Surə 6 Əl-Ənam (Ənam), ayə 21 – 30

  1. وَمَنْ أَظْلَمُ مِمَّنِ افْتَرَىٰ عَلَى اللَّهِ كَذِبًا أَوْ كَذَّبَ بِآيَاتِهِ ۗ إِنَّهُ لَا يُفْلِحُ الظَّالِمُونَ

    Allaha qarşı yalan uyduran və ya Onun ayələrini yalan hesab edən kimsədən daha zalım kim ola bilər? Şübhəsiz ki, zalımlar nicat tapmazlar!

    6:21
  2. وَيَوْمَ نَحْشُرُهُمْ جَمِيعًا ثُمَّ نَقُولُ لِلَّذِينَ أَشْرَكُوا أَيْنَ شُرَكَاؤُكُمُ الَّذِينَ كُنْتُمْ تَزْعُمُونَ

    O gün onların hamısını (bir yerə) toplayacaq, sonra da (Allaha) şərik qoşanlara: «İddia etdiyiniz şərikləriniz haradadır?!» – deyəcəyik.

    6:22
  3. ثُمَّ لَمْ تَكُنْ فِتْنَتُهُمْ إِلَّا أَنْ قَالُوا وَاللَّهِ رَبِّنَا مَا كُنَّا مُشْرِكِينَ

    Sonra onların: «Rəbbimiz Allaha and olsun ki, biz müşrik olmamışıq!» – deməkdən başqa bir bəhanələri qalmayacaq.

    6:23
  4. انْظُرْ كَيْفَ كَذَبُوا عَلَىٰ أَنْفُسِهِمْ ۚ وَضَلَّ عَنْهُمْ مَا كَانُوا يَفْتَرُونَ

    Gör onlar özlərinə qarşı necə yalan söylədilər. Uydurduqları şeylər də onlardan qeyb olub getdi.

    6:24
  5. وَمِنْهُمْ مَنْ يَسْتَمِعُ إِلَيْكَ ۖ وَجَعَلْنَا عَلَىٰ قُلُوبِهِمْ أَكِنَّةً أَنْ يَفْقَهُوهُ وَفِي آذَانِهِمْ وَقْرًا ۚ وَإِنْ يَرَوْا كُلَّ آيَةٍ لَا يُؤْمِنُوا بِهَا ۚ حَتَّىٰ إِذَا جَاءُوكَ يُجَادِلُونَكَ يَقُولُ الَّذِينَ كَفَرُوا إِنْ هَٰذَا إِلَّا أَسَاطِيرُ الْأَوَّلِينَ

    Onlardan səni (<inline-comment brackets="square">oxuduğun Quranı</inline-comment>) dinləyənlər də vardır. Fəqət onu anlamasınlar deyə onların qəlblərinə pərdələr çəkdik, qulaqlarına da ağırlıq verdik. Onlar hər cür möcüzə görsələr, yenə də ona inanmazlar. Hətta o kafirlər sənin yanına gəldikdə: «Bu, keçmişdəkilərin əfsanələrindən başqa bir şey deyildir» – deyərək səninlə höcətləşərlər.

    6:25
  6. وَهُمْ يَنْهَوْنَ عَنْهُ وَيَنْأَوْنَ عَنْهُ ۖ وَإِنْ يُهْلِكُونَ إِلَّا أَنْفُسَهُمْ وَمَا يَشْعُرُونَ

    Onlar həm (insanları) (haqdan) uzaqlaşdırır, həm də özləri ondan uzaqlaşırlar. Halbuki onlar fərqinə varmadan yalnız özlərini həlak edərlər.

    6:26
  7. وَلَوْ تَرَىٰ إِذْ وُقِفُوا عَلَى النَّارِ فَقَالُوا يَا لَيْتَنَا نُرَدُّ وَلَا نُكَذِّبَ بِآيَاتِ رَبِّنَا وَنَكُونَ مِنَ الْمُؤْمِنِينَ

    Onların atəşin qarşısında dayandırıldıqları zaman: «Kaş ki, biz (dünyaya) qaytarılıb Rəbbimizin ayələrini yalan saymayaydıq və möminlərdən olaydıq» – dediklərini görəydin!

    6:27
  8. بَلْ بَدَا لَهُمْ مَا كَانُوا يُخْفُونَ مِنْ قَبْلُ ۖ وَلَوْ رُدُّوا لَعَادُوا لِمَا نُهُوا عَنْهُ وَإِنَّهُمْ لَكَاذِبُونَ

    Xeyr! Daha öncə gizlətdikləri (günahlar) onlara aşkar oldu. Əgər geri qaytarılsaydılar, yenə də özlərinə qadağan olunmuş şeylərə qayıdardılar. Şübhəsiz ki, onlar yalançıdırlar.

    6:28
  9. وَقَالُوا إِنْ هِيَ إِلَّا حَيَاتُنَا الدُّنْيَا وَمَا نَحْنُ بِمَبْعُوثِينَ

    Onlar dedilər: «Həyat ancaq bu dünya həyatımızdan ibarətdir. Biz bir daha diriləcək deyilik!»

    6:29
  10. وَلَوْ تَرَىٰ إِذْ وُقِفُوا عَلَىٰ رَبِّهِمْ ۚ قَالَ أَلَيْسَ هَٰذَا بِالْحَقِّ ۚ قَالُوا بَلَىٰ وَرَبِّنَا ۚ قَالَ فَذُوقُوا الْعَذَابَ بِمَا كُنْتُمْ تَكْفُرُونَ

    Sən onları Rəbbinin hüzurunda dayandırıldıqları zaman bir görəydin! (Allah onlara): «Məgər bu (dirilmə) haqq deyilmi?!» – deyəcək. Onlar: «Əlbəttə, Rəbbimizə and olsun (ki, bu haqdır!)» – deyəcəklər. (Allah da): «Elə isə inkar etdiyinizə görə dadın əzabı!» – deyəcək.

    6:30

Tərcümə: Əlixan Musayev