Surə 2 Əl-Bəqərə (Bəqərə)

  1. يَا أَيُّهَا النَّاسُ اعْبُدُوا رَبَّكُمُ الَّذِي خَلَقَكُمْ وَالَّذِينَ مِنْ قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ

    Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaratmış Rəbbinizə ibadət edin ki, bəlkə (Ondan) qorxasınız.

    2:21
  2. الَّذِي جَعَلَ لَكُمُ الْأَرْضَ فِرَاشًا وَالسَّمَاءَ بِنَاءً وَأَنْزَلَ مِنَ السَّمَاءِ مَاءً فَأَخْرَجَ بِهِ مِنَ الثَّمَرَاتِ رِزْقًا لَكُمْ ۖ فَلَا تَجْعَلُوا لِلَّهِ أَنْدَادًا وَأَنْتُمْ تَعْلَمُونَ

    O (Rəbbinizə ki,) sizin üçün yer üzünü döşəmə, göyü isə tavan etdi. Göydən su endirib onunla sizin üçün (növbənöv) məhsullardan ruzi yetişdirdi. Siz də (bunu) bildiyiniz halda (heç kəsi) Allaha tay tutmayın.

    2:22
  3. وَإِنْ كُنْتُمْ فِي رَيْبٍ مِمَّا نَزَّلْنَا عَلَىٰ عَبْدِنَا فَأْتُوا بِسُورَةٍ مِنْ مِثْلِهِ وَادْعُوا شُهَدَاءَكُمْ مِنْ دُونِ اللَّهِ إِنْ كُنْتُمْ صَادِقِينَ

    Əgər qulumuza nazil etdiyimizə şübhə edirsinizsə, onda ona bənzər bir surə gətirin və əgər doğru deyirsinizsə, Allahdan savayı (bütün) şahidlərinizi (köməyə) çağırın!

    2:23
  4. فَإِنْ لَمْ تَفْعَلُوا وَلَنْ تَفْعَلُوا فَاتَّقُوا النَّارَ الَّتِي وَقُودُهَا النَّاسُ وَالْحِجَارَةُ ۖ أُعِدَّتْ لِلْكَافِرِينَ

    Əgər siz bunu edə bilmirsinizsə, – heç edə də bilməzsiniz – onda yanacağı insanlardan və daşlardan olan, kafirlər üçün hazırlanmış oddan çəkinin.

    2:24
  5. وَبَشِّرِ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ أَنَّ لَهُمْ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ ۖ كُلَّمَا رُزِقُوا مِنْهَا مِنْ ثَمَرَةٍ رِزْقًا ۙ قَالُوا هَٰذَا الَّذِي رُزِقْنَا مِنْ قَبْلُ ۖ وَأُتُوا بِهِ مُتَشَابِهًا ۖ وَلَهُمْ فِيهَا أَزْوَاجٌ مُطَهَّرَةٌ ۖ وَهُمْ فِيهَا خَالِدُونَ

    İman gətirib saleh əməllər edənlərə müjdə ver ki, onlar üçün altından çaylar axan cənnətlər vardır. Hər dəfə onun meyvələrindən onlara ruzi verildikdə: «Bu ki, əvvəllər bizə verilən ruzilərdəndir!» – deyəcəklər. Halbuki onlara onun oxşarı veriləcəkdir. Onlar üçün orada pak zövcələr vardır və onlar orada əbədi qalacaqlar.

    2:25
  6. إِنَّ اللَّهَ لَا يَسْتَحْيِي أَنْ يَضْرِبَ مَثَلًا مَا بَعُوضَةً فَمَا فَوْقَهَا ۚ فَأَمَّا الَّذِينَ آمَنُوا فَيَعْلَمُونَ أَنَّهُ الْحَقُّ مِنْ رَبِّهِمْ ۖ وَأَمَّا الَّذِينَ كَفَرُوا فَيَقُولُونَ مَاذَا أَرَادَ اللَّهُ بِهَٰذَا مَثَلًا ۘ يُضِلُّ بِهِ كَثِيرًا وَيَهْدِي بِهِ كَثِيرًا ۚ وَمَا يُضِلُّ بِهِ إِلَّا الْفَاسِقِينَ

    Heç şübhəsiz ki, Allah ağcaqanadı və ondan da kiçik olanı məsəl çəkməkdən utanmaz. İman gətirənlər bilirlər ki, bu, onların Rəbbindən (gələn) haqdır. Küfr edənlər isə deyirlər: «Bu məsəllə Allah nə (demək) istəyir?» Halbuki (Allah) bununla bir çoxlarını sapdırır, bir çoxlarını da haqq yoluna yönəldir. O, bununla məhz fasiqləri sapdırır.

