Surə 2 Əl-Bəqərə (Bəqərə), ayə 282 – 283

  1. يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا تَدَايَنْتُمْ بِدَيْنٍ إِلَىٰ أَجَلٍ مُسَمًّى فَاكْتُبُوهُ ۚ وَلْيَكْتُبْ بَيْنَكُمْ كَاتِبٌ بِالْعَدْلِ ۚ وَلَا يَأْبَ كَاتِبٌ أَنْ يَكْتُبَ كَمَا عَلَّمَهُ اللَّهُ ۚ فَلْيَكْتُبْ وَلْيُمْلِلِ الَّذِي عَلَيْهِ الْحَقُّ وَلْيَتَّقِ اللَّهَ رَبَّهُ وَلَا يَبْخَسْ مِنْهُ شَيْئًا ۚ فَإِنْ كَانَ الَّذِي عَلَيْهِ الْحَقُّ سَفِيهًا أَوْ ضَعِيفًا أَوْ لَا يَسْتَطِيعُ أَنْ يُمِلَّ هُوَ فَلْيُمْلِلْ وَلِيُّهُ بِالْعَدْلِ ۚ وَاسْتَشْهِدُوا شَهِيدَيْنِ مِنْ رِجَالِكُمْ ۖ فَإِنْ لَمْ يَكُونَا رَجُلَيْنِ فَرَجُلٌ وَامْرَأَتَانِ مِمَّنْ تَرْضَوْنَ مِنَ الشُّهَدَاءِ أَنْ تَضِلَّ إِحْدَاهُمَا فَتُذَكِّرَ إِحْدَاهُمَا الْأُخْرَىٰ ۚ وَلَا يَأْبَ الشُّهَدَاءُ إِذَا مَا دُعُوا ۚ وَلَا تَسْأَمُوا أَنْ تَكْتُبُوهُ صَغِيرًا أَوْ كَبِيرًا إِلَىٰ أَجَلِهِ ۚ ذَٰلِكُمْ أَقْسَطُ عِنْدَ اللَّهِ وَأَقْوَمُ لِلشَّهَادَةِ وَأَدْنَىٰ أَلَّا تَرْتَابُوا ۖ إِلَّا أَنْ تَكُونَ تِجَارَةً حَاضِرَةً تُدِيرُونَهَا بَيْنَكُمْ فَلَيْسَ عَلَيْكُمْ جُنَاحٌ أَلَّا تَكْتُبُوهَا ۗ وَأَشْهِدُوا إِذَا تَبَايَعْتُمْ ۚ وَلَا يُضَارَّ كَاتِبٌ وَلَا شَهِيدٌ ۚ وَإِنْ تَفْعَلُوا فَإِنَّهُ فُسُوقٌ بِكُمْ ۗ وَاتَّقُوا اللَّهَ ۖ وَيُعَلِّمُكُمُ اللَّهُ ۗ وَاللَّهُ بِكُلِّ شَيْءٍ عَلِيمٌ

    Ey iman gətirənlər! Müəyyən bir müddətədək bir-birinizə borc verdikdə, onu yazın. Qoy bunu aranızda bir katib ədalətlə yazsın. Katib Allahın onu öyrətdiyi kimi yazmaqdan boyun qaçırmasın. Qoy o yazsın, borc alan adam da (götürdüyü borcun miqdarını) yazdırsın, Rəbbi olan Allahdan qorxsun və borcdan heç bir şey əskiltməsin. Əgər borc alan adam səfehdirsə, yaxud (ağıldan) zəifdirsə və ya özü yazdırmağa qadir deyilsə, qoy onun himayədarı (borcu) ədalətlə yazdırsın. Aranızdakı kişilərdən iki nəfəri şahid tutun. Əgər iki kişi tapılmazsa, razı olduğunuz şahidlərdən bir kişi və iki qadını (şahid tutun) ki, (qadınlardan) biri unutduqda, o birisi onun yadına salsın. Şahidlər (şahidlik etməyə) çağırıldıqda, boyun qaçırmasınlar. Az da olsa, çox da olsa, onun (qaytarılma) vaxtını yazmaqdan usanmayın. Belə etməyiniz, Allah yanında daha ədalətli, şahidlik üçün daha düzgün və şübhəyə düşməməyiniz üçün daha münasibdir. Yalnız aranızda gedən nağd ticarət istisnadır. Bunu yazmamağınız isə sizin üçün günah deyildir. Alış-veriş etdikdə şahid tutun. Lakin katibə və şahidə zərər verilməsin. Əgər (zərər) versəniz, şübhəsiz ki, bu, sizin üçün bir fasiqlikdir. Allahdan qorxun! Allah sizi öyrədir. Allah hər şeyi bilir.

    2:282
  2. وَإِنْ كُنْتُمْ عَلَىٰ سَفَرٍ وَلَمْ تَجِدُوا كَاتِبًا فَرِهَانٌ مَقْبُوضَةٌ ۖ فَإِنْ أَمِنَ بَعْضُكُمْ بَعْضًا فَلْيُؤَدِّ الَّذِي اؤْتُمِنَ أَمَانَتَهُ وَلْيَتَّقِ اللَّهَ رَبَّهُ ۗ وَلَا تَكْتُمُوا الشَّهَادَةَ ۚ وَمَنْ يَكْتُمْهَا فَإِنَّهُ آثِمٌ قَلْبُهُ ۗ وَاللَّهُ بِمَا تَعْمَلُونَ عَلِيمٌ

    Əgər səfərdə olduqda katib tapmasanız, (borc yiyəsi) (yanında) saxlanılmış girov yetərlidir. Əgər sizlərdən biri digərinə etibar edirsə, qoy etibar olunmuş kəs (ona verilmiş) əmanəti qaytarsın və Rəbbi olan Allahdan qorxsun. Şahidliyi gizlətməyin! Kim onu gizlədirsə, şübhəsiz ki, onun qəlbi günahkardır. Allah nə etdiklərinizi bilir.

    2:283

Tərcümə: Əlixan Musayev