Surə 2 Əl-Bəqərə (Bəqərə), ayə 34 – 56
-
وَإِذْ قُلْنَا لِلْمَلَائِكَةِ اسْجُدُوا لِآدَمَ فَسَجَدُوا إِلَّا إِبْلِيسَ أَبَىٰ وَاسْتَكْبَرَ وَكَانَ مِنَ الْكَافِرِينَ
Bir zaman Biz mələklərə: «Adəmə səcdə edin!» – dedikdə, İblisdən başqa (hamısı) səcdə etdi. O imtina edib təkəbbür göstərdi və kafir oldu.
2:34 -
وَقُلْنَا يَا آدَمُ اسْكُنْ أَنْتَ وَزَوْجُكَ الْجَنَّةَ وَكُلَا مِنْهَا رَغَدًا حَيْثُ شِئْتُمَا وَلَا تَقْرَبَا هَٰذِهِ الشَّجَرَةَ فَتَكُونَا مِنَ الظَّالِمِينَ
Biz dedik: «Ey Adəm! Sən zövcənlə birlikdə Cənnətdə sakin ol və orada rahatlıqla nemətlərimizdən istədiyiniz yerdə yeyin (için), təkcə bu ağaca yaxınlaşmayın! Yoxsa zalımlardan olarsınız.»
2:35 -
فَأَزَلَّهُمَا الشَّيْطَانُ عَنْهَا فَأَخْرَجَهُمَا مِمَّا كَانَا فِيهِ ۖ وَقُلْنَا اهْبِطُوا بَعْضُكُمْ لِبَعْضٍ عَدُوٌّ ۖ وَلَكُمْ فِي الْأَرْضِ مُسْتَقَرٌّ وَمَتَاعٌ إِلَىٰ حِينٍ
Şeytan isə o ağacla onları çaşdırıb olduqları yerdən çıxartdı. Biz dedik: «Bir-birinizə düşmən olaraq aşağı enin! Yerdə sizin üçün müəyyən (olunmuş) vaxtadək məskən və gün-güzəran vardır.»
2:36 -
فَتَلَقَّىٰ آدَمُ مِنْ رَبِّهِ كَلِمَاتٍ فَتَابَ عَلَيْهِ ۚ إِنَّهُ هُوَ التَّوَّابُ الرَّحِيمُ
Adəm (tövbə etmək üçün) Rəbbindən kəlmələr öyrəndi, O da onun tövbəsini qəbul etdi. Həqiqətən də, O, tövbələri qəbul edəndir, Rəhmlidir.
2:37 -
قُلْنَا اهْبِطُوا مِنْهَا جَمِيعًا ۖ فَإِمَّا يَأْتِيَنَّكُمْ مِنِّي هُدًى فَمَنْ تَبِعَ هُدَايَ فَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ
Biz dedik: «Hamınız oradan (yerə) enin! Mənim tərəfimdən sizə doğru yol göstəricisi gəldikdə, Mənim yol göstəricimin ardınca gedənlərə heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər.»
2:38 -
وَالَّذِينَ كَفَرُوا وَكَذَّبُوا بِآيَاتِنَا أُولَٰئِكَ أَصْحَابُ النَّارِ ۖ هُمْ فِيهَا خَالِدُونَ
Kafir olub ayələrimizi yalan sayanlar isə Od sakinləridirlər. Onlar orada əbədi qalacaqlar!
2:39 -
يَا بَنِي إِسْرَائِيلَ اذْكُرُوا نِعْمَتِيَ الَّتِي أَنْعَمْتُ عَلَيْكُمْ وَأَوْفُوا بِعَهْدِي أُوفِ بِعَهْدِكُمْ وَإِيَّايَ فَارْهَبُونِ
Ey İsrail oğulları! Sizə bəxş etdiyim nemətimi xatırlayın və Mənə verdiyiniz əhdi yerinə yetirin ki, Mən də sizə verdiyim əhdi yerinə yetirim. Və yalnız Məndən qorxun!
