Surə 2 Əl-Bəqərə (Bəqərə), ayə 258 – 260
-
أَلَمْ تَرَ إِلَى الَّذِي حَاجَّ إِبْرَاهِيمَ فِي رَبِّهِ أَنْ آتَاهُ اللَّهُ الْمُلْكَ إِذْ قَالَ إِبْرَاهِيمُ رَبِّيَ الَّذِي يُحْيِي وَيُمِيتُ قَالَ أَنَا أُحْيِي وَأُمِيتُ ۖ قَالَ إِبْرَاهِيمُ فَإِنَّ اللَّهَ يَأْتِي بِالشَّمْسِ مِنَ الْمَشْرِقِ فَأْتِ بِهَا مِنَ الْمَغْرِبِ فَبُهِتَ الَّذِي كَفَرَ ۗ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ
Allahın verdiyi hakimiyyətə görə, İbrahim ilə Rəbbi barəsində höcətləşən kəsi görmədinmi? İbrahim: «Mənim Rəbbim həm dirildir, həm də öldürür!» – dedikdə, (Nəmrud): «Mən də, həm dirildir, həm də öldürürəm!» – demişdi. İbrahim: «Allah günəşi məşriqdən gətirir. Sən də, onu məğribdən gətir!» – dedikdə, o kafir çaşıb qalmışdı. Allah zalım qövmü doğru yola yönəltməz.
2:258 -
أَوْ كَالَّذِي مَرَّ عَلَىٰ قَرْيَةٍ وَهِيَ خَاوِيَةٌ عَلَىٰ عُرُوشِهَا قَالَ أَنَّىٰ يُحْيِي هَٰذِهِ اللَّهُ بَعْدَ مَوْتِهَا ۖ فَأَمَاتَهُ اللَّهُ مِائَةَ عَامٍ ثُمَّ بَعَثَهُ ۖ قَالَ كَمْ لَبِثْتَ ۖ قَالَ لَبِثْتُ يَوْمًا أَوْ بَعْضَ يَوْمٍ ۖ قَالَ بَلْ لَبِثْتَ مِائَةَ عَامٍ فَانْظُرْ إِلَىٰ طَعَامِكَ وَشَرَابِكَ لَمْ يَتَسَنَّهْ ۖ وَانْظُرْ إِلَىٰ حِمَارِكَ وَلِنَجْعَلَكَ آيَةً لِلنَّاسِ ۖ وَانْظُرْ إِلَى الْعِظَامِ كَيْفَ نُنْشِزُهَا ثُمَّ نَكْسُوهَا لَحْمًا ۚ فَلَمَّا تَبَيَّنَ لَهُ قَالَ أَعْلَمُ أَنَّ اللَّهَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ
Və ya (damları) uçulub xarabalığa çevrilmiş bir kəndin yanından keçən kimsəni (görmədinmi)? O demişdi: «Görəsən, Allah bu kəndi ölümündən sonra necə dirildəcək?» Allah onu öldürüb yüz il saxladı, sonra dirildib: «Nə qədər qaldın?» – deyə buyurdu. O dedi: «Bir gün və ya bir gündən də az!» (Allah) buyurdu: «Xeyr, sən yüz il qaldın. Yediyinə və içdiyinə bax, hələ də xarab olmayıb. Uzunqulağına da bax! Səni belə etdik ki, insanlar üçün bir dəlil olasan. Sümüklərə bax, gör Biz onları necə bir-birinə birləşdirir, sonra da, onların üstünü ətlə örtürük.» Ona (həqiqət) bəlli olduqda: «Mən artıq bilirəm ki, Allah hər şeyə qadirdir!» – dedi.
2:259 -
وَإِذْ قَالَ إِبْرَاهِيمُ رَبِّ أَرِنِي كَيْفَ تُحْيِي الْمَوْتَىٰ ۖ قَالَ أَوَلَمْ تُؤْمِنْ ۖ قَالَ بَلَىٰ وَلَٰكِنْ لِيَطْمَئِنَّ قَلْبِي ۖ قَالَ فَخُذْ أَرْبَعَةً مِنَ الطَّيْرِ فَصُرْهُنَّ إِلَيْكَ ثُمَّ اجْعَلْ عَلَىٰ كُلِّ جَبَلٍ مِنْهُنَّ جُزْءًا ثُمَّ ادْعُهُنَّ يَأْتِينَكَ سَعْيًا ۚ وَاعْلَمْ أَنَّ اللَّهَ عَزِيزٌ حَكِيمٌ
Bir zaman İbrahim: «Ey Rəbbim, ölüləri necə diriltdiyini mənə göstər!» – demişdi. (Rəbbi ona): «Məgər sən inanmırsan?» – deyə buyurdu. (İbrahim) dedi: «Əlbəttə, (inanıram!) Lakin (istəyirəm ki,) qəlbim rahat olsun.» (Allah) buyurdu: «Quşlardan dördünü tut və onları götür tikə-tikə et, sonra hər dağın başına onlardan bir parça qoy, sonra da onları çağır, tez sənin yanına gələcəklər. Bil ki, Allah qüdrətlidir, hikmət sahibidir!»
2:260
Tərcümə: Əlixan Musayev