Mushaf, səhifə 430

  1. لَقَدْ كَانَ لِسَبَإٍ فِي مَسْكَنِهِمْ آيَةٌ ۖ جَنَّتَانِ عَنْ يَمِينٍ وَشِمَالٍ ۖ كُلُوا مِنْ رِزْقِ رَبِّكُمْ وَاشْكُرُوا لَهُ ۚ بَلْدَةٌ طَيِّبَةٌ وَرَبٌّ غَفُورٌ

    Səba (qəbiləsinin) yaşadığı yerdə nişanə – (biri) sağda, (digəri də) solda olan iki bağça var idi. (Onlara:) «Rəbbinizin ruzisindən yeyin və Ona şükür edin. (Budur) gözəl diyar və Bağışlayan Rəbb!» – (deyilmişdi).

    34:15
  2. فَأَعْرَضُوا فَأَرْسَلْنَا عَلَيْهِمْ سَيْلَ الْعَرِمِ وَبَدَّلْنَاهُمْ بِجَنَّتَيْهِمْ جَنَّتَيْنِ ذَوَاتَيْ أُكُلٍ خَمْطٍ وَأَثْلٍ وَشَيْءٍ مِنْ سِدْرٍ قَلِيلٍ

    Amma onlar üz döndərdilər, Biz də üstlərinə güclü sel göndərdik. Onların iki bağçasını acı meyvəli, yulğunlu və (içində) bir az sidr ağacı olan iki bağla əvəz etdik.

    34:16
  3. ذَٰلِكَ جَزَيْنَاهُمْ بِمَا كَفَرُوا ۖ وَهَلْ نُجَازِي إِلَّا الْكَفُورَ

    Nankorluqlarına görə onları belə cəzalandırdıq. Məgər biz nankordan başqasını cəzalandırarıqmı?!

    34:17
  4. وَجَعَلْنَا بَيْنَهُمْ وَبَيْنَ الْقُرَى الَّتِي بَارَكْنَا فِيهَا قُرًى ظَاهِرَةً وَقَدَّرْنَا فِيهَا السَّيْرَ ۖ سِيرُوا فِيهَا لَيَالِيَ وَأَيَّامًا آمِنِينَ

    (Səba qəbiləsi ilə) bərəkət verdiyimiz məmləkətlər arasında aydın görünən (bir-birinə yaxın) şəhərlər salmış, orada gediş-gəliş yaratmışdıq. «Oralarda gecələr və gündüzlər arxayın gəzib dolaşın!» – (demişdik).

    34:18
  5. فَقَالُوا رَبَّنَا بَاعِدْ بَيْنَ أَسْفَارِنَا وَظَلَمُوا أَنْفُسَهُمْ فَجَعَلْنَاهُمْ أَحَادِيثَ وَمَزَّقْنَاهُمْ كُلَّ مُمَزَّقٍ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِكُلِّ صَبَّارٍ شَكُورٍ

    Onlar isə: «Ey Rəbbimiz! Səfərlərimizdə (dayanacağımız şəhərlər arasındakı) məsafəni uzaq et!» – dedilər və özlərinə zülm etdilər. Biz onları (ibrət alınası) əfsanələrə çevirdik, özlərini də darmadağın etdik. Həqiqətən, səbirli olan və şükür edən hər kəs bundan ibrət alar.

    34:19
  6. وَلَقَدْ صَدَّقَ عَلَيْهِمْ إِبْلِيسُ ظَنَّهُ فَاتَّبَعُوهُ إِلَّا فَرِيقًا مِنَ الْمُؤْمِنِينَ

    İblisin onlar barəsindəki zənni doğru çıxdı. Bir dəstə mömindən başqa, qalanları ona tabe oldular.

    34:20
  7. وَمَا كَانَ لَهُ عَلَيْهِمْ مِنْ سُلْطَانٍ إِلَّا لِنَعْلَمَ مَنْ يُؤْمِنُ بِالْآخِرَةِ مِمَّنْ هُوَ مِنْهَا فِي شَكٍّ ۗ وَرَبُّكَ عَلَىٰ كُلِّ شَيْءٍ حَفِيظٌ

    Halbuki (İblis) bu insanlar üzərində ixtiyar sahibi deyildi. Biz ancaq axirətə inananla ona şəkk gətirən kimsələri ayırd etmək üçün (İblisə) belə bir fürsət verdik. Sənin Rəbbin hər şeyi hifz edəndir.

    34:21
  8. قُلِ ادْعُوا الَّذِينَ زَعَمْتُمْ مِنْ دُونِ اللَّهِ ۖ لَا يَمْلِكُونَ مِثْقَالَ ذَرَّةٍ فِي السَّمَاوَاتِ وَلَا فِي الْأَرْضِ وَمَا لَهُمْ فِيهِمَا مِنْ شِرْكٍ وَمَا لَهُ مِنْهُمْ مِنْ ظَهِيرٍ

    De: «Allahdan başqa məbud saydıqlarınızı çağırın». Onlar göylərdə və yerdə zərrə qədər bir şeyə sahib deyillər. Onların (göylərin və yerin yaradılışında) heç bir şərikliyi yoxdur və onlardan Allaha yardımçı olanı da yoxdur.

    34:22

Tərcümə: Əlixan Musayev