Mushaf, səhifə 20

  1. وَإِذْ يَرْفَعُ إِبْرَاهِيمُ الْقَوَاعِدَ مِنَ الْبَيْتِ وَإِسْمَاعِيلُ رَبَّنَا تَقَبَّلْ مِنَّا ۖ إِنَّكَ أَنْتَ السَّمِيعُ الْعَلِيمُ

    İbrahim və İsmail (müqəddəs) Evin bünövrəsini qaldırarkən (belə) (dua etmişdilər): «Ey Rəbbimiz! (Bu əməli) bizdən qəbul et! Həqiqətən, Sən Eşidənsən, Bilənsən!

    2:127
  2. رَبَّنَا وَاجْعَلْنَا مُسْلِمَيْنِ لَكَ وَمِنْ ذُرِّيَّتِنَا أُمَّةً مُسْلِمَةً لَكَ وَأَرِنَا مَنَاسِكَنَا وَتُبْ عَلَيْنَا ۖ إِنَّكَ أَنْتَ التَّوَّابُ الرَّحِيمُ

    Ey Rəbbimiz! İkimizi də Sənə təslim olan, nəslimizdən də Sənə təslim olacaq bir ümmət et. Bizə ibadət qaydalarını göstər və tövbəmizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, Rəhmlisən!

    2:128
  3. رَبَّنَا وَابْعَثْ فِيهِمْ رَسُولًا مِنْهُمْ يَتْلُو عَلَيْهِمْ آيَاتِكَ وَيُعَلِّمُهُمُ الْكِتَابَ وَالْحِكْمَةَ وَيُزَكِّيهِمْ ۚ إِنَّكَ أَنْتَ الْعَزِيزُ الْحَكِيمُ

    Ey Rəbbimiz! Onların içərisindən özlərinə elə bir elçi göndər ki, Sənin ayələrini onlara oxusun, Kitabı və hikməti onlara öyrətsin və onları (günahlardan) təmizləsin! Həqiqətən, Sən Qüdrətlisən, Müdriksən!»

    2:129
  4. وَمَنْ يَرْغَبُ عَنْ مِلَّةِ إِبْرَاهِيمَ إِلَّا مَنْ سَفِهَ نَفْسَهُ ۚ وَلَقَدِ اصْطَفَيْنَاهُ فِي الدُّنْيَا ۖ وَإِنَّهُ فِي الْآخِرَةِ لَمِنَ الصَّالِحِينَ

    Səfehlik edən kəsdən başqa kim İbrahimin dinindən üz çevirər?! Biz onu dünyada (elçi) seçdik. Şübhəsiz ki, o, axirətdə də, əməlisalehlərdəndir.

    2:130
  5. إِذْ قَالَ لَهُ رَبُّهُ أَسْلِمْ ۖ قَالَ أَسْلَمْتُ لِرَبِّ الْعَالَمِينَ

    (Çünki) Rəbbi ona: «Müsəlman ol!» – dedikdə, o: «Aləmlərin Rəbbinə təslim oldum!» – demişdi.

    2:131
  6. وَوَصَّىٰ بِهَا إِبْرَاهِيمُ بَنِيهِ وَيَعْقُوبُ يَا بَنِيَّ إِنَّ اللَّهَ اصْطَفَىٰ لَكُمُ الدِّينَ فَلَا تَمُوتُنَّ إِلَّا وَأَنْتُمْ مُسْلِمُونَ

    İbrahim də, Yaqub da, bunu oğullarına vəsiyyət etdilər: «Ey oğullarım! Həqiqətən, Allah bu dini sizin üçün seçmişdir. Siz də ancaq müsəlman olaraq ölməlisiniz!»

    2:132
  7. أَمْ كُنْتُمْ شُهَدَاءَ إِذْ حَضَرَ يَعْقُوبَ الْمَوْتُ إِذْ قَالَ لِبَنِيهِ مَا تَعْبُدُونَ مِنْ بَعْدِي قَالُوا نَعْبُدُ إِلَٰهَكَ وَإِلَٰهَ آبَائِكَ إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ وَإِسْحَاقَ إِلَٰهًا وَاحِدًا وَنَحْنُ لَهُ مُسْلِمُونَ

    Yoxsa siz Yaquba ölüm gəldiyi zaman (onun) yanında idiniz? O zaman o, öz oğullarına demişdi: «Məndən sonra nəyə ibadət edəcəksiniz?» Onlar dedilər: «Sənin İlahına, ataların – İbrahimin, İsmailin və İshaqın İlahı olan Tək İlaha ibadət edəcəyik. Biz yalnız Ona təslim olanlarıq!»

    2:133
  8. تِلْكَ أُمَّةٌ قَدْ خَلَتْ ۖ لَهَا مَا كَسَبَتْ وَلَكُمْ مَا كَسَبْتُمْ ۖ وَلَا تُسْأَلُونَ عَمَّا كَانُوا يَعْمَلُونَ

    Onlar bir ümmət idi ki, gəlib getdilər. Onların qazandıqları özlərinə, sizin qazandığınız isə sizə aiddir. Siz onların etdikləri əməllər barədə sorğu-sual olunmayacaqsınız.

    2:134

Tərcümə: Əlixan Musayev