Surə 2 Əl-Bəqərə (Bəqərə)

  1. وَإِذْ قُلْتُمْ يَا مُوسَىٰ لَنْ نَصْبِرَ عَلَىٰ طَعَامٍ وَاحِدٍ فَادْعُ لَنَا رَبَّكَ يُخْرِجْ لَنَا مِمَّا تُنْبِتُ الْأَرْضُ مِنْ بَقْلِهَا وَقِثَّائِهَا وَفُومِهَا وَعَدَسِهَا وَبَصَلِهَا ۖ قَالَ أَتَسْتَبْدِلُونَ الَّذِي هُوَ أَدْنَىٰ بِالَّذِي هُوَ خَيْرٌ ۚ اهْبِطُوا مِصْرًا فَإِنَّ لَكُمْ مَا سَأَلْتُمْ ۗ وَضُرِبَتْ عَلَيْهِمُ الذِّلَّةُ وَالْمَسْكَنَةُ وَبَاءُوا بِغَضَبٍ مِنَ اللَّهِ ۗ ذَٰلِكَ بِأَنَّهُمْ كَانُوا يَكْفُرُونَ بِآيَاتِ اللَّهِ وَيَقْتُلُونَ النَّبِيِّينَ بِغَيْرِ الْحَقِّ ۗ ذَٰلِكَ بِمَا عَصَوْا وَكَانُوا يَعْتَدُونَ

    Onda siz dediniz: «Ey Musa! Biz eyni cür yeməklərə dözməyəcəyik. Elə buna görə də, bizim üçün Rəbbinə dua et ki, bizə yerin bitirdiklərindən – tərəvəzindən, xiyarından, sarımsağından, mərciməyindən və soğanından çıxartsın!» (Musa) dedi: «Siz xeyirli olan şeylərin daha dəyərsiz şeylərlə əvəz olunmasınımı istəyirsiniz?! Şəhərə enin! Şübhəsiz ki, (orada) sizin üçün istədikləriniz vardır!» Onlara zəlillik və düşgünlük üz verdi, (üstəlik,) onlar Allahın qəzəbinə düçar oldular. Bu (cəza) ona görə idi ki, onlar Allahın ayələrinə küfr edirdilər və peyğəmbərləri haqsız yerə öldürürdülər. Bu (həm də) onların asi olduqlarına və həddi aşdıqlarına görə idi.

    2:61
  2. إِنَّ الَّذِينَ آمَنُوا وَالَّذِينَ هَادُوا وَالنَّصَارَىٰ وَالصَّابِئِينَ مَنْ آمَنَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ وَعَمِلَ صَالِحًا فَلَهُمْ أَجْرُهُمْ عِنْدَ رَبِّهِمْ وَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ

    Şübhəsiz ki, möminlərin, yəhudilərdən, nəsranilərdən və sabiilərdən Allaha və Axirət gününə iman gətirənlərin və yaxşı iş görənlərin mükafatı öz Rəbbi yanındadır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər.

    2:62
  3. وَإِذْ أَخَذْنَا مِيثَاقَكُمْ وَرَفَعْنَا فَوْقَكُمُ الطُّورَ خُذُوا مَا آتَيْنَاكُمْ بِقُوَّةٍ وَاذْكُرُوا مَا فِيهِ لَعَلَّكُمْ تَتَّقُونَ

    Bir zaman sizdən əhd-peyman aldıq, Tur dağını başınız üstünə qaldırdıq (və buyurduq): «Sizə verdiyimizdən möhkəm yapışın və onun içindəkiləri yada salın ki, bəlkə (Allahdan) qorxasınız!»

    2:63
  4. ثُمَّ تَوَلَّيْتُمْ مِنْ بَعْدِ ذَٰلِكَ ۖ فَلَوْلَا فَضْلُ اللَّهِ عَلَيْكُمْ وَرَحْمَتُهُ لَكُنْتُمْ مِنَ الْخَاسِرِينَ

    Sonra bunun ardınca siz (yenə) üz döndərdiniz. Əgər sizə Allahın lütfü və rəhmi olmasaydı, əlbəttə, ziyana uğrayanlardan olardınız.

    2:64
  5. وَلَقَدْ عَلِمْتُمُ الَّذِينَ اعْتَدَوْا مِنْكُمْ فِي السَّبْتِ فَقُلْنَا لَهُمْ كُونُوا قِرَدَةً خَاسِئِينَ

    Siz artıq içərinizdən şənbə günü həddi aşanları tanıyırsınız. Biz də onlara: «Mənfur meymunlar olun!» – dedik.

    2:65
  6. فَجَعَلْنَاهَا نَكَالًا لِمَا بَيْنَ يَدَيْهَا وَمَا خَلْفَهَا وَمَوْعِظَةً لِلْمُتَّقِينَ

    Biz bunu onlarla (bir dövrdə) olanlar və onlardan sonra gələnlər üçün ibrət, müttəqilər üçün isə öyüd-nəsihət etdik.

    2:66
  7. وَإِذْ قَالَ مُوسَىٰ لِقَوْمِهِ إِنَّ اللَّهَ يَأْمُرُكُمْ أَنْ تَذْبَحُوا بَقَرَةً ۖ قَالُوا أَتَتَّخِذُنَا هُزُوًا ۖ قَالَ أَعُوذُ بِاللَّهِ أَنْ أَكُونَ مِنَ الْجَاهِلِينَ

    Bir zaman Musa öz qövmünə dedi: «Allah sizə bir inək kəsmənizi əmr edir!» Onlar: «Sən bizi ələ salırsan?!» – dedilər. (Musa): «Cahillərdən olmaqdan Allaha sığınıram!» – dedi.

    2:67
  8. قَالُوا ادْعُ لَنَا رَبَّكَ يُبَيِّنْ لَنَا مَا هِيَ ۚ قَالَ إِنَّهُ يَقُولُ إِنَّهَا بَقَرَةٌ لَا فَارِضٌ وَلَا بِكْرٌ عَوَانٌ بَيْنَ ذَٰلِكَ ۖ فَافْعَلُوا مَا تُؤْمَرُونَ

    Onlar dedilər: «Bizim üçün Rəbbinə dua et ki, onun nə cür (inək) olduğunu bizə bildirsin!» (Musa) dedi: «(Allah) buyurur ki, o, nə çox qoca, nə də çox cavan, bunların ikisinin arasında olan orta yaşlı bir inəkdir. Sizə nə əmr edilirsə, (onu) yerinə yetirin!»

    2:68
  9. قَالُوا ادْعُ لَنَا رَبَّكَ يُبَيِّنْ لَنَا مَا لَوْنُهَا ۚ قَالَ إِنَّهُ يَقُولُ إِنَّهَا بَقَرَةٌ صَفْرَاءُ فَاقِعٌ لَوْنُهَا تَسُرُّ النَّاظِرِينَ

    Onlar dedilər: «Bizim üçün Rəbbinə dua et ki, onun rəngini də bizə bildirsin!» (Musa) dedi: «(Allah) buyurur ki, o, sarı rəngli parlaq, həm də baxanların xoşuna gələn bir inəkdir.»

    2:69
  10. قَالُوا ادْعُ لَنَا رَبَّكَ يُبَيِّنْ لَنَا مَا هِيَ إِنَّ الْبَقَرَ تَشَابَهَ عَلَيْنَا وَإِنَّا إِنْ شَاءَ اللَّهُ لَمُهْتَدُونَ

    Onlar dedilər: «Bizim üçün Rəbbinə dua et ki, onun nə cür (inək) olduğunu bizə bildirsin! Çünki (bu) inəklər bizə bənzər görünür. Əgər Allah istəsə, biz düz yola yönələrik.»

    2:70
  11. قَالَ إِنَّهُ يَقُولُ إِنَّهَا بَقَرَةٌ لَا ذَلُولٌ تُثِيرُ الْأَرْضَ وَلَا تَسْقِي الْحَرْثَ مُسَلَّمَةٌ لَا شِيَةَ فِيهَا ۚ قَالُوا الْآنَ جِئْتَ بِالْحَقِّ ۚ فَذَبَحُوهَا وَمَا كَادُوا يَفْعَلُونَ

    (Musa) dedi: «(Allah) buyurur ki, o, nə yer şumlamağa, nə də əkin suvarmağa ram edilmiş, (üstəlik,) sağlam və (heç bir) ləkə-qüsuru olmayan bir inəkdir.» Onlar: «İndi sən əsl həqiqəti bildirdin!» – dedilər və onu kəsdilər. Halbuki az qala (bunu) yerinə yetirməyəcəkdilər.

    2:71
  12. وَإِذْ قَتَلْتُمْ نَفْسًا فَادَّارَأْتُمْ فِيهَا ۖ وَاللَّهُ مُخْرِجٌ مَا كُنْتُمْ تَكْتُمُونَ

    O zaman siz bir nəfəri öldürmüşdünüz və onun (qatili) barəsində mübahisə edirdiniz. Halbuki Allah gizlətdiklərinizi aşkara çıxarandır.

    2:72
  13. فَقُلْنَا اضْرِبُوهُ بِبَعْضِهَا ۚ كَذَٰلِكَ يُحْيِي اللَّهُ الْمَوْتَىٰ وَيُرِيكُمْ آيَاتِهِ لَعَلَّكُمْ تَعْقِلُونَ

    Biz dedik: «(İnəyin) bir parçasını (ölüyə) vurun!» Allah ölüləri bu cür dirildir və Öz ayələrini sizə göstərir ki, bəlkə anlayasınız.

    2:73
  14. ثُمَّ قَسَتْ قُلُوبُكُمْ مِنْ بَعْدِ ذَٰلِكَ فَهِيَ كَالْحِجَارَةِ أَوْ أَشَدُّ قَسْوَةً ۚ وَإِنَّ مِنَ الْحِجَارَةِ لَمَا يَتَفَجَّرُ مِنْهُ الْأَنْهَارُ ۚ وَإِنَّ مِنْهَا لَمَا يَشَّقَّقُ فَيَخْرُجُ مِنْهُ الْمَاءُ ۚ وَإِنَّ مِنْهَا لَمَا يَهْبِطُ مِنْ خَشْيَةِ اللَّهِ ۗ وَمَا اللَّهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ

    Sonra bunun ardınca qəlbləriniz sərtləşib daş kimi, hətta ondan da sərt oldu. Həqiqətən, daşlardan eləsi var ki, içərisindən çaylar qaynayıb çıxar. Onlardan eləsi də var ki, yarılar, içərisindən su çıxar. Eləsi də var ki, Allahın qorxusundan (yuvarlanıb yerə) düşər. Allah sizin etdiklərinizdən qafil deyildir.

    2:74
  15. أَفَتَطْمَعُونَ أَنْ يُؤْمِنُوا لَكُمْ وَقَدْ كَانَ فَرِيقٌ مِنْهُمْ يَسْمَعُونَ كَلَامَ اللَّهِ ثُمَّ يُحَرِّفُونَهُ مِنْ بَعْدِ مَا عَقَلُوهُ وَهُمْ يَعْلَمُونَ

    Siz (yəhudilərin) sizə inanacaqlarınamı ümid edirsiniz? Halbuki onlardan elə bir zümrə var idi ki, Allahın Sözünü eşidib anladıqdan sonra, bilə-bilə onu təhrif edirdilər.

    2:75
  16. وَإِذَا لَقُوا الَّذِينَ آمَنُوا قَالُوا آمَنَّا وَإِذَا خَلَا بَعْضُهُمْ إِلَىٰ بَعْضٍ قَالُوا أَتُحَدِّثُونَهُمْ بِمَا فَتَحَ اللَّهُ عَلَيْكُمْ لِيُحَاجُّوكُمْ بِهِ عِنْدَ رَبِّكُمْ ۚ أَفَلَا تَعْقِلُونَ

    Onlar möminlərlə rastlaşanda: «Biz iman gətirdik!» – deyir, bir-birləri ilə xəlvətdə qalanda isə: «Allahın sizə bildirdiyini onlara danışırsınız ki, Rəbbinizin yanında bunu sizə (qarşı) dəlil gətirsinlər?! Məgər başa düşmürsünüz?!» – deyirlər.

    2:76
  17. أَوَلَا يَعْلَمُونَ أَنَّ اللَّهَ يَعْلَمُ مَا يُسِرُّونَ وَمَا يُعْلِنُونَ

    Məgər onlar bilmirlər ki, Allah onların gizli saxladıqlarını və aşkara çıxartdıqlarını bilir?

    2:77
  18. وَمِنْهُمْ أُمِّيُّونَ لَا يَعْلَمُونَ الْكِتَابَ إِلَّا أَمَانِيَّ وَإِنْ هُمْ إِلَّا يَظُنُّونَ

    Onların arasında Kitabı bilməyən elə savadsızlar vardır ki, onlar ancaq xülyalara (dalar) və ancaq zənnə uyarlar.

    2:78
  19. فَوَيْلٌ لِلَّذِينَ يَكْتُبُونَ الْكِتَابَ بِأَيْدِيهِمْ ثُمَّ يَقُولُونَ هَٰذَا مِنْ عِنْدِ اللَّهِ لِيَشْتَرُوا بِهِ ثَمَنًا قَلِيلًا ۖ فَوَيْلٌ لَهُمْ مِمَّا كَتَبَتْ أَيْدِيهِمْ وَوَيْلٌ لَهُمْ مِمَّا يَكْسِبُونَ

    Vay o şəxslərin halına ki, onlar öz əlləri ilə kitab yazır, sonra da: «Bu, Allah tərəfindəndir!» – deyirlər ki, bunun sayəsində bir az pul əldə etsinlər. Öz əlləri ilə yazdıqlarına görə vay onların halına! Qazandıqları şeyə görə də vay onların halına!

    2:79
  20. وَقَالُوا لَنْ تَمَسَّنَا النَّارُ إِلَّا أَيَّامًا مَعْدُودَةً ۚ قُلْ أَتَّخَذْتُمْ عِنْدَ اللَّهِ عَهْدًا فَلَنْ يُخْلِفَ اللَّهُ عَهْدَهُ ۖ أَمْ تَقُولُونَ عَلَى اللَّهِ مَا لَا تَعْلَمُونَ

    Onlar dedilər: «Od bizə ancaq bir neçə gün toxunacaq!» De: «Məgər siz Allahdan əhd almısınız? (Bilin ki,) Allah verdiyi əhdə əsla xilaf çıxmaz! Yoxsa Allaha qarşı bilmədiyinizi danışırsınız?!»

    2:80

Tərcümə: Əlixan Musayev