2:40 -
وَآمِنُوا بِمَا أَنْزَلْتُ مُصَدِّقًا لِمَا مَعَكُمْ وَلَا تَكُونُوا أَوَّلَ كَافِرٍ بِهِ ۖ وَلَا تَشْتَرُوا بِآيَاتِي ثَمَنًا قَلِيلًا وَإِيَّايَ فَاتَّقُونِ
Sizdə olanı təsdiqləyici kimi nazil etdiyim (Qurana) iman gətirin və ona küfr edənlərin birincisi olmayın! Mənim ayələrimi ucuz qiymətə satmayın və yalnız Məndən qorxun.
2:41 -
وَلَا تَلْبِسُوا الْحَقَّ بِالْبَاطِلِ وَتَكْتُمُوا الْحَقَّ وَأَنْتُمْ تَعْلَمُونَ
Özünüz də bilə-bilə haqqa batil donu geyindirməyin və haqqı gizlətməyin.
2:42 -
وَأَقِيمُوا الصَّلَاةَ وَآتُوا الزَّكَاةَ وَارْكَعُوا مَعَ الرَّاكِعِينَ
Namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku edin!
2:43 -
أَتَأْمُرُونَ النَّاسَ بِالْبِرِّ وَتَنْسَوْنَ أَنْفُسَكُمْ وَأَنْتُمْ تَتْلُونَ الْكِتَابَ ۚ أَفَلَا تَعْقِلُونَ
Siz Kitab oxuduğunuz halda, insanlara yaxşı işlər görməyi əmr edir, özünüzü isə unudursunuz?! Məgər anlamırsınız?!
2:44 -
وَاسْتَعِينُوا بِالصَّبْرِ وَالصَّلَاةِ ۚ وَإِنَّهَا لَكَبِيرَةٌ إِلَّا عَلَى الْخَاشِعِينَ
Səbir etmək və namaz qılmaqla (Allahdan) kömək diləyin! Həqiqətən, bu, (Allaha) müti olanlardan başqa (hamıya) ağır gəlir.
2:45 -
الَّذِينَ يَظُنُّونَ أَنَّهُمْ مُلَاقُو رَبِّهِمْ وَأَنَّهُمْ إِلَيْهِ رَاجِعُونَ
O (müti) kəslər ki, öz Rəbbi ilə qarşılaşacaqlarını və Ona qayıdacaqlarını yəqin bilirlər.
2:46 -
يَا بَنِي إِسْرَائِيلَ اذْكُرُوا نِعْمَتِيَ الَّتِي أَنْعَمْتُ عَلَيْكُمْ وَأَنِّي فَضَّلْتُكُمْ عَلَى الْعَالَمِينَ
Ey İsrail oğulları! Sizə bəxş etdiyim nemətimi və sizi aləmlərdən üstün etdiyimi xatırlayın.
2:47 -
وَاتَّقُوا يَوْمًا لَا تَجْزِي نَفْسٌ عَنْ نَفْسٍ شَيْئًا وَلَا يُقْبَلُ مِنْهَا شَفَاعَةٌ وَلَا يُؤْخَذُ مِنْهَا عَدْلٌ وَلَا هُمْ يُنْصَرُونَ
Qorxun o gündən ki, (o vaxt) heç kəs heç kəsə fayda verə bilməyəcək, heç kəsdən şəfaət qəbul olunmayacaq, heç kəsdən bir fidyə alınmayacaq və onlara kömək göstərilməyəcək.
2:48 -
وَإِذْ نَجَّيْنَاكُمْ مِنْ آلِ فِرْعَوْنَ يَسُومُونَكُمْ سُوءَ الْعَذَابِ يُذَبِّحُونَ أَبْنَاءَكُمْ وَيَسْتَحْيُونَ نِسَاءَكُمْ ۚ وَفِي ذَٰلِكُمْ بَلَاءٌ مِنْ رَبِّكُمْ عَظِيمٌ
Bir zaman Biz sizi Fironun tərəfdarlarından xilas etdik. (O vaxt) onlar sizə ağır əzablar verir, oğlan uşaqlarınızı öldürür, qadınlarınızı isə sağ buraxırdılar. Bunda Rəbbiniz tərəfindən sizin üçün böyük bir sınaq var idi.
