Mushaf, səhifə 36

  1. لَا يُؤَاخِذُكُمُ اللَّهُ بِاللَّغْوِ فِي أَيْمَانِكُمْ وَلَٰكِنْ يُؤَاخِذُكُمْ بِمَا كَسَبَتْ قُلُوبُكُمْ ۗ وَاللَّهُ غَفُورٌ حَلِيمٌ

    Allah sizi qərəzsiz içdiyiniz andlara görə cəzalandırmaz, lakin O, sizi qəlbinizin qərəzinə – (qəsdən içdiyiniz andlara) görə cəzalandıracaqdır. Allah çox bağışlayandır, həlimdir.

    2:225
  2. لِلَّذِينَ يُؤْلُونَ مِنْ نِسَائِهِمْ تَرَبُّصُ أَرْبَعَةِ أَشْهُرٍ ۖ فَإِنْ فَاءُوا فَإِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ

    Qadınları ilə yaxınlıq etməməyi and içənlər üçün gözləmə müddəti dörd aydır. Əgər (bu müddət içində) (qadınlarına) dönsələr, şübhəsiz ki, Allah çox bağışlayandır, rəhmlidir.

    2:226
  3. وَإِنْ عَزَمُوا الطَّلَاقَ فَإِنَّ اللَّهَ سَمِيعٌ عَلِيمٌ

    Əgər onlar boşanmağa qərar versələr, şübhəsiz ki, Allah (hər şeyi) eşidəndir, (hər şeyi) biləndir!

    2:227
  4. وَالْمُطَلَّقَاتُ يَتَرَبَّصْنَ بِأَنْفُسِهِنَّ ثَلَاثَةَ قُرُوءٍ ۚ وَلَا يَحِلُّ لَهُنَّ أَنْ يَكْتُمْنَ مَا خَلَقَ اللَّهُ فِي أَرْحَامِهِنَّ إِنْ كُنَّ يُؤْمِنَّ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ ۚ وَبُعُولَتُهُنَّ أَحَقُّ بِرَدِّهِنَّ فِي ذَٰلِكَ إِنْ أَرَادُوا إِصْلَاحًا ۚ وَلَهُنَّ مِثْلُ الَّذِي عَلَيْهِنَّ بِالْمَعْرُوفِ ۚ وَلِلرِّجَالِ عَلَيْهِنَّ دَرَجَةٌ ۗ وَاللَّهُ عَزِيزٌ حَكِيمٌ

    Boşanmış qadınlar üç heyz görüncəyə (və ya üç kərə təmizlənincəyə qədər) gözləməlidirlər. Əgər Allaha və Axirət gününə iman gətirmişlərsə, Allahın onların bətnində yaratdığını gizlətmək onlara halal olmaz. Əgər bu (müddət ərzində) onların ərləri barışmaq istəsələr, onları qaytarmağa daha çox haqlıdırlar. (Kişilərin) qadınlar üzərində (şəriətə) müvafiq haqları olduğu kimi, onların da (kişilər üzərində) haqları vardır. Kişilərin onlar üzərində olan haqları isə bir dərəcə üstündür. Allah qüdrətlidir, hikmət sahibidir.

    2:228
  5. الطَّلَاقُ مَرَّتَانِ ۖ فَإِمْسَاكٌ بِمَعْرُوفٍ أَوْ تَسْرِيحٌ بِإِحْسَانٍ ۗ وَلَا يَحِلُّ لَكُمْ أَنْ تَأْخُذُوا مِمَّا آتَيْتُمُوهُنَّ شَيْئًا إِلَّا أَنْ يَخَافَا أَلَّا يُقِيمَا حُدُودَ اللَّهِ ۖ فَإِنْ خِفْتُمْ أَلَّا يُقِيمَا حُدُودَ اللَّهِ فَلَا جُنَاحَ عَلَيْهِمَا فِيمَا افْتَدَتْ بِهِ ۗ تِلْكَ حُدُودُ اللَّهِ فَلَا تَعْتَدُوهَا ۚ وَمَنْ يَتَعَدَّ حُدُودَ اللَّهِ فَأُولَٰئِكَ هُمُ الظَّالِمُونَ

    Boşama iki dəfədir. Bundan sonra (qadını şəriətə) müvafiq qayda üzrə saxlamaq, yaxud xoşluqla buraxmaq gərəkdir. Onlara verdiklərinizdən bir şey götürmək sizə halal olmaz. Yalnız hər ikisinin Allahın (qoyduğu) hüdudları yerinə yetirməyəcəklərindən qorxması istisnadır. Əgər siz onların Allahın (qoyduğu) hüdudları yerinə yetirməyəcəklərindən qorxsanız, qadının (boşanmaq üçün) bir şey əvəz verməsində ikisinə də heç bir günah yoxdur. Bunlar Allahın (qoyduğu) hüdudlardır, onları aşmayın! Allahın (qoyduğu) hüdudları aşanlar – məhz onlar zalımlardır.

    2:229
  6. فَإِنْ طَلَّقَهَا فَلَا تَحِلُّ لَهُ مِنْ بَعْدُ حَتَّىٰ تَنْكِحَ زَوْجًا غَيْرَهُ ۗ فَإِنْ طَلَّقَهَا فَلَا جُنَاحَ عَلَيْهِمَا أَنْ يَتَرَاجَعَا إِنْ ظَنَّا أَنْ يُقِيمَا حُدُودَ اللَّهِ ۗ وَتِلْكَ حُدُودُ اللَّهِ يُبَيِّنُهَا لِقَوْمٍ يَعْلَمُونَ

    Əgər onu (üçüncü dəfə) boşayarsa, bundan sonra o (qadın) başqa bir kişiyə ərə getməyincə (əvvəlki ərinə) halal olmaz. Əgər (sonrakı əri) onu boşasa, Allahın (qoyduğu) hüdudları yerinə yetirəcəklərini güman etdikləri təqdirdə, (qadının birinci əri ilə) (yenidən) nikaha girməsində, ikisinə də heç bir günah yoxdur. Bunlar Allahın (qoyduğu) hüdudlardır, onları anlayan adamlara bəyan edir.

    2:230

Tərcümə: Əlixan Musayev