmirlər. Allah onların nə etdiklərini əhatə edir.

    4:108
  5. هَا أَنْتُمْ هَٰؤُلَاءِ جَادَلْتُمْ عَنْهُمْ فِي الْحَيَاةِ الدُّنْيَا فَمَنْ يُجَادِلُ اللَّهَ عَنْهُمْ يَوْمَ الْقِيَامَةِ أَمْ مَنْ يَكُونُ عَلَيْهِمْ وَكِيلًا

    Bax, siz o kəslərsiniz ki, dünya həyatında onlardan ötrü mübahisə etdiniz, bəs Qiyamət günü onlardan ötrü Allahla kim mübahisə edəcək, yaxud onlara kim vəkil olacaq?

    4:109
  6. وَمَنْ يَعْمَلْ سُوءًا أَوْ يَظْلِمْ نَفْسَهُ ثُمَّ يَسْتَغْفِرِ اللَّهَ يَجِدِ اللَّهَ غَفُورًا رَحِيمًا

    Kim pis bir iş görər və ya özü özünə zülm edər, sonra da Allahdan bağışlanma diləyərsə, Allahın bağışlayan, rəhmli olduğunu görər.

    4:110
  7. وَمَنْ يَكْسِبْ إِثْمًا فَإِنَّمَا يَكْسِبُهُ عَلَىٰ نَفْسِهِ ۚ وَكَانَ اللَّهُ عَلِيمًا حَكِيمًا

    Kim günah qazanarsa, onu ancaq öz əleyhinə qazanmış olar. Allah (hər şeyi) biləndir, hikmət sahibidir.

    4:111
  8. وَمَنْ يَكْسِبْ خَطِيئَةً أَوْ إِثْمًا ثُمَّ يَرْمِ بِهِ بَرِيئًا فَقَدِ احْتَمَلَ بُهْتَانًا وَإِثْمًا مُبِينًا

    Kim xəta edər və ya günah qazanar, sonra da onu təqsiri olmayanın boynuna atarsa, özü özünə böhtan atmış və açıq aydın günaha batmış olar.

    4:112

Tərcümə: Əlixan Musayev