    2:26
  7. الَّذِينَ يَنْقُضُونَ عَهْدَ اللَّهِ مِنْ بَعْدِ مِيثَاقِهِ وَيَقْطَعُونَ مَا أَمَرَ اللَّهُ بِهِ أَنْ يُوصَلَ وَيُفْسِدُونَ فِي الْأَرْضِ ۚ أُولَٰئِكَ هُمُ الْخَاسِرُونَ

    O kəsləri ki, Allahla əhd-peyman bağladıqdan sonra onu pozur, Allahın birləşdirilməsini əmr etdiyini kəsir və yer üzündə fitnə-fəsad törədirlər. Məhz onlar ziyana uğrayanlardır!

    2:27
  8. كَيْفَ تَكْفُرُونَ بِاللَّهِ وَكُنْتُمْ أَمْوَاتًا فَأَحْيَاكُمْ ۖ ثُمَّ يُمِيتُكُمْ ثُمَّ يُحْيِيكُمْ ثُمَّ إِلَيْهِ تُرْجَعُونَ

    Allaha necə küfr edirsiniz ki, siz ölü idiniz, O sizi diriltdi?! Sonra O sizi öldürəcək, sonra dirildəcək, sonra da siz Ona qaytarılacaqsınız.

    2:28
  9. هُوَ الَّذِي خَلَقَ لَكُمْ مَا فِي الْأَرْضِ جَمِيعًا ثُمَّ اسْتَوَىٰ إِلَى السَّمَاءِ فَسَوَّاهُنَّ سَبْعَ سَمَاوَاتٍ ۚ وَهُوَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ

    Yer üzündə olanların hamısını sizin üçün xəlq edən, sonra göyə ucalıb onu yeddi qat göy edən Odur. O, hər şeyi bilir.

    2:29
  10. وَإِذْ قَالَ رَبُّكَ لِلْمَلَائِكَةِ إِنِّي جَاعِلٌ فِي الْأَرْضِ خَلِيفَةً ۖ قَالُوا أَتَجْعَلُ فِيهَا مَنْ يُفْسِدُ فِيهَا وَيَسْفِكُ الدِّمَاءَ وَنَحْنُ نُسَبِّحُ بِحَمْدِكَ وَنُقَدِّسُ لَكَ ۖ قَالَ إِنِّي أَعْلَمُ مَا لَا تَعْلَمُونَ

    Rəbbin mələklərə: «Mən yer üzündə bir xəlifə bərqərar edəcəyəm!» – dedikdə, onlar: «Biz Səni həmd-səna ilə təriflədiyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada, fəsad törədib qan tökəcək kəsmi bərqərar edəcəksən?» – dedilər. O buyurdu: «Şübhəsiz ki, Mən sizin bilmədiklərinizi bilirəm!»

    2:30
  11. وَعَلَّمَ آدَمَ الْأَسْمَاءَ كُلَّهَا ثُمَّ عَرَضَهُمْ عَلَى الْمَلَائِكَةِ فَقَالَ أَنْبِئُونِي بِأَسْمَاءِ هَٰؤُلَاءِ إِنْ كُنْتُمْ صَادِقِينَ

    (Allah) Adəmə bütün (şeylərin) adlarını öyrətdi. Sonra onları mələklərə göstərib dedi: «Doğru deyirsinizsə, bunların adlarını Mənə bildirin!»

    2:31
  12. قَالُوا سُبْحَانَكَ لَا عِلْمَ لَنَا إِلَّا مَا عَلَّمْتَنَا ۖ إِنَّكَ أَنْتَ الْعَلِيمُ الْحَكِيمُ

    Onlar dedilər: «Sən pak və müqəddəssən! Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur! Həqiqətən, Sən Bilənsən, Müdriksən!»

    2:32
  13. قَالَ يَا آدَمُ أَنْبِئْهُمْ بِأَسْمَائِهِمْ ۖ فَلَمَّا أَنْبَأَهُمْ بِأَسْمَائِهِمْ قَالَ أَلَمْ أَقُلْ لَكُمْ إِنِّي أَعْلَمُ غَيْبَ السَّمَاوَاتِ وَالْأَرْضِ وَأَعْلَمُ مَا تُبْدُونَ وَمَا كُنْتُمْ تَكْتُمُونَ

    (Allah) buyurdu: «Ey Adəm, bunların adlarını onlara bildir!» O, bunların adlarını onlara bildirdikdə (Allah) buyurdu: «Mən sizə demədimmi ki, göylərdə və yerdə olan qeybi, aşkara çıxartdığınızı və gizli saxladığınızı bilirəm?!»

