Mushaf, səhifə 144

  1. فَمَنْ يُرِدِ اللَّهُ أَنْ يَهْدِيَهُ يَشْرَحْ صَدْرَهُ لِلْإِسْلَامِ ۖ وَمَنْ يُرِدْ أَنْ يُضِلَّهُ يَجْعَلْ صَدْرَهُ ضَيِّقًا حَرَجًا كَأَنَّمَا يَصَّعَّدُ فِي السَّمَاءِ ۚ كَذَٰلِكَ يَجْعَلُ اللَّهُ الرِّجْسَ عَلَى الَّذِينَ لَا يُؤْمِنُونَ

    Allah kimi doğru yola yönəltmək istəsə, onun köksünü İslam üçün açar, kimi azdırmaq istəsə, onun köksünü, sanki o, göyə çıxırmış kimi daraldar və sıxıntılı edər. Allah iman gətirməyənləri beləcə cəzalandırar.

    6:125
  2. وَهَٰذَا صِرَاطُ رَبِّكَ مُسْتَقِيمًا ۗ قَدْ فَصَّلْنَا الْآيَاتِ لِقَوْمٍ يَذَّكَّرُونَ

    Rəbbinin doğru yolu budur. Artıq Biz ayələri düşünən bir qövmə izah etdik.

    6:126
  3. لَهُمْ دَارُ السَّلَامِ عِنْدَ رَبِّهِمْ ۖ وَهُوَ وَلِيُّهُمْ بِمَا كَانُوا يَعْمَلُونَ

    Onlar üçün Rəbbi yanında əmin-amanlıq yurdu hazırlanmışdır. Gördükləri (yaxşı) işlərə görə onların Himayəçisi Odur.

    6:127
  4. وَيَوْمَ يَحْشُرُهُمْ جَمِيعًا يَا مَعْشَرَ الْجِنِّ قَدِ اسْتَكْثَرْتُمْ مِنَ الْإِنْسِ ۖ وَقَالَ أَوْلِيَاؤُهُمْ مِنَ الْإِنْسِ رَبَّنَا اسْتَمْتَعَ بَعْضُنَا بِبَعْضٍ وَبَلَغْنَا أَجَلَنَا الَّذِي أَجَّلْتَ لَنَا ۚ قَالَ النَّارُ مَثْوَاكُمْ خَالِدِينَ فِيهَا إِلَّا مَا شَاءَ اللَّهُ ۗ إِنَّ رَبَّكَ حَكِيمٌ عَلِيمٌ

    (Allah) onların hamısını (bir yerə) toplayacağı gün (deyəcəkdir): «Ey cin tayfası! Artıq siz insanlardan bir çoxunu özünüzə tabe etdiniz». Onların insanlardan olan dostları isə deyəcəklər: «Ey Rəbbimiz! Biz bir-birimizdən faydalandıq və bizim üçün müəyyən etdiyin əcəlimizə yetişdik». (Allah) deyəcək: «Sizin qalacağınız yer Oddur. Allahın istədikləri kəslərdən başqa siz orada əbədi qalacaqsınız». Həqiqətən, Rəbbin hikmət sahibidir, (hər şeyi) biləndir.

    6:128
  5. وَكَذَٰلِكَ نُوَلِّي بَعْضَ الظَّالِمِينَ بَعْضًا بِمَا كَانُوا يَكْسِبُونَ

    Beləliklə, qazandıqları (günahlara) görə zalımların bir qismini digərinə hakim təyin edərik.

    6:129
  6. يَا مَعْشَرَ الْجِنِّ وَالْإِنْسِ أَلَمْ يَأْتِكُمْ رُسُلٌ مِنْكُمْ يَقُصُّونَ عَلَيْكُمْ آيَاتِي وَيُنْذِرُونَكُمْ لِقَاءَ يَوْمِكُمْ هَٰذَا ۚ قَالُوا شَهِدْنَا عَلَىٰ أَنْفُسِنَا ۖ وَغَرَّتْهُمُ الْحَيَاةُ الدُّنْيَا وَشَهِدُوا عَلَىٰ أَنْفُسِهِمْ أَنَّهُمْ كَانُوا كَافِرِينَ

    (Allah deyəcək:) «Ey cin və insan tayfası! Məgər sizə öz içərinizdən ayələrimi xəbər verən və bu gününüzlə qarşılaşacağınız barədə sizə xəbərdarlıq edən elçilər gəlmədimi?» Onlar deyəcəklər: «Biz öz əleyhimizə şahidlik edirik!» Onları dünya həyatı aldatdı və onlar kafir olduqları barədə özlərinə qarşı şəhadət verdilər.

    6:130
  7. ذَٰلِكَ أَنْ لَمْ يَكُنْ رَبُّكَ مُهْلِكَ الْقُرَىٰ بِظُلْمٍ وَأَهْلُهَا غَافِلُونَ

    Bu ona görədir ki, sənin Rəbbin əhalisi qafil olan kəndləri haqsızcasına məhv etməz.

    6:131

Tərcümə: Əlixan Musayev