2:49 -
وَإِذْ فَرَقْنَا بِكُمُ الْبَحْرَ فَأَنْجَيْنَاكُمْ وَأَغْرَقْنَا آلَ فِرْعَوْنَ وَأَنْتُمْ تَنْظُرُونَ
O zaman Biz sizin üçün dənizi yardıq, sizi xilas etdik və Fironun tərəfdarlarını gözünüzün qabağında (dənizdə) batırdıq.
2:50 -
وَإِذْ وَاعَدْنَا مُوسَىٰ أَرْبَعِينَ لَيْلَةً ثُمَّ اتَّخَذْتُمُ الْعِجْلَ مِنْ بَعْدِهِ وَأَنْتُمْ ظَالِمُونَ
O zaman Biz Musa ilə qırx gecəlik (görüşməyə) vədələşdik. Sonra siz onun ardından nəfsinizə zülm edərək buzovu özünüzə (məbud) qəbul etdiniz.
2:51 -
ثُمَّ عَفَوْنَا عَنْكُمْ مِنْ بَعْدِ ذَٰلِكَ لَعَلَّكُمْ تَشْكُرُونَ
Sonra bunun ardınca Biz sizi əvf etdik ki, bəlkə şükür edəsiniz.
2:52 -
وَإِذْ آتَيْنَا مُوسَى الْكِتَابَ وَالْفُرْقَانَ لَعَلَّكُمْ تَهْتَدُونَ
O zaman Biz Musaya Kitab və (haqqı batildən ayıran) Furqan verdik ki, bəlkə doğru yolla gedəsiniz.
2:53 -
وَإِذْ قَالَ مُوسَىٰ لِقَوْمِهِ يَا قَوْمِ إِنَّكُمْ ظَلَمْتُمْ أَنْفُسَكُمْ بِاتِّخَاذِكُمُ الْعِجْلَ فَتُوبُوا إِلَىٰ بَارِئِكُمْ فَاقْتُلُوا أَنْفُسَكُمْ ذَٰلِكُمْ خَيْرٌ لَكُمْ عِنْدَ بَارِئِكُمْ فَتَابَ عَلَيْكُمْ ۚ إِنَّهُ هُوَ التَّوَّابُ الرَّحِيمُ
O zaman Musa öz qövmünə dedi: «Ey qövmüm! Siz buzova ibadət etməklə özünüzə zülm etdiniz. Odur ki, Yaradanınıza tövbə edin və özünüzü öldürün. Bu, Yaradanınızın yanında sizin üçün xeyirlidir.» O, sizin tövbənizi qəbul etdi. Həqiqətən də, O, tövbələri qəbul edəndir, Rəhmlidir.
2:54 -
وَإِذْ قُلْتُمْ يَا مُوسَىٰ لَنْ نُؤْمِنَ لَكَ حَتَّىٰ نَرَى اللَّهَ جَهْرَةً فَأَخَذَتْكُمُ الصَّاعِقَةُ وَأَنْتُمْ تَنْظُرُونَ
O zaman siz: «Ey Musa! Biz Allahı açıq-aşkar görməyincə sənə iman gətirməyəcəyik!» – dediniz və gözünüz görə-görə sizi ildırım vurdu.
2:55 -
ثُمَّ بَعَثْنَاكُمْ مِنْ بَعْدِ مَوْتِكُمْ لَعَلَّكُمْ تَشْكُرُونَ
Ölümünüzdən sonra Biz sizi diriltdik ki, bəlkə şükür edəsiniz.
2:56
Tərcümə: Əlixan Musayev