    2:33
  14. وَإِذْ قُلْنَا لِلْمَلَائِكَةِ اسْجُدُوا لِآدَمَ فَسَجَدُوا إِلَّا إِبْلِيسَ أَبَىٰ وَاسْتَكْبَرَ وَكَانَ مِنَ الْكَافِرِينَ

    Bir zaman Biz mələklərə: «Adəmə səcdə edin!» – dedikdə, İblisdən başqa (hamısı) səcdə etdi. O imtina edib təkəbbür göstərdi və kafir oldu.

    2:34
  15. وَقُلْنَا يَا آدَمُ اسْكُنْ أَنْتَ وَزَوْجُكَ الْجَنَّةَ وَكُلَا مِنْهَا رَغَدًا حَيْثُ شِئْتُمَا وَلَا تَقْرَبَا هَٰذِهِ الشَّجَرَةَ فَتَكُونَا مِنَ الظَّالِمِينَ

    Biz dedik: «Ey Adəm! Sən zövcənlə birlikdə Cənnətdə sakin ol və orada rahatlıqla nemətlərimizdən istədiyiniz yerdə yeyin (için), təkcə bu ağaca yaxınlaşmayın! Yoxsa zalımlardan olarsınız.»

    2:35
  16. فَأَزَلَّهُمَا الشَّيْطَانُ عَنْهَا فَأَخْرَجَهُمَا مِمَّا كَانَا فِيهِ ۖ وَقُلْنَا اهْبِطُوا بَعْضُكُمْ لِبَعْضٍ عَدُوٌّ ۖ وَلَكُمْ فِي الْأَرْضِ مُسْتَقَرٌّ وَمَتَاعٌ إِلَىٰ حِينٍ

    Şeytan isə o ağacla onları çaşdırıb olduqları yerdən çıxartdı. Biz dedik: «Bir-birinizə düşmən olaraq aşağı enin! Yerdə sizin üçün müəyyən (olunmuş) vaxtadək məskən və gün-güzəran vardır.»

    2:36
  17. فَتَلَقَّىٰ آدَمُ مِنْ رَبِّهِ كَلِمَاتٍ فَتَابَ عَلَيْهِ ۚ إِنَّهُ هُوَ التَّوَّابُ الرَّحِيمُ

    Adəm (tövbə etmək üçün) Rəbbindən kəlmələr öyrəndi, O da onun tövbəsini qəbul etdi. Həqiqətən də, O, tövbələri qəbul edəndir, Rəhmlidir.

    2:37
  18. قُلْنَا اهْبِطُوا مِنْهَا جَمِيعًا ۖ فَإِمَّا يَأْتِيَنَّكُمْ مِنِّي هُدًى فَمَنْ تَبِعَ هُدَايَ فَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ

    Biz dedik: «Hamınız oradan (yerə) enin! Mənim tərəfimdən sizə doğru yol göstəricisi gəldikdə, Mənim yol göstəricimin ardınca gedənlərə heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər.»

    2:38
  19. وَالَّذِينَ كَفَرُوا وَكَذَّبُوا بِآيَاتِنَا أُولَٰئِكَ أَصْحَابُ النَّارِ ۖ هُمْ فِيهَا خَالِدُونَ

    Kafir olub ayələrimizi yalan sayanlar isə Od sakinləridirlər. Onlar orada əbədi qalacaqlar!

    2:39
  20. يَا بَنِي إِسْرَائِيلَ اذْكُرُوا نِعْمَتِيَ الَّتِي أَنْعَمْتُ عَلَيْكُمْ وَأَوْفُوا بِعَهْدِي أُوفِ بِعَهْدِكُمْ وَإِيَّايَ فَارْهَبُونِ

    Ey İsrail oğulları! Sizə bəxş etdiyim nemətimi xatırlayın və Mənə verdiyiniz əhdi yerinə yetirin ki, Mən də sizə verdiyim əhdi yerinə yetirim. Və yalnız Məndən qorxun!

    2:40

Tərcümə: Əlixan Musayev