Surə 2 Əl-Bəqərə (Bəqərə), ayə 247 – 249

  1. وَقَالَ لَهُمْ نَبِيُّهُمْ إِنَّ اللَّهَ قَدْ بَعَثَ لَكُمْ طَالُوتَ مَلِكًا ۚ قَالُوا أَنَّىٰ يَكُونُ لَهُ الْمُلْكُ عَلَيْنَا وَنَحْنُ أَحَقُّ بِالْمُلْكِ مِنْهُ وَلَمْ يُؤْتَ سَعَةً مِنَ الْمَالِ ۚ قَالَ إِنَّ اللَّهَ اصْطَفَاهُ عَلَيْكُمْ وَزَادَهُ بَسْطَةً فِي الْعِلْمِ وَالْجِسْمِ ۖ وَاللَّهُ يُؤْتِي مُلْكَهُ مَنْ يَشَاءُ ۚ وَاللَّهُ وَاسِعٌ عَلِيمٌ

    Peyğəmbərləri onlara dedi: «Allah Talutu sizə hökmdar göndərdi!» Onlar dedilər: «O, necə bizə hökmdar ola bilər ki, biz hökmdarlığa ondan daha layiqik və ona çoxlu sərvət verilməmişdir?» O dedi: «Allah onu sizə (hökmdar) seçdi, elm və bədəncə ona üstünlük vermişdir. Allah Öz mülkünü istədiyi kəsə verir. Allahın (lütfü) genişdir, (O hər şeyi) biləndir.»

    2:247
  2. وَقَالَ لَهُمْ نَبِيُّهُمْ إِنَّ آيَةَ مُلْكِهِ أَنْ يَأْتِيَكُمُ التَّابُوتُ فِيهِ سَكِينَةٌ مِنْ رَبِّكُمْ وَبَقِيَّةٌ مِمَّا تَرَكَ آلُ مُوسَىٰ وَآلُ هَارُونَ تَحْمِلُهُ الْمَلَائِكَةُ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَةً لَكُمْ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ

    Peyğəmbərləri onlara dedi: «Onun hökmdarlığının əlaməti sizə bir sandığın gəlməsidir. Onun içində, Rəbbinizdən bir təskinlik, Musa və Harun ailəsindən qalan (bəzi) şeylər vardır. Onu mələklər gətirəcək. Əgər möminsinizsə, şübhəsiz ki, bunda sizin üçün bir dəlil vardır.»

    2:248
  3. فَلَمَّا فَصَلَ طَالُوتُ بِالْجُنُودِ قَالَ إِنَّ اللَّهَ مُبْتَلِيكُمْ بِنَهَرٍ فَمَنْ شَرِبَ مِنْهُ فَلَيْسَ مِنِّي وَمَنْ لَمْ يَطْعَمْهُ فَإِنَّهُ مِنِّي إِلَّا مَنِ اغْتَرَفَ غُرْفَةً بِيَدِهِ ۚ فَشَرِبُوا مِنْهُ إِلَّا قَلِيلًا مِنْهُمْ ۚ فَلَمَّا جَاوَزَهُ هُوَ وَالَّذِينَ آمَنُوا مَعَهُ قَالُوا لَا طَاقَةَ لَنَا الْيَوْمَ بِجَالُوتَ وَجُنُودِهِ ۚ قَالَ الَّذِينَ يَظُنُّونَ أَنَّهُمْ مُلَاقُو اللَّهِ كَمْ مِنْ فِئَةٍ قَلِيلَةٍ غَلَبَتْ فِئَةً كَثِيرَةً بِإِذْنِ اللَّهِ ۗ وَاللَّهُ مَعَ الصَّابِرِينَ

    Talut əsgərlərlə birlikdə (döyüşə) yola düşdükdə (onlara) dedi: «Allah sizi bir çayla sınağa çəkəcək. Kim ondan içsə, o məndən deyildir. Əli ilə bir ovuc götürüb dadanlar istisna olmaqla kim ondan içməsə, o məndəndir.» Onların az bir qismi istisna olmaqla (hamısı) ondan su içdi. (Talut) və onunla birlikdə olan möminlər (çayı) keçdikdən sonra (bəziləri) dedilər: «Bu gün bizim Caluta və onun əsgərlərinə qarşı vuruşmağa gücümüz yoxdur.» Allahla qarşılaşacaqlarını yəqin bilənlər isə dedilər: «Neçə-neçə az saylı dəstə olub ki, Allahın izni ilə çox saylı dəstəyə qalib gəlib!» Allah səbir edənlərlədir.

    2:249

Tərcümə: Əlixan Musayev