Surə 2 Əl-Bəqərə (Bəqərə), ayə 222 – 228

  1. وَيَسْأَلُونَكَ عَنِ الْمَحِيضِ ۖ قُلْ هُوَ أَذًى فَاعْتَزِلُوا النِّسَاءَ فِي الْمَحِيضِ ۖ وَلَا تَقْرَبُوهُنَّ حَتَّىٰ يَطْهُرْنَ ۖ فَإِذَا تَطَهَّرْنَ فَأْتُوهُنَّ مِنْ حَيْثُ أَمَرَكُمُ اللَّهُ ۚ إِنَّ اللَّهَ يُحِبُّ التَّوَّابِينَ وَيُحِبُّ الْمُتَطَهِّرِينَ

    Səndən heyz barəsində soruşurlar. De: «Bu, əziyyətverici bir haldır. Heyz vaxtı qadınlarla (cinsi əlaqəyə girməkdən) çəkinin və (heyzdən) təmizlənməyincə onlarla yaxınlıq etməyin. Təmizləndikdən (sonra) isə Allahın sizə buyurduğu yerdən onlara yaxınlaşın!» Şübhəsiz ki, Allah tövbə edənləri də sevir, pak olanları da.

    2:222
  2. نِسَاؤُكُمْ حَرْثٌ لَكُمْ فَأْتُوا حَرْثَكُمْ أَنَّىٰ شِئْتُمْ ۖ وَقَدِّمُوا لِأَنْفُسِكُمْ ۚ وَاتَّقُوا اللَّهَ وَاعْلَمُوا أَنَّكُمْ مُلَاقُوهُ ۗ وَبَشِّرِ الْمُؤْمِنِينَ

    Qadınlarınız sizin tarlanızdır. Tarlanıza nə təhər istəyirsinizsə, yaxınlaşın. Özünüz üçün qabaqcadan (yaxşı işlər) hazırlayın. Allahdan qorxun və bilin ki, siz Onunla qarşılaşacaqsınız. Möminləri müjdələ.

    2:223
  3. وَلَا تَجْعَلُوا اللَّهَ عُرْضَةً لِأَيْمَانِكُمْ أَنْ تَبَرُّوا وَتَتَّقُوا وَتُصْلِحُوا بَيْنَ النَّاسِ ۗ وَاللَّهُ سَمِيعٌ عَلِيمٌ

    Andlarınızdan dolayı Allahın (adını,) yaxşılıq etmənizə, pis işdən çəkinmənizə və insanlar arasında sülh yaratmanıza dair bir maneəyə çevirməyin. Allah (hər şeyi) eşidəndir, (hər şeyi) biləndir!

    2:224
  4. لَا يُؤَاخِذُكُمُ اللَّهُ بِاللَّغْوِ فِي أَيْمَانِكُمْ وَلَٰكِنْ يُؤَاخِذُكُمْ بِمَا كَسَبَتْ قُلُوبُكُمْ ۗ وَاللَّهُ غَفُورٌ حَلِيمٌ

    Allah sizi qərəzsiz içdiyiniz andlara görə cəzalandırmaz, lakin O, sizi qəlbinizin qərəzinə – (qəsdən içdiyiniz andlara) görə cəzalandıracaqdır. Allah çox bağışlayandır, həlimdir.

    2:225
  5. لِلَّذِينَ يُؤْلُونَ مِنْ نِسَائِهِمْ تَرَبُّصُ أَرْبَعَةِ أَشْهُرٍ ۖ فَإِنْ فَاءُوا فَإِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ

    Qadınları ilə yaxınlıq etməməyi and içənlər üçün gözləmə müddəti dörd aydır. Əgər (bu müddət içində) (qadınlarına) dönsələr, şübhəsiz ki, Allah çox bağışlayandır, rəhmlidir.

    2:226
  6. وَإِنْ عَزَمُوا الطَّلَاقَ فَإِنَّ اللَّهَ سَمِيعٌ عَلِيمٌ

    Əgər onlar boşanmağa qərar versələr, şübhəsiz ki, Allah (hər şeyi) eşidəndir, (hər şeyi) biləndir!

    2:227
  7. وَالْمُطَلَّقَاتُ يَتَرَبَّصْنَ بِأَنْفُسِهِنَّ ثَلَاثَةَ قُرُوءٍ ۚ وَلَا يَحِلُّ لَهُنَّ أَنْ يَكْتُمْنَ مَا خَلَقَ اللَّهُ فِي أَرْحَامِهِنَّ إِنْ كُنَّ يُؤْمِنَّ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ ۚ وَبُعُولَتُهُنَّ أَحَقُّ بِرَدِّهِنَّ فِي ذَٰلِكَ إِنْ أَرَادُوا إِصْلَاحًا ۚ وَلَهُنَّ مِثْلُ الَّذِي عَلَيْهِنَّ بِالْمَعْرُوفِ ۚ وَلِلرِّجَالِ عَلَيْهِنَّ دَرَجَةٌ ۗ وَاللَّهُ عَزِيزٌ حَكِيمٌ

    Boşanmış qadınlar üç heyz görüncəyə (və ya üç kərə təmizlənincəyə qədər) gözləməlidirlər. Əgər Allaha və Axirət gününə iman gətirmişlərsə, Allahın onların bətnində yaratdığını gizlətmək onlara halal olmaz. Əgər bu (müddət ərzində) onların ərləri barışmaq istəsələr, onları qaytarmağa daha çox haqlıdırlar. (Kişilərin) qadınlar üzərində (şəriətə) müvafiq haqları olduğu kimi, onların da (kişilər üzərində) haqları vardır. Kişilərin onlar üzərində olan haqları isə bir dərəcə üstündür. Allah qüdrətlidir, hikmət sahibidir.

    2:228

Tərcümə: Əlixan Musayev