Mushaf, səhifə 21

  1. وَقَالُوا كُونُوا هُودًا أَوْ نَصَارَىٰ تَهْتَدُوا ۗ قُلْ بَلْ مِلَّةَ إِبْرَاهِيمَ حَنِيفًا ۖ وَمَا كَانَ مِنَ الْمُشْرِكِينَ

    (Yəhudilər və xaçpərəstlər müsəlmanlara) dedilər: «Yəhudi və ya xaçpərəst olun ki, doğru yola yönələsiniz!» De: «Əksinə, (biz) hənif İbrahimin dininə (tabeyik). O, müşriklərdən deyildi.»

    2:135
  2. قُولُوا آمَنَّا بِاللَّهِ وَمَا أُنْزِلَ إِلَيْنَا وَمَا أُنْزِلَ إِلَىٰ إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ وَإِسْحَاقَ وَيَعْقُوبَ وَالْأَسْبَاطِ وَمَا أُوتِيَ مُوسَىٰ وَعِيسَىٰ وَمَا أُوتِيَ النَّبِيُّونَ مِنْ رَبِّهِمْ لَا نُفَرِّقُ بَيْنَ أَحَدٍ مِنْهُمْ وَنَحْنُ لَهُ مُسْلِمُونَ

    Deyin: «Biz Allaha, bizə nazil olana, İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun nəslinə nazil olanlara, Musa və İsaya verilənlərə, özlərinin Rəbbi tərəfindən peyğəmbərlərə verilənlərə iman gətirdik. Biz onların heç birini digərindən fərqləndirmirik. Biz yalnız Ona təslim olanlarıq!»

    2:136
  3. فَإِنْ آمَنُوا بِمِثْلِ مَا آمَنْتُمْ بِهِ فَقَدِ اهْتَدَوْا ۖ وَإِنْ تَوَلَّوْا فَإِنَّمَا هُمْ فِي شِقَاقٍ ۖ فَسَيَكْفِيكَهُمُ اللَّهُ ۚ وَهُوَ السَّمِيعُ الْعَلِيمُ

    Əgər onlar da, siz iman gətirdiyinizə iman gətirsələr, doğru yola yönəlmiş olarlar. Yox, əgər üz döndərsələr, mütləq ixtilafa düşmüş olarlar. Onlardan (qorunmaq üçün) Allah sənə yetər. O, Eşidəndir, Biləndir!

    2:137
  4. صِبْغَةَ اللَّهِ ۖ وَمَنْ أَحْسَنُ مِنَ اللَّهِ صِبْغَةً ۖ وَنَحْنُ لَهُ عَابِدُونَ

    (De): «Allahın boyasına [dininə] (sarılın)! Allahdan daha gözəl boyası olan kimdir? Biz yalnız Ona ibadət edənlərik!»

    2:138
  5. قُلْ أَتُحَاجُّونَنَا فِي اللَّهِ وَهُوَ رَبُّنَا وَرَبُّكُمْ وَلَنَا أَعْمَالُنَا وَلَكُمْ أَعْمَالُكُمْ وَنَحْنُ لَهُ مُخْلِصُونَ

    De: «Allah barəsində bizimlə mübahisəmi edirsiniz? Halbuki, O, bizim də Rəbbimiz, sizin də Rəbbinizdir! Bizim əməllərimiz bizə, sizin əməlləriniz isə sizə aiddir. Biz Ona səmimi-qəlbdən bağlı olanlarıq!»

    2:139
  6. أَمْ تَقُولُونَ إِنَّ إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ وَإِسْحَاقَ وَيَعْقُوبَ وَالْأَسْبَاطَ كَانُوا هُودًا أَوْ نَصَارَىٰ ۗ قُلْ أَأَنْتُمْ أَعْلَمُ أَمِ اللَّهُ ۗ وَمَنْ أَظْلَمُ مِمَّنْ كَتَمَ شَهَادَةً عِنْدَهُ مِنَ اللَّهِ ۗ وَمَا اللَّهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ

    Yoxsa siz İbrahimin, İsmailin, İshaqın, Yaqubun və onun nəslinin yəhudi yaxud xaçpərəst olduğunu deyirsiniz? De: «Siz daha yaxşı bilirsiniz, yoxsa Allah?» Allahın onlara nazil etdiyi şəhadəti gizlədən kimsələrdən daha zalım kim ola bilər?! Allah sizin etdiklərinizdən qafil deyildir.

    2:140
  7. تِلْكَ أُمَّةٌ قَدْ خَلَتْ ۖ لَهَا مَا كَسَبَتْ وَلَكُمْ مَا كَسَبْتُمْ ۖ وَلَا تُسْأَلُونَ عَمَّا كَانُوا يَعْمَلُونَ

    Onlar bir ümmət idi ki, gəlib getdilər. Onların qazandıqları özlərinə, sizin qazandığınız isə sizə aiddir. Siz onların etdikləri əməllər barədə sorğu-sual olunmayacaqsınız.

    2:141

Tərcümə: Əlixan Musayev