Surə 3 Ali-İmran, ayə 110 – 120

  1. كُنْتُمْ خَيْرَ أُمَّةٍ أُخْرِجَتْ لِلنَّاسِ تَأْمُرُونَ بِالْمَعْرُوفِ وَتَنْهَوْنَ عَنِ الْمُنْكَرِ وَتُؤْمِنُونَ بِاللَّهِ ۗ وَلَوْ آمَنَ أَهْلُ الْكِتَابِ لَكَانَ خَيْرًا لَهُمْ ۚ مِنْهُمُ الْمُؤْمِنُونَ وَأَكْثَرُهُمُ الْفَاسِقُونَ

    Siz insanlar üçün üzə çıxarılmış ən xeyirli ümmətsiniz; (onlara) yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha iman gətirirsiniz. Kitab əhli də iman gətirsəydi, əlbəttə, onlar üçün yaxşı olardı. Onların arasında iman gətirənlər də vardır. Əksəriyyəti isə (haqq yolunu) (azmış) fasiqlərdir.

    3:110
  2. لَنْ يَضُرُّوكُمْ إِلَّا أَذًى ۖ وَإِنْ يُقَاتِلُوكُمْ يُوَلُّوكُمُ الْأَدْبَارَ ثُمَّ لَا يُنْصَرُونَ

    Onlar sizə əziyyətdən başqa bir zərər yetirə bilməzlər. Əgər sizinlə vuruşmalı olsalar, arxa çevirib qaçarlar. Sonra isə onlara kömək də edilməz.

    3:111
  3. ضُرِبَتْ عَلَيْهِمُ الذِّلَّةُ أَيْنَ مَا ثُقِفُوا إِلَّا بِحَبْلٍ مِنَ اللَّهِ وَحَبْلٍ مِنَ النَّاسِ وَبَاءُوا بِغَضَبٍ مِنَ اللَّهِ وَضُرِبَتْ عَلَيْهِمُ الْمَسْكَنَةُ ۚ ذَٰلِكَ بِأَنَّهُمْ كَانُوا يَكْفُرُونَ بِآيَاتِ اللَّهِ وَيَقْتُلُونَ الْأَنْبِيَاءَ بِغَيْرِ حَقٍّ ۚ ذَٰلِكَ بِمَا عَصَوْا وَكَانُوا يَعْتَدُونَ

    Harada olursa olsunlar, onlara zillət (damğası) vurulmuşdur. Yalnız Allahın ipinə və (ya) insanların ipinə sarılan kimsələr müstəsnadır. Onlar Allahın qəzəbinə uğramış, onlara yoxsulluq üz vermişdir. Bu (cəza) ona görədir ki, onlar Allahın ayələrinə küfr etmiş və (bəzi) peyğəmbərləri haqsız yerə öldürmüşlər. Bu (həm də) ona görədir ki, onlar asilik etmiş və həddi aşmışlar.

    3:112
  4. لَيْسُوا سَوَاءً ۗ مِنْ أَهْلِ الْكِتَابِ أُمَّةٌ قَائِمَةٌ يَتْلُونَ آيَاتِ اللَّهِ آنَاءَ اللَّيْلِ وَهُمْ يَسْجُدُونَ

    (Onların hamısı) eyni deyil. Kitab əhli içərisində (dinində) sabitqədəm bir toplum vardır ki, onlar gecələri səcdəyə qapanıb Allahın ayələrini oxuyurlar.

    3:113
  5. يُؤْمِنُونَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ وَيَأْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنْكَرِ وَيُسَارِعُونَ فِي الْخَيْرَاتِ وَأُولَٰئِكَ مِنَ الصَّالِحِينَ

    Onlar Allaha və Axirət gününə iman gətirir, yaxşı işlər görməyi buyurur, pis əməlləri qadağan edir və xeyirxah işlər görməyə tələsirlər. Məhz onlar əməlisaleh insanlardandırlar.

    3:114
  6. وَمَا يَفْعَلُوا مِنْ خَيْرٍ فَلَنْ يُكْفَرُوهُ ۗ وَاللَّهُ عَلِيمٌ بِالْمُتَّقِينَ

    Onların etdiyi yaxşılıqların heç biri inkar edilməz. Allah müttəqiləri yaxşı tanıyır.

    3:115
  7. إِنَّ الَّذِينَ كَفَرُوا لَنْ تُغْنِيَ عَنْهُمْ أَمْوَالُهُمْ وَلَا أَوْلَادُهُمْ مِنَ اللَّهِ شَيْئًا ۖ وَأُولَٰئِكَ أَصْحَابُ النَّارِ ۚ هُمْ فِيهَا خَالِدُونَ

    Kafirlərin nə malları, nə də övladları, onlara Allah yanında heç bir şeydə fayda verə bilməz. Onlar Od sakinləridirlər və onlar orada əbədi qalacaqlar.

    3:116
  8. مَثَلُ مَا يُنْفِقُونَ فِي هَٰذِهِ الْحَيَاةِ الدُّنْيَا كَمَثَلِ رِيحٍ فِيهَا صِرٌّ أَصَابَتْ حَرْثَ قَوْمٍ ظَلَمُوا أَنْفُسَهُمْ فَأَهْلَكَتْهُ ۚ وَمَا ظَلَمَهُمُ اللَّهُ وَلَٰكِنْ أَنْفُسَهُمْ يَظْلِمُونَ

    Onların bu dünya həyatında sərf etdiklərinin misalı, özlərinə zülm edən adamların tarlasına ziyan vurub onu məhv edən çox soyuq bir küləyin misalına bənzəyir. Allah onlara zülm etmədi, lakin onlar özləri özlərinə zülm edirdirlər.

    3:117
  9. يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَتَّخِذُوا بِطَانَةً مِنْ دُونِكُمْ لَا يَأْلُونَكُمْ خَبَالًا وَدُّوا مَا عَنِتُّمْ قَدْ بَدَتِ الْبَغْضَاءُ مِنْ أَفْوَاهِهِمْ وَمَا تُخْفِي صُدُورُهُمْ أَكْبَرُ ۚ قَدْ بَيَّنَّا لَكُمُ الْآيَاتِ ۖ إِنْ كُنْتُمْ تَعْقِلُونَ

    Ey iman gətirənlər! Sizdən olmayanları özünüzə sirdaş tutmayın. (Çünki) onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, sizin sıxıntıya düşməyinizi istəyərlər. Düşmənçilikləri onların ağızlarından (çıxan sözlərdən) bəllidir. Kökslərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər anlayırsınızsa, Biz ayələri artıq sizə bəyan etdik.

    3:118
  10. هَا أَنْتُمْ أُولَاءِ تُحِبُّونَهُمْ وَلَا يُحِبُّونَكُمْ وَتُؤْمِنُونَ بِالْكِتَابِ كُلِّهِ وَإِذَا لَقُوكُمْ قَالُوا آمَنَّا وَإِذَا خَلَوْا عَضُّوا عَلَيْكُمُ الْأَنَامِلَ مِنَ الْغَيْظِ ۚ قُلْ مُوتُوا بِغَيْظِكُمْ ۗ إِنَّ اللَّهَ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ

    Bax, siz o kəslərsiniz ki, onlar sizi sevmədiyi halda siz onları sevirsiniz. Siz (nazil olmuş) kitabların hamısına inanırsınız. Onlar sizinlə rastlaşanda: «Biz də, iman gətirdik!» – deyir, təklikdə qalanda isə sizə qarşı qəzəblərindən barmaqlarının uclarını gəmirirlər. De: «Qəzəbinizdən ölün!» Şübhəsiz ki, Allah kökslərdə olanları bilir.

    3:119
  11. إِنْ تَمْسَسْكُمْ حَسَنَةٌ تَسُؤْهُمْ وَإِنْ تُصِبْكُمْ سَيِّئَةٌ يَفْرَحُوا بِهَا ۖ وَإِنْ تَصْبِرُوا وَتَتَّقُوا لَا يَضُرُّكُمْ كَيْدُهُمْ شَيْئًا ۗ إِنَّ اللَّهَ بِمَا يَعْمَلُونَ مُحِيطٌ

    Sizə bir uğur nəsib olduqda, (bu) onları kədərləndirir, sizə bir fəlakət üz verdikdə isə, ona sevinirlər. Əgər səbir etsəniz və (Allahdan) qorxsanız, onların hiyləsi sizə heç bir zərər verməz. Sözsüz ki, Allah onların etdiklərini əhatəyə almışdır.

    3:120

Tərcümə: Əlixan Musayev