Surə 7 Əl-Əraf (Əraf), ayə 142 – 144

  1. وَوَاعَدْنَا مُوسَىٰ ثَلَاثِينَ لَيْلَةً وَأَتْمَمْنَاهَا بِعَشْرٍ فَتَمَّ مِيقَاتُ رَبِّهِ أَرْبَعِينَ لَيْلَةً ۚ وَقَالَ مُوسَىٰ لِأَخِيهِ هَارُونَ اخْلُفْنِي فِي قَوْمِي وَأَصْلِحْ وَلَا تَتَّبِعْ سَبِيلَ الْمُفْسِدِينَ

    Biz Musaya otuz gecəlik vədə verdik və buna on (gecə də) əlavə etdik. Beləliklə də Rəbbinin təyin etdiyi vaxt qırx gecə oldu. Musa qardaşı Haruna dedi: «Xalqımın içərisində məni əvəz et, (onları) islah et və fəsad törədənlərin yoluna uyma!»

    7:142
  2. وَلَمَّا جَاءَ مُوسَىٰ لِمِيقَاتِنَا وَكَلَّمَهُ رَبُّهُ قَالَ رَبِّ أَرِنِي أَنْظُرْ إِلَيْكَ ۚ قَالَ لَنْ تَرَانِي وَلَٰكِنِ انْظُرْ إِلَى الْجَبَلِ فَإِنِ اسْتَقَرَّ مَكَانَهُ فَسَوْفَ تَرَانِي ۚ فَلَمَّا تَجَلَّىٰ رَبُّهُ لِلْجَبَلِ جَعَلَهُ دَكًّا وَخَرَّ مُوسَىٰ صَعِقًا ۚ فَلَمَّا أَفَاقَ قَالَ سُبْحَانَكَ تُبْتُ إِلَيْكَ وَأَنَا أَوَّلُ الْمُؤْمِنِينَ

    Musa təyin etdiyimiz vaxtda gəldikdə Rəbbi onunla danışdı. (Musa) dedi: «Ey Rəbbim! (Özünü) mənə göstər, Sənə baxım». (Allah) dedi: «Sən məni görə bilməzsən. Lakin (bu) dağa bax. Əgər o, öz yerində qala bilsə, sən də Məni görəcəksən». Rəbbi dağa göründükdə onu parça-parça etdi. Musa da bayılaraq yerə sərildi. Özünə gəldikdə isə dedi: «Sən pak və müqəddəssən! Sənə tövbə etdim və mən iman gətirənlərin birincisiyəm!»

    7:143
  3. قَالَ يَا مُوسَىٰ إِنِّي اصْطَفَيْتُكَ عَلَى النَّاسِ بِرِسَالَاتِي وَبِكَلَامِي فَخُذْ مَا آتَيْتُكَ وَكُنْ مِنَ الشَّاكِرِينَ

    (Allah) dedi: «Ey Musa! Mən vəhy etdiyim hökmlərimlə və (səninlə) danışmağımla səni seçib insanlardan üstün etdim. Elə isə sənə verdiyimi götür və şükür edənlərdən ol!»

    7:144

Tərcümə: Əlixan Musayev