Surə 2 Əl-Bəqərə (Bəqərə)

  1. وَلَا تَنْكِحُوا الْمُشْرِكَاتِ حَتَّىٰ يُؤْمِنَّ ۚ وَلَأَمَةٌ مُؤْمِنَةٌ خَيْرٌ مِنْ مُشْرِكَةٍ وَلَوْ أَعْجَبَتْكُمْ ۗ وَلَا تُنْكِحُوا الْمُشْرِكِينَ حَتَّىٰ يُؤْمِنُوا ۚ وَلَعَبْدٌ مُؤْمِنٌ خَيْرٌ مِنْ مُشْرِكٍ وَلَوْ أَعْجَبَكُمْ ۗ أُولَٰئِكَ يَدْعُونَ إِلَى النَّارِ ۖ وَاللَّهُ يَدْعُو إِلَى الْجَنَّةِ وَالْمَغْفِرَةِ بِإِذْنِهِ ۖ وَيُبَيِّنُ آيَاتِهِ لِلنَّاسِ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ

    Müşrik qadınlar iman gətirməyincə onlarla evlənməyin. Əlbəttə, iman gətirmiş bir kəniz, sizi heyran edən müşrik bir qadından daha xeyirlidir. Müşrik kişilər iman gətirməyincə (mömin qadınları) onlara ərə verməyin. Əlbəttə, iman gətirmiş bir kölə, sizi heyran edən müşrik bir kişidən daha xeyirlidir. Onlar Oda çağırırlar. Allah isə Öz izni ilə Cənnətə və bağışlanmağa çağırır. O, Öz ayələrini insanlara bəyan edir ki, bəlkə, düşünüb ibrət alsınlar.

    2:221
  2. وَيَسْأَلُونَكَ عَنِ الْمَحِيضِ ۖ قُلْ هُوَ أَذًى فَاعْتَزِلُوا النِّسَاءَ فِي الْمَحِيضِ ۖ وَلَا تَقْرَبُوهُنَّ حَتَّىٰ يَطْهُرْنَ ۖ فَإِذَا تَطَهَّرْنَ فَأْتُوهُنَّ مِنْ حَيْثُ أَمَرَكُمُ اللَّهُ ۚ إِنَّ اللَّهَ يُحِبُّ التَّوَّابِينَ وَيُحِبُّ الْمُتَطَهِّرِينَ

    Səndən heyz barəsində soruşurlar. De: «Bu, əziyyətverici bir haldır. Heyz vaxtı qadınlarla (cinsi əlaqəyə girməkdən) çəkinin və (heyzdən) təmizlənməyincə onlarla yaxınlıq etməyin. Təmizləndikdən (sonra) isə Allahın sizə buyurduğu yerdən onlara yaxınlaşın!» Şübhəsiz ki, Allah tövbə edənləri də sevir, pak olanları da.

    2:222
  3. نِسَاؤُكُمْ حَرْثٌ لَكُمْ فَأْتُوا حَرْثَكُمْ أَنَّىٰ شِئْتُمْ ۖ وَقَدِّمُوا لِأَنْفُسِكُمْ ۚ وَاتَّقُوا اللَّهَ وَاعْلَمُوا أَنَّكُمْ مُلَاقُوهُ ۗ وَبَشِّرِ الْمُؤْمِنِينَ

    Qadınlarınız sizin tarlanızdır. Tarlanıza nə təhər istəyirsinizsə, yaxınlaşın. Özünüz üçün qabaqcadan (yaxşı işlər) hazırlayın. Allahdan qorxun və bilin ki, siz Onunla qarşılaşacaqsınız. Möminləri müjdələ.

    2:223
  4. وَلَا تَجْعَلُوا اللَّهَ عُرْضَةً لِأَيْمَانِكُمْ أَنْ تَبَرُّوا وَتَتَّقُوا وَتُصْلِحُوا بَيْنَ النَّاسِ ۗ وَاللَّهُ سَمِيعٌ عَلِيمٌ

    Andlarınızdan dolayı Allahın (adını,) yaxşılıq etmənizə, pis işdən çəkinmənizə və insanlar arasında sülh yaratmanıza dair bir maneəyə çevirməyin. Allah (hər şeyi) eşidəndir, (hər şeyi) biləndir!

    2:224
  5. لَا يُؤَاخِذُكُمُ اللَّهُ بِاللَّغْوِ فِي أَيْمَانِكُمْ وَلَٰكِنْ يُؤَاخِذُكُمْ بِمَا كَسَبَتْ قُلُوبُكُمْ ۗ وَاللَّهُ غَفُورٌ حَلِيمٌ

    Allah sizi qərəzsiz içdiyiniz andlara görə cəzalandırmaz, lakin O, sizi qəlbinizin qərəzinə – (qəsdən içdiyiniz andlara) görə cəzalandıracaqdır. Allah çox bağışlayandır, həlimdir.

    2:225
  6. لِلَّذِينَ يُؤْلُونَ مِنْ نِسَائِهِمْ تَرَبُّصُ أَرْبَعَةِ أَشْهُرٍ ۖ فَإِنْ فَاءُوا فَإِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ

    Qadınları ilə yaxınlıq etməməyi and içənlər üçün gözləmə müddəti dörd aydır. Əgər (bu müddət içində) (qadınlarına) dönsələr, şübhəsiz ki, Allah çox bağışlayandır, rəhmlidir.

    2:226
  7. وَإِنْ عَزَمُوا الطَّلَاقَ فَإِنَّ اللَّهَ سَمِيعٌ عَلِيمٌ

    Əgər onlar boşanmağa qərar versələr, şübhəsiz ki, Allah (hər şeyi) eşidəndir, (hər şeyi) biləndir!

    2:227
  8. وَالْمُطَلَّقَاتُ يَتَرَبَّصْنَ بِأَنْفُسِهِنَّ ثَلَاثَةَ قُرُوءٍ ۚ وَلَا يَحِلُّ لَهُنَّ أَنْ يَكْتُمْنَ مَا خَلَقَ اللَّهُ فِي أَرْحَامِهِنَّ إِنْ كُنَّ يُؤْمِنَّ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ ۚ وَبُعُولَتُهُنَّ أَحَقُّ بِرَدِّهِنَّ فِي ذَٰلِكَ إِنْ أَرَادُوا إِصْلَاحًا ۚ وَلَهُنَّ مِثْلُ الَّذِي عَلَيْهِنَّ بِالْمَعْرُوفِ ۚ وَلِلرِّجَالِ عَلَيْهِنَّ دَرَجَةٌ ۗ وَاللَّهُ عَزِيزٌ حَكِيمٌ

    Boşanmış qadınlar üç heyz görüncəyə (və ya üç kərə təmizlənincəyə qədər) gözləməlidirlər. Əgər Allaha və Axirət gününə iman gətirmişlərsə, Allahın onların bətnində yaratdığını gizlətmək onlara halal olmaz. Əgər bu (müddət ərzində) onların ərləri barışmaq istəsələr, onları qaytarmağa daha çox haqlıdırlar. (Kişilərin) qadınlar üzərində (şəriətə) müvafiq haqları olduğu kimi, onların da (kişilər üzərində) haqları vardır. Kişilərin onlar üzərində olan haqları isə bir dərəcə üstündür. Allah qüdrətlidir, hikmət sahibidir.

    2:228
  9. الطَّلَاقُ مَرَّتَانِ ۖ فَإِمْسَاكٌ بِمَعْرُوفٍ أَوْ تَسْرِيحٌ بِإِحْسَانٍ ۗ وَلَا يَحِلُّ لَكُمْ أَنْ تَأْخُذُوا مِمَّا آتَيْتُمُوهُنَّ شَيْئًا إِلَّا أَنْ يَخَافَا أَلَّا يُقِيمَا حُدُودَ اللَّهِ ۖ فَإِنْ خِفْتُمْ أَلَّا يُقِيمَا حُدُودَ اللَّهِ فَلَا جُنَاحَ عَلَيْهِمَا فِيمَا افْتَدَتْ بِهِ ۗ تِلْكَ حُدُودُ اللَّهِ فَلَا تَعْتَدُوهَا ۚ وَمَنْ يَتَعَدَّ حُدُودَ اللَّهِ فَأُولَٰئِكَ هُمُ الظَّالِمُونَ

    Boşama iki dəfədir. Bundan sonra (qadını şəriətə) müvafiq qayda üzrə saxlamaq, yaxud xoşluqla buraxmaq gərəkdir. Onlara verdiklərinizdən bir şey götürmək sizə halal olmaz. Yalnız hər ikisinin Allahın (qoyduğu) hüdudları yerinə yetirməyəcəklərindən qorxması istisnadır. Əgər siz onların Allahın (qoyduğu) hüdudları yerinə yetirməyəcəklərindən qorxsanız, qadının (boşanmaq üçün) bir şey əvəz verməsində ikisinə də heç bir günah yoxdur. Bunlar Allahın (qoyduğu) hüdudlardır, onları aşmayın! Allahın (qoyduğu) hüdudları aşanlar – məhz onlar zalımlardır.

    2:229
  10. فَإِنْ طَلَّقَهَا فَلَا تَحِلُّ لَهُ مِنْ بَعْدُ حَتَّىٰ تَنْكِحَ زَوْجًا غَيْرَهُ ۗ فَإِنْ طَلَّقَهَا فَلَا جُنَاحَ عَلَيْهِمَا أَنْ يَتَرَاجَعَا إِنْ ظَنَّا أَنْ يُقِيمَا حُدُودَ اللَّهِ ۗ وَتِلْكَ حُدُودُ اللَّهِ يُبَيِّنُهَا لِقَوْمٍ يَعْلَمُونَ

    Əgər onu (üçüncü dəfə) boşayarsa, bundan sonra o (qadın) başqa bir kişiyə ərə getməyincə (əvvəlki ərinə) halal olmaz. Əgər (sonrakı əri) onu boşasa, Allahın (qoyduğu) hüdudları yerinə yetirəcəklərini güman etdikləri təqdirdə, (qadının birinci əri ilə) (yenidən) nikaha girməsində, ikisinə də heç bir günah yoxdur. Bunlar Allahın (qoyduğu) hüdudlardır, onları anlayan adamlara bəyan edir.

    2:230
  11. وَإِذَا طَلَّقْتُمُ النِّسَاءَ فَبَلَغْنَ أَجَلَهُنَّ فَأَمْسِكُوهُنَّ بِمَعْرُوفٍ أَوْ سَرِّحُوهُنَّ بِمَعْرُوفٍ ۚ وَلَا تُمْسِكُوهُنَّ ضِرَارًا لِتَعْتَدُوا ۚ وَمَنْ يَفْعَلْ ذَٰلِكَ فَقَدْ ظَلَمَ نَفْسَهُ ۚ وَلَا تَتَّخِذُوا آيَاتِ اللَّهِ هُزُوًا ۚ وَاذْكُرُوا نِعْمَتَ اللَّهِ عَلَيْكُمْ وَمَا أَنْزَلَ عَلَيْكُمْ مِنَ الْكِتَابِ وَالْحِكْمَةِ يَعِظُكُمْ بِهِ ۚ وَاتَّقُوا اللَّهَ وَاعْلَمُوا أَنَّ اللَّهَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ

    Qadınlarınızı boşadığınız və onların gözləmə müddəti sona yetişdiyi zaman onları ya (şəriətə) müvafiq qayda üzrə saxlayın, ya da müvafiq qayda üzrə buraxın. Zərər vermək üçün haqsızlıq edib onları saxlamayın. Kim bunu etsə, ancaq özünə zülm etmiş olar. Allahın ayələrini məsxərəyə qoymayın. Allahın sizə olan nemətlərini, öyüd-nəsihət vermək üçün nazil etdiyi Kitab və hikməti yadınıza salın. Allahdan qorxun və bilin ki, Allah hər şeyi bilir.

    2:231
  12. وَإِذَا طَلَّقْتُمُ النِّسَاءَ فَبَلَغْنَ أَجَلَهُنَّ فَلَا تَعْضُلُوهُنَّ أَنْ يَنْكِحْنَ أَزْوَاجَهُنَّ إِذَا تَرَاضَوْا بَيْنَهُمْ بِالْمَعْرُوفِ ۗ ذَٰلِكَ يُوعَظُ بِهِ مَنْ كَانَ مِنْكُمْ يُؤْمِنُ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ ۗ ذَٰلِكُمْ أَزْكَىٰ لَكُمْ وَأَطْهَرُ ۗ وَاللَّهُ يَعْلَمُ وَأَنْتُمْ لَا تَعْلَمُونَ

    Qadınlarınızı boşadığınız və onların gözləmə müddəti başa çatdığı zaman (keçmiş ərləri ilə) öz aralarında xoşluqla razılığa gəldikləri təqdirdə, o qadınlara yenidən əvvəlki ərlərinə ərə getməyə mane olmayın. Bu, sizlərdən Allaha və Axirət gününə iman gətirənlərə verilən bir öyüd-nəsihətdir. Bu, sizin üçün daha yaxşı və daha pakdır. Allah bilir, siz isə bilmirsiniz.

    2:232
  13. وَالْوَالِدَاتُ يُرْضِعْنَ أَوْلَادَهُنَّ حَوْلَيْنِ كَامِلَيْنِ ۖ لِمَنْ أَرَادَ أَنْ يُتِمَّ الرَّضَاعَةَ ۚ وَعَلَى الْمَوْلُودِ لَهُ رِزْقُهُنَّ وَكِسْوَتُهُنَّ بِالْمَعْرُوفِ ۚ لَا تُكَلَّفُ نَفْسٌ إِلَّا وُسْعَهَا ۚ لَا تُضَارَّ وَالِدَةٌ بِوَلَدِهَا وَلَا مَوْلُودٌ لَهُ بِوَلَدِهِ ۚ وَعَلَى الْوَارِثِ مِثْلُ ذَٰلِكَ ۗ فَإِنْ أَرَادَا فِصَالًا عَنْ تَرَاضٍ مِنْهُمَا وَتَشَاوُرٍ فَلَا جُنَاحَ عَلَيْهِمَا ۗ وَإِنْ أَرَدْتُمْ أَنْ تَسْتَرْضِعُوا أَوْلَادَكُمْ فَلَا جُنَاحَ عَلَيْكُمْ إِذَا سَلَّمْتُمْ مَا آتَيْتُمْ بِالْمَعْرُوفِ ۗ وَاتَّقُوا اللَّهَ وَاعْلَمُوا أَنَّ اللَّهَ بِمَا تَعْمَلُونَ بَصِيرٌ

    Analar öz övladlarını tam iki il əmizdirsinlər. (Bu,) əmizdirməni tamamlamaq istəyənlər üçündür. Anaların yeməyi və geyimi (şəriətə) müvafiq qaydada uşağın atasının üzərinə düşür. Heç kəs qüvvəsi çatdığından artıq yüklənməz. Nə bir ana, nə də bir ata öz övladına görə zərər çəkməməlidir. (Atanın üzərinə düşən bu vəzifə) eynilə varisin üzərinə düşür. Əgər (ata və ana) özlərinin razılığı və məsləhəti ilə (uşağı) süddən kəsmək istəsələr, ikisinə də heç bir günah olmaz. Əgər siz uşaqlarınızı (süd anasına) əmizdirmək istəyirsinizsə və (süd haqqını) müvafiq qayda üzrə ödəsəniz, sizə heç bir günah olmaz. Allahdan qorxun və bilin ki, Allah sizin nə etdiklərinizi görür.

    2:233
  14. وَالَّذِينَ يُتَوَفَّوْنَ مِنْكُمْ وَيَذَرُونَ أَزْوَاجًا يَتَرَبَّصْنَ بِأَنْفُسِهِنَّ أَرْبَعَةَ أَشْهُرٍ وَعَشْرًا ۖ فَإِذَا بَلَغْنَ أَجَلَهُنَّ فَلَا جُنَاحَ عَلَيْكُمْ فِيمَا فَعَلْنَ فِي أَنْفُسِهِنَّ بِالْمَعْرُوفِ ۗ وَاللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ

    Sizlərdən ölənlərin qoyub getdiyi zövcələr dörd ay on gün gözləməlidirlər. Onların gözləmə müddəti bitdikdə özləri barədə (şəriətə) müvafiq qayda üzrə etdikləri işə görə sizə günah olmaz. Allah nə etdiklərinizdən xəbərdardır.

    2:234
  15. وَلَا جُنَاحَ عَلَيْكُمْ فِيمَا عَرَّضْتُمْ بِهِ مِنْ خِطْبَةِ النِّسَاءِ أَوْ أَكْنَنْتُمْ فِي أَنْفُسِكُمْ ۚ عَلِمَ اللَّهُ أَنَّكُمْ سَتَذْكُرُونَهُنَّ وَلَٰكِنْ لَا تُوَاعِدُوهُنَّ سِرًّا إِلَّا أَنْ تَقُولُوا قَوْلًا مَعْرُوفًا ۚ وَلَا تَعْزِمُوا عُقْدَةَ النِّكَاحِ حَتَّىٰ يَبْلُغَ الْكِتَابُ أَجَلَهُ ۚ وَاعْلَمُوا أَنَّ اللَّهَ يَعْلَمُ مَا فِي أَنْفُسِكُمْ فَاحْذَرُوهُ ۚ وَاعْلَمُوا أَنَّ اللَّهَ غَفُورٌ حَلِيمٌ

    Qadınlara elçi göndərmək istəyinizi üstüörtülü bildirməkdə və ya ürəyinizdə gizlətməkdə sizə heç bir günah yoxdur. Allah bilir ki, siz onları xatırlayacaqsınız. Lakin onlarla gizlicə sözləşməyin, onlara yalnız (şəriətə) müvafiq qayda üzrə söz deyin. Gözləmə vaxtı başa çatanadək nikah bağlamayın. Bilin ki, Allah sizin könlünüzdəkiləri bilir. Elə isə Ondan qorxun! Bilin ki, Allah çox bağışlayandır, rəhmlidir!

    2:235
  16. لَا جُنَاحَ عَلَيْكُمْ إِنْ طَلَّقْتُمُ النِّسَاءَ مَا لَمْ تَمَسُّوهُنَّ أَوْ تَفْرِضُوا لَهُنَّ فَرِيضَةً ۚ وَمَتِّعُوهُنَّ عَلَى الْمُوسِعِ قَدَرُهُ وَعَلَى الْمُقْتِرِ قَدَرُهُ مَتَاعًا بِالْمَعْرُوفِ ۖ حَقًّا عَلَى الْمُحْسِنِينَ

    Yaxınlıq etmədiyiniz və mehrini təyin etmədiyiniz qadınları boşasanız, sizə heç bir günah gəlməz. Onlara pay verin – varlı öz imkanına görə, kasıb da öz imkanına görə, (şəriətə) müvafiq qayda üzrə (pay versin). (Bu,) yaxşılıq edənlər üçün bir borcdur.

    2:236
  17. وَإِنْ طَلَّقْتُمُوهُنَّ مِنْ قَبْلِ أَنْ تَمَسُّوهُنَّ وَقَدْ فَرَضْتُمْ لَهُنَّ فَرِيضَةً فَنِصْفُ مَا فَرَضْتُمْ إِلَّا أَنْ يَعْفُونَ أَوْ يَعْفُوَ الَّذِي بِيَدِهِ عُقْدَةُ النِّكَاحِ ۚ وَأَنْ تَعْفُوا أَقْرَبُ لِلتَّقْوَىٰ ۚ وَلَا تَنْسَوُا الْفَضْلَ بَيْنَكُمْ ۚ إِنَّ اللَّهَ بِمَا تَعْمَلُونَ بَصِيرٌ

    Qadınlar üçün mehr təyin etdikdən sonra, yaxınlıq etməzdən əvvəl onları boşasanız, təyin etdiyinizin yarısını (onlara) verməlisiniz. Qadınların (bunu) (ərlərinə) bağışlaması və ya əlində nikah müqaviləsi olanın bunu (qadına) bağışlaması isə istisnadır. Sizin bağışlamanız təqvaya daha yaxındır. Bir-birinizə güzəşt etməyi unutmayın. Allah sizin nə etdiklərinizi görür.

    2:237
  18. حَافِظُوا عَلَى الصَّلَوَاتِ وَالصَّلَاةِ الْوُسْطَىٰ وَقُومُوا لِلَّهِ قَانِتِينَ

    Namazları, (xüsisilə) orta namazı qoruyun və Allah qarşısında mütiliklə durun.

    2:238
  19. فَإِنْ خِفْتُمْ فَرِجَالًا أَوْ رُكْبَانًا ۖ فَإِذَا أَمِنْتُمْ فَاذْكُرُوا اللَّهَ كَمَا عَلَّمَكُمْ مَا لَمْ تَكُونُوا تَعْلَمُونَ

    Əgər (nədənsə) qorxsanız, (namazınızı) ayaq üstə və ya minik üzərində (qılın). Təhlükə sovuşduqda isə Allahı, sizə bilmədiklərinizi necə öyrədibsə, o cür yad edin!

    2:239
  20. وَالَّذِينَ يُتَوَفَّوْنَ مِنْكُمْ وَيَذَرُونَ أَزْوَاجًا وَصِيَّةً لِأَزْوَاجِهِمْ مَتَاعًا إِلَى الْحَوْلِ غَيْرَ إِخْرَاجٍ ۚ فَإِنْ خَرَجْنَ فَلَا جُنَاحَ عَلَيْكُمْ فِي مَا فَعَلْنَ فِي أَنْفُسِهِنَّ مِنْ مَعْرُوفٍ ۗ وَاللَّهُ عَزِيزٌ حَكِيمٌ

    Sizlərdən ölüb (özündən sonra) zövcələr qoyub gedən kəslər (sağlığında ikən,) zövcələrinə bir ilin tamamınadək (evlərindən) çıxarılmamaq şərtilə baxılmasını vəsiyyət etməlidirlər. Əgər o qadınlar (öz istəkləri ilə) çıxıb getsələr, özləri barədə (şəriətə) müvafiq qayda üzrə etdikləri işə görə sizə günah olmaz. Allah qüdrətlidir, hikmət sahibidir.

    2:240

Tərcümə: Əlixan